Dağıstan Xalq Məclisinin sədri Azərbaycana GƏLDİ

Hazırda oxunan: Dağıstan Xalq Məclisinin sədri Azərbaycana GƏLDİ

226621

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Sahibə Qafarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. 

O, qarışlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdıraraq, Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan sıx əlaqələr barədə məlumat verib. 
 

Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. O, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da güclənməsi, xalq diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. 


Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin vacibliyi qeyd edilib. 

Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporunun olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb. 

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin