Suriyadakı müxalif qüvvələr noyabrın 27-də başladıqları əməliyyat nəticəsində Hələb və İdlib şəhərlərinin ardınca Dəməşqə gedən yolda mühüm əhəmiyyət kəsb edən Hama şəhərini də Əsəd qüvvələrindən təmizləyiblər.
Beləliklə, müxalifətin paytaxt Dəməşqə gedən yolu açılır.
MÖVZU İLƏ BAĞLI:
Suriyada silahlar yenidən “DANIŞMAĞA” BAŞLADI – Hədəfdə Bəşər Əsəddir, yoxsa...
Mövcud vəziyyət heç şübhəsiz Bəşər Əsədin mövqeyinin daha da zəifləməsinə gətirib çıxarır. Bu fonda onun devrilməsi ehtimalı da gündəmə gəlib. Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığından, Moskva hazırda Suriyaya əvvəlki tək diqqət edə bilmir. Digər tərəfdən, İsrailin zərbələrilə “Hizbullah”ın zəifləməsi nəticəsində İranın da Suriyaya təsiri azalır. Belə olan halda isə Əsəd bu illər ərzində onun hakimiyyətdə qalmasında əsas rol oynayan xarici dəstəkdən demək olar ki, məhrum olmaq üzrədir.
Mövcud vəziyyətdə Bəşər Əsədin devrilməsi ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Bəşər Əsəd iqtidardan getmək məcburiyyətindədir və gedəcək:
“İran Suriyadakı prosesi sünni şiə qarşıdurmasına doğru çəkir. Amma onu nə qədər bacaracağını zaman göstərəcək. “Hizbullah”ın sıradan çıxarılması prosesinin pərdəarxası göstərdi ki, bəzən böyük oyunlar kiçik lokal ərazilərdə həlledici əhəmiyyətli olur. “Heyət Təhrir əl-Şam” (HTŞ) dəstəsinin əməliyyatlarının arxasında dayanan Mərkəzi Kəşfiyyat İdarəsi idisə, PKK üçün də bölgədə münbit şərait yaradan Pentaqondur.
Mövcud vəziyyət sanki onların qarşıdurmasına bənzəyən prosesə çevrilir.
Şübhə yoxdur ki, İran və Rusiyanın dəstəklədiyi Əsəd iqtidarının nə qədər zəif olduğunu həm Livan müharibəsi, həm də Moskvanın başının Ukrayna müharibəsinə qarışması fonunda gördük. Hazırda hücum edən Suriya müxalifətinin əməkdaşlığa yönəlik açıqlamaları Rusiya üçün də qarşıdurmanın alternativini nəzərdən keçirməyə çağırış kimi görünür. Amma bütün yanaşmalar göstərir ki, Bəşər Əsəd getmək məcburiyyətindədir və gedəcək”.
Rüfət Sultan, Bizim.Media