Məlum olduğu kimi, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində “Gürcü Arzusu” partiyasının qazandığı qələbədən sonra Qərbyönümlü müxalifət etiraz aksiyalarına start verib. Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın 2028-ci ilə qədər Avropaya inteqrasiyadan imtinası ilə bağlı açıqlamasından sonra vəziyyət daha da gərginləşdi. Bütün bu proseslərdən isə Qərb öz məqsədinə çatmaq üçün istifadə etməyə çalışırdı.
Əvvəlcə seçkiləri fürsətə çevirməyə cəhd etdilər...
Uzun müddətdir ki, Qərbin Gürcüstanla bağlı hədəfi bəlli idi: 2004-cü ildə olduğu kimi, yenidən rəngli inqilab törətmək. Qərb bu arzusunu hələ seçkilərdən öncə açıq şəkildə ifşa etmişdi. Belə ki, Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski iyul ayında bildirmişdi ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq:
“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.
Rəngli inqilab planının ilk mərhələsi 26 oktyabr seçkilərindən sonra işə salındı. Bu mərhələdə Qərb siyasi partiyalar vasitəsilə hakimiyyəti dəyişməyə cəhd etdi. Belə ki, seçkilərdə qərbyönümlü partiyalar vahid cəbhədə birləşərək qələbə üçün mübarizə apardılar. Ancaq gürcü xalqı “Gürcü arzusu”nu seçdi.
Nəticədə, məğlub olan qərbyönümlü partiyalar tərəfdaşlarını küçələrə səsləyərək seçkilərin nəticələrini ləğv etmək üçün aksiyalara başladılar. Lakin onların, daha doğrusu Qərbin bu arzusu ürəyində qaldı. Beləcə, seçki bəhanəsi ilə çevriliş planı iflasa uğradı.
Çevriliş planının II mərhələsi
Kobaxidzenin Avrointeqrasiyanın dondurulması ilə bağlı açıqlamasından sonra Qərb daha böyük qüvvə ilə Gürcüstanın legitim hakimiyyətinə qarşı hücuma keçdi. Bu dəfə müxalifət partiyaları ilə yanaşı, Qərbə bağlı bütün qüvvələrin xidmətindən istifadə olundu. Xüsusilə də, Qərb uzun illərdir maliyyələşdirdiyi QHT-lər və vətəndaş cəmiyyətləri bu istiqamətdə daha çox fəallıq göstərirdilər.
Lakin Qərbin tək “oyuncağı” onlar deyildi. Bu məqsədlə uzun illərdir yetişdirilən və dövlət strukturlarına yerləşdirilmiş agentura şəbəkəsi də işə salındı. Çünki Qərb yekun nəticə qazanmaq üçün bütün gücü ilə hücuma keçməyin son çarə olduğunu anlayırdı.
Agentura şəbəkəsinin işə salınması isə özünü istefalar fonunda büruzə verdi. Ələxüsus da, agentura şəbəkəsinin daha güclü olduğu Xarici İşlər Nazirliyi strukturunda və səfirliklərdə istefalar daha çox müşahidə olunurdu.
Xarici ölkələr də prosesə müdaxilə etdilər
Proses o həddə gəlib çatdı ki, hüquq və azadlıqlardan dəm vuran Qərb ölkələri öz məqsədlərinə çatmaq üçün Gürcüstanın daxili işlərinə də müdaxilə etməyə başladılar. Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer və Aİ-nin səfiri Pavel Qerçinskinin açıq təxribat çağırışları etməsi bunun əyani sübutudur.
Onlarla yanaşı, bir sıra Qərb və qərbyönümlü ölkələr Gürcüstana qarşı açıq sanksiya xəbərdarlıqlarına da başladılar. Xüsusilə də, Baltikyanı ölkələr daha çox cənfaşənlıq edirdilər. İlk olaraq onlar 26 oktaybr seçkilərinin nəticəsini tanımadıqlarını elan etdilər. Bundan əlavə, Litva “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin ölkəyə girişinə də qadağa qoydu.
Bütün planlar iflasa uğradı...
Ayrılan maliyyə resurslarına, siyasi təzyiqlərə, iqtisadi sanksiyalara baxmayaraq, Qərbin Gürcüstanda reallaşdırmaq istədiyi çevriliş planı iflasa uğradı. Artıq küçələrdə hüquq-mühafizə orqanları ilə toqquşmalar səngiyib, etirazçıların sayı isə gün keçdikcə azalır. Yəni Gürcüstanda 2014-cü ildə Ukraynada reallaşdırılan “Maydan hərəkatı”nın eynisini təkrarlamaq ümidləri artıq suya düşüb.
Bu planın iflasa uğramasında isə iki faktor mühüm rol oyandı: “Gürcü Arzu”sunun qətiyyəti və Gürcüstan xalqının müstəqilliyi seçməsi. Kollektiv Qərbin bütün gücü ilə hücuma keçməsinə baxmayaraq “Gürcü Arzusu” sona qədər öz siyasətindən geri addım atmadı. Eynilə də gürcü xalqı Qərbin bütün şirnikləndirici vədlərinə və manipulyasiyalarına qulaq asmayaraq, suverenlik yolunu seçdi. Nəticədə, Qərbin rəngli inqilab planı iflasa uğradı.
Beləcə, 2024-cü ilin payızı Qərbin növbəti məğlubiyyəti və Gürcüstanın qələbəsi kimi tarixə yazıldı...
Bizim.Media-nın Analitik qrupu