Suriyada YENİ DÖNƏM – Ölkəni kimlər, necə idarə EDƏCƏK?

Hazırda oxunan: Suriyada YENİ DÖNƏM – Ölkəni kimlər, necə idarə EDƏCƏK?

224415

Müxalifətin 12 günlük yürüşü nəticəsində Bəşər Əsəd rejiminin süquta uğraması ilə Suriyada yeni rəhbərliyin formalaşdırılması istiqamətində müzakirələr aparılır. İndi ölkənin qarşıda duran əsas sual Suriyanı kimlərin və necə idarə edəcəkləri məsələsidir.

Bu fonda ölkənin lideri qismində əsas namizəd kimi Suriya silahlı müxalifətinin lideri Əhməd əl-Şaraa (Culani)nın adı hallanır.
 

MÖVZU İLƏ BAĞLI:

Məhəmməd Colani: "İran Suriyada dini parçalanma və korrupsiya yayıb” - VİDEO


Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb.

Bu barədə koalisiyanın "X" sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.

"Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə keçid hökumətinin formalaşdırılması üzərində işlədiyini təsdiq edir", - deyə qeyd olunub.

Ona “tam icra səlahiyyətləri” veriləcəyi bildirilib.

Amma Suriya kimi ölkəni idarə etmək elə də asan məsələ deyil. Ona görə ki, ölkə hazırda bir neçə yerə parçalanmış vəziyyətdədir. Bundan başqa, hələ başa çatmayan prosesə xarici qüvvələrin müdaxiləsi də istisna edilmir. Nəinki istisna edilmir, bu ən real variantdır. Belə olan halda isə aydın görünür ki, Susiyanı hələ qarşıda daha çətin günlər gözləyir.

“Culanin vədləri boş sözlərdir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, müxalifət lideri Culaninin ölkəni çətin durumdan çıxaracağına inanmır:

“Culani keçmiş cihadçıdır. İfrat islamçı təşkilatın fəallarından biri olub. O, hətta axtarışdadır, onu terrorçu adlandırırlar. Amma indi o, Suriyanın rəhbərliyinə gəlib. Culani bəyan edib ki, fərqli düşüncələri, inancları təqib etməyəcəklər. O, həmçinin Suriyanın bütövlüyünü saxlamaq niyyətində olduğunu da bəyan edib.

Lakin bu boş sözdür. Çünki o, bunu edə bilməyəcək. Amerikanın dəstəyilə Suriyanın şimal-şərqində kürd muxtariyyəti yaradılıb. Hansı ki, onların iddiaları da böyükdür, kürdlərin yaşamadığı ərazilərə də iddia edirlər. Türkiyəyə sıx bağlı türkmən silahlı qüvvələri də var. Onlar da təbii ki, özləri üçün müəyyən imkanlar əldə etməyə çalışacaq”.

Həmsöhbətimizin fikrincə, Suriyanın federal, hətta konfederal ölkəyə çevrilməsi ehtimalı daha böyükdür: 

“Belədə, ölkə yəqin ki, unitar deyil, federal və hətta konfederal ölkəyə çevrilməli olacaq. Bundan başqa, Əsədin getməsinə baxmayaraq, ələvilər də qalır. Əhalinin 12 faizini təşkil edən bu qrup 70 ilə yaxındır ki, ölkəyə hakim olub. Bu mənada Bəşər Əsəd olmasa da belə, ələvilər öz mövqelərini asanlıqla əldən verməyəcəklər.

Odur ki, yeni qüvvələr hansısa ortaq məxrəc axtarmağa məcburdur. Əks halda Suriya bir dövlət kimi parçalanacaq. Təbii ki, Suriyanın gələcək taleyində xarici qüvvələrin də rolu az olmayacaq. ABŞ, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı çalışacaq ki, yaranmış vəziyyətdən istifadə edib, Suriyada özləri üçün hansısa yer əldə etsin. 

Ekspert Suriyanın Qəddafidən sonrakı Liviyaya çevrilə biləcəyini də istisna etmədi:

“Bu ssenari də mümkündür. Ölkə daxilindəki qüvvələr ortaq məxrəcə gəlməsələr, bu da mümkündür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin