Xəbər verdiyimiz kimi Gürcüstan Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurub. Bu barədə ötən gün Baş nazir İrakli Kobaxidze bildirib. O qeyd edib ki, Gürcüstan 2028-ci ilin sonuna qədər Aİ-nin qrantlarından imtina edir:
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”.
MÖVZU İLƏ BAĞLI:
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma olub - FOTO/VİDEO
Gürcüstan niyə belə addım atdı?
Nəzərə alaq ki, Gürcüstan hələ 1999-cu ildə Avropa İttifaqına üzvülüyə namizəd status qazanıb. Lakin ötən 25 ildə hər dəfə müxtəlif bəhanələrlə üzvülük məsələsi ertələnib. Sonunca dəfə isə Aİ elan etmişdi ki, Gürcüstan ən yaxşı halda 2030-cu ildə quruma üzv ola bilər. Amma siyasətdən başı çıxan hər kəs bilir ki, Gürcüstanın Aİ-yə üzvülük məsələsi mümkün deyil. Çünki Gürcüstan ərazisinin 20 faizi işğal altındadır. Belə yarımcan ölkəni isə heç bir qurum yanında görmək istəmir. Yada salaq ki, Mixael Saakaşvili zamanında Aİ-nin vədlərinə inanaraq Gürcüstanın ərazi bütövlüyünün bərpasına cəhd etdi.
2008-ci ildə rəsmi Tiflis Moskvaya qarşı müharibə elan etdi. Amma bu müharibə cəmi 2 həftə çəkdi və bu müharibə Gürcüstan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi. Amma o zaman nə ABŞ, nə Aİ, nə də NATO Gürcüstanın harayına yetişdi. Sadəcə hadisələri kənardan müşahidə etdilər. Onların yeganə hədəfi Gürcüstanla Rusiya arasında başlanan müharibəni uzatmaq oldu. Lakin köməksiz, zəif Gürcüstan Rusiya qarşısında tab gətirə bilmədi.
Ümumiyyətlə, tarix göstərir ki, ABŞ və bəzi ölkələr postsovet ölkələrindən hər zaman siyasi alət kimi istifadə edib və bu siyasət bu gün də davam edir. Qərb bu gün hansısa postsovet ölkəsində sosial-iqtisadi problemləri belə birbaşa Rusiya ilə bağlamaq istəyir.
Qərbin hazırkı hədəfi odur ki, Ukraynadan sonra ikinci bir postsovet ölkəsində Rusiyaya qarşı cəbhə açılsın. ABŞ və Aİ üçün Gürcüstan bu baxımdan daha sərfəli variantdır. Lakin Qərbin vədlərinə inamını itirən hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası yeni siyasi xətt yürütməyə başladı. Regional əməkdaşlığa və birgə inkişafa üstünlük verən rəsmi Tiflis açıq şəkildə Qərbin təkliflərindən imtina etdi.
Bu imtina Gürcüstanın siyasi hakimiyyətinə asan başa gəlmədi.
Qərb açıq şəkildə Gürcüstanın üzərinə gəlməyə başladı. Ölkəyə qarşı iqtisadi dəstək dayandırıldı, siyasi rəhbərlərin Qərb ölkələrinə çıxışına qadağa qoyuldu.
Sonuncu dəfə isə ötən həftə Aİ Gürcüstana 121 milyon avronun ayrılması qərarını da ləğv edib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Aİ Gürcüstan hökuməti üçün ayrılmış 121 milyon avro vəsaiti başqa məqsədlərə yönəldəcək.
Bu isə rəsmi Tiflisin səbrini daşdırdı. Noyabrın 28-də Baş nazir İrakli Kobaxidze Gürcüstanın 2028-ci ilin sonuna qədər Aİ ilə danışıqları dondurduğunu elan etdi.
Rəngli inqilab cəhdi
Bu xəbəri eşidən kimi Qərbin oyuncağına çevrilən gürcü müxalifəti küçələrə axışdı. Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də qoşuldu. Ötən axşam etirazçılar parlament binası yaxınlığında aksiyaya başladılar. Təsadüfi deyil ki, aksiyada çıxış edən Zurabişvili təhlükəsizlik qüvvələrini təhrik edə biləcək mesajlar ötürdü:
“Siz Rusiyaya, yoxsa Gürcüstana xidmət edirsiniz? Kimə xidmət üçün and içmisiniz? Mənə cavab maraqlıdır. Prezidentə cavab vermirsiniz? Gələcək haqqında düşünmürsünüz? Ölkənin gələcəyi, uşaqların gələcəyi sizə maraqlı deyil?!”
Təbii ki, etriazçılar müəyyən təxribatlara da əl atıblar.
Nəticədə Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma baş verib. Nümayişçilər asayiş keşikçilərindən uzaqlaşmaq üçün zibil qutuları və taxta stulları yandırıblar. Tərəflər arasında toqquşmalar da yaranıb. Polis aksiyaçılara qarşı təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər saxlanılıb.
Qərb Tiflisdəki qarşıdurmanı qızışdırmaq və dövlət çevrilişinə qədər aparıb çıxartmaq üçün bütün kartları masaya qoydu. Xüsusilə də, Qərb ölkələrinin Gürcüstandakı diplomatları fəal işə başladı.
Məsələn, ötən gün hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Zarkua ölkənin xarici işlər nazirinə müraciət edərək onu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin ölkədən çıxarılması proseduruna başlamağa çağırıb. Deputatın sözlərinə görə, səfir öz hüquq və vəzifələrini qarışdırıb və təxribatla məşğuldur.
Yada salaq ki, Qərb hələ aylar öncə Gürcüstandakı proseslərə müdaxilə edəcəklərini bildirmişdi. Məsələn, Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski seçkiöncəsi açıq şəkildə bildirmişdi ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, Gürcüstanın Avropa İttifaqına daxil olması yenidən üçün ciddi işə başlanılacaq:
“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.
Göründüyü kimi Qərb Gürcüstanda növbəti dəfə rəngli inqilaba nail olmaq istəyir. Lakin bu dəfə xalq və hakimiyyət daha qətiyyətli, yekdil görünür. Beləcə, Qərb özünün postsovet məkanda daha bir dayağını itirir və regionda yeni reallıqlar formalaşır. Bu reallıqda isə Qərbin təxribatçı müdaxilələrinə yer yoxdur.
Surxay Atakişiyev, Bizim.Media