Ukrayna bölünmə təhlükəsi ilə ÜZ-ÜZƏ – “Bu ərazilər Rusiyanın nəzarətində qalacaq”

Hazırda oxunan: Ukrayna bölünmə təhlükəsi ilə ÜZ-ÜZƏ – “Bu ərazilər Rusiyanın nəzarətində qalacaq”

224448

Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi və onun Ukrayna ilə bağlı verdiyi mesajlar fonunda artıq buradakı müharibəyə son qoymağın bəzi ssenariləri də gündəmə gətirilir. 

İtaliyanın nüfuzlu Il Fatto Quotidiano qəzetinin yazdığına görə, Ukraynada müharibəyə son qoymaq üçün mövcud ssenarilər ölkənin bu və ya digər şəkildə bölünməsini nəzərdə tutur.

Məlumata görə, Ukraynada müharibənin başa çatdırılması üçün üç əsas variant üzrə müzakirələr gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp: Zelenski Rusiya ilə sülhə hazırdır


Nəşrin yazdığına görə, Zelenskiyə ən yaxın olan birinci variant “alman modeli”ni, yəni ölkənin iki bloka bölünməsini nəzərdə tutur. Ukraynanın işğal olunmamış hissəsi alyansın kollektiv müdafiə haqqında nizamnaməsinin 5-ci maddəsinə əsasən təminat verilməklə NATO-ya qəbul ediləcək. Nəşr qeyd edir ki, həm Kreml, həm də Ağ Ev Soyuq Müharibə dövründə olduğu kimi belə bir bölünməni təhlükəli hesab edir.

İkinci ssenari Ukraynanın “Avropa İsraili”nə, yəni NATO-dan kənar, lakin Qərb hərbi alyansı üzvlərinin silah şəklində dəstəyini alan ölkəyə çevrilməsini nəzərdə tutur. Qəzetin iddiasına görə, bu variant çox bahalı və risklidir. Çünki bu yolla Ukrayna bir çox Avropa dövlətlərini geridə qoymaqla öz hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Ona görə də, bu variant qonşu ölkələr, əsasən də Polşa tərəfindən xoş qarşılanmır.

Üçüncü varianta görə, Ukrayna Çin, Hindistan və Fars körfəzi ölkələri kimi NATO üzvü olmayan dövlətlərin daxil ola biləcəyi bir növ beynəlxalq missiyanın yaradılması ilə yolu ilə bölünəcək. Bu variant ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vizyonuna ən yaxın ssenaridir. Çünki bu variant Vaşinqtonun birbaşa müdaxiləsini nəzərdə tutmur.

Bu fonda maraqlıdır, Ukrayna necə bölünəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, indiki mərhələdə Ukrayna ilə bağlı yekun sülh və ya münaqişənin həlli mümkün deyil:

“Müvəqqəti olaraq vəziyyətin dondurulması isə mümkündür. Bunun hansı şərtlərlə baş verəcəyi isə müzakirə olunur. Ən real şərt tərəflərin atəşkəs rejimini qəbul edib, mövcud mövqelərində dayanması və ardınca da danışıqları davam etdirməsi variantıdır. Təxminən buna bənzər hansısa situasiya mümkündür”.

Həmsöhbətimizin fikrincə, mövcud vəziyyətdə Ukrayna həm etnik, həm də siyasi orientasiya baxımından şərti olaraq 3 yerə bölünür:

“Ölkənin qərb hissəsində yaşayanlar Qərbə daha yaxın olan əhalidən ibarətdir. Mərkəzi hissə qarışıq vəziyyətdədir, Ukraynanın şərq hissəsi isə rusmeyllidir. Hansı ki, burada bir neçə milyon əhali yaşayır. Həmin ərazinin Moskvanın nəzarəti altında qalması mümkün variantdır. Yəni hazırda mövqelər haradan keçirsə, sərhədlər də təxminən həmin istiqamətdə olacaq. Amma onların siyasi gələcəyi məsələsi açıq qalacaq. Bu istiqamətdə danışıqlar olsa da, onun nəticə verəcəyinə ümid yoxdur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin