İranla bağlı QORXUNC XƏBƏRDARLIQ – “Tehran nüvə silahı əldə edərsə...”

Hazırda oxunan: İranla bağlı QORXUNC XƏBƏRDARLIQ – “Tehran nüvə silahı əldə edərsə...”

226593

İranın uranı zənginləşdirməsi fonunda nüvə silahı əldə etmək imkanları yenidən gündəmə gəlib. Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan mövqeləri zəifləyən İranın nüvə silahı əldə etməyə çalışacağını istisna etməyib:

“İran və Çinə gəlincə, fikrimcə, burada nəinki çəkindirmə və qarşıdurma, həm də diplomatiya baxımından imkanlar var”.

Sallivan əlavə edib ki, İranın timsalında o, yeni nüvə sazişi üzrə razılığa gəlmək üçün real fürsət görür:

“Bu, maraqlı olardı, çünki sonuncu nüvə sazişindən çıxan şəxs yeni seçilmiş prezident Donald Tramp idi, lakin İranın düşdüyü vəziyyəti nəzərə alaraq, bəlkə bu dəfə o, bunu təşkil edə bilər. Hazırda İran zəifləyib və bu, onu ciddi şəkildə nüvə bombası hazırlamağa vadar edə bilər”.

Görəsən, Yaxın Şərqdə mövqeləri zəifləyən İran xarici təhdidlərdən qorunmaq üçün nüvə silahı əldə etməyə cəhd edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov İranla bağlı ən arzuolunmaz ssenarilərin gerçəkləşə biləcəyini istisna etmir:

“İranla müharibə başlayarsa, o heç də asan olmayacaq. Tehran da bu vəziyyətdə nüvə silahına sahib olmağa cəhd edəcək. İranın buna potensialı və cəbhəxanası var. Onun istifadəsi isə o deməkdir ki, ətrafda, qonşu ölkələrdə böyük dağıntılar olacaq. Hələlik sujet xətti gərginlik dərəcəsinin artdığını göstərir və kulminasiya qarşıdadır”.

Həmsöhbətimiz qeyd edir ki, müharibələrin hazırlanması, proqramlaşdırılması, onlarla bağlı verilən qərarlar ehtimallar üzərində qurulmur:

“Adətən bu proseslərdə kəşfiyyat məlumatları həlledici rol oynayır. Salivanın İranla bağlı açıqlaması da ictimai fikri hazırlamağa hesablanıb. Ümumiyyətlə Yaxın Şərq müharibəsi planı Qərbdə çoxdan hazırlanıb. Onun da birinci mərhələsinə Qəzza bölgəsində başladılar. Suriya ikinci mərhələdir. Qarşıdan isə üçüncü mərhələ gəlir.

Qərb İranı təkləyib tərksilah etməyə və parçalamağa çalışır.

Suriya hadisələri göstərdi ki, yeni müharibənin konturları artıq bəlli olur. Yaxın Şərqi daha böyük fəlakət gözləyir. Hətta onun ardınca qlobal müharibənin meydana çıxması da istisna deyil. Söhbət heç də nüvə silahının istifadəsindən getmir. Qərbin özünün də çəkinəcəyi məqamlar var. İranın da potensialı var. O, İraqda mövqelərini saxlamaqdadır. “Hizbullah” zəifləsə də, silahı hələ yerə qoymayıb. HƏMAS da hələ təslim olmayıb. Suriya əhvalatı böyük çoxaktlı prosesin başlanğıcıdır”.

T.Abbasov düşünür ki, Trampın gəlişi Yaxın Şərq bölgəsinə heç də böyük üstünlüklər vəd etmir:

“ABŞ aparıcı qüvvə kimi çalışacaq ki, proseslər özünün ssenarisi üzrə inkişaf etsin. Ancaq Trampın gəlişi bölgəyə heç də böyük üstünlüklər vəd etmir. O, sistemdənkənar siyasətçidir. Amerikanın siyasi elitası və xarici qüvvələr qeyri-populyar işlərin görülməsini Trampın idarəçiliyi dövrünə salmağa çalışacaqlar ki, onu ağır vəziyyətə məğlub etsinlər. Bu mənada bölgədə Böyük Britaniyanın şansları daha üstündür. Londonun Yaxın Şərq ölkələri, o cümlədən Türkiyə ilə münasibətləri yüksələn xətt üzrə inkişaf edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin