Gürcüstanda Baş nazirliyə namizəd İrakli Kobaxidzenin parlamentdə səsləndirdiyi “Ölkədə sülhü qorumaq və ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etmək üçün biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik” fikirlərindən və hakim partiyanın respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarından sonra başlayan etiraz aksiyaları hər gün daha böyük vüsət alıb.
“Yanğına körüklə gedən” Qərb ondan dəstək alan müxalif qüvvələrin bu aksiyalarının səngiməməsi üçün əlindən gələni ardına qoymur.
Maraqlıdır, Qərbin bu canfəşanlığı qonşu ölkədə rəngli inqilabı alovlandırmağa hesablanıb?
Mövzunu Bizim.Media-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, burda əsas məsələ müxalifət və onun arxasında dayanan Qərb İnstitutlarının ölkədəki seçkinin nəticələri ilə barışmamalarıdır:
“İndi onların ən böyük istəkləri odur ki, Gürcüstanda yeni bir qarışıqlıq yaratsınlar. Təsdiq olunmuş nəticələr ləğv edilsin və yeni seçkilər keçirilsin. Yəni faktiki olaraq, onların məğlubiyyətlə razılaşmaması, barışmaması gərginlik yaradıb. Təbii ki, müxtəlif ölkələrdə çoxlu belə hadisələr olub.
Gürcüstana gəldikdə isə Qərb bu ölkədəki institutlar, təsisatlar, qeyri-hökumət təşkilatlarını, gürcülərin kosmopolit qüvvələrini daim dəstəkləyib. Onlara külli miqdarda qrantlar və tranşlar ayırıb. O pullar Gürcüstana Saakaşvili dövründən gəlir və faktiki olaraq böyük bir məbləğə çevrilib.
Hətta bir müddət nazirlər xaricdən gələn maliyyə hesabına maaş alırdılar. Yəni bunlar hamısı siyasi proseslərə qoyulan investisiyalar idi. Bu investisiyaların külli miqdarda olması, əlbəttə, Qərb institutlarının özünü də çətin vəziyyətə saldı. Onlar düşünürlər ki, “bu qədər vəsait xərcləmişik, amma dəstəklədiyimiz insanlar, namizədlər seçkidə uduzdular.
Biz orda Qərb xəttinin güclənməsi əvəzinə onun zəifləməsi ilə üzləşdik. Gürcüstan demək olar ki, Rusiyanın təsiri altına keçir”.
“Qərb gərginliyi artırmağa çalışır”
Politoloq deyib ki, bu səbəbdən Qərbpərəst qüvvələr gərginliyi saxlamaq, vəziyyəti qızışdırmaq kursu götürüblər:
"Bununla da İvanişvilini, indiki hakimiyyəti pis vəziyyətə salmaq, onları təkrar seçki keçirmək üçün yola gətirmək istəyirlər. Gürcüstan hakimiyyəti də deyir ki, seçi bitib, uduzmusunuz, bu məsələyə bir də dönməyəcəyik. Gürcü xalqı öz iradəsini ifadə edib və geriyə dönüşün heç bir mənası yoxdur. Buna görə də müxalifət Gürcüstanda hakimiyyətdə olan qüvvələri rusiyayönlü siyasəti aparmaqda günahlandırır".
“Qərb Gürcüstan xalqının rifahını düşünmür”
Politoloq qeyd edib ki, gürcü siyasətçiləri Qərbyönlü yaxud Rusiyayönlü deyil, Gürcüstan yönlü siyasət yürütməlidir:
"Digər tərəfdən, Gürcüstan Rusiyanın qonşusudur. Rusiyada 1 milyondan artıq gürcü yaşayır, fəaliyyət göstərir. Hətta öz ölkələrinə, qohum-əqrəbalarına 2 milyard civarında vəsait göndərirlər. Xatırlayırsınızsa, Gürcüstanla Rusiya arasında hava xətlərinin bərpa olunması Qərbdə böyük təşviş doğurmuşdu. Az qalırdılar deyələr ki, niyə bunu edirsiniz? Yəni sağlam məfkurədə olan insanlar həmişə yolların, kommunikasiyaların açılmasına can atırlar.
Amma Qərb hava xətləri açılıb deyə matəmə batmışdı. Bu bir daha onu göstərir ki, Qərbdə heç də Gürcüstan xalqının rifahını düşünənlər yoxdur. Onlar çalışırlar sadəcə, Rusiyanı təkləsinlər, onu mənəvi, iqtisadi baxımından qonşularından uzaqlaşdırsınlar. Rusiya üçün yeni problemlər yaratsınlar. Elə Ukrayna ilə olan müharibə də buna görədir.
Başqa sözlə, proseslərin hamısı göz önündədir.
Məsələyə hakim olan insanlar götür-qoy edib anlayırlar ki, Qərbin burdakı siyasəti əslində nədən ibarətdir. Elə Ermənistanla bağlı da həmin yanaşmadır. Qərbdən Ermənistana dəstək verənlər guya erməni xalqını düşünürlər? Qətiyyən. Onlar burda çaxnaşma salmaq istəyirlər ki, problem böyüsün, sülh olmasın, hərc-mərclik, xaos yaransın, sonra da onlar öz hərbi kontingentlərini bölgəyə gətirsinlər”.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:20 / 30.11.2024
Qərbin sonuncu ÜMİDLƏRİ – Gürcüstanda rəngli inqilab planı İFLASA UĞRAYACAQ?
Hazırda oxunan: Qərbin sonuncu ÜMİDLƏRİ – Gürcüstanda rəngli inqilab planı İFLASA UĞRAYACAQ?
Hazırda oxunan: Qərbin sonuncu ÜMİDLƏRİ – Gürcüstanda rəngli inqilab planı İFLASA UĞRAYACAQ?
222965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.