Bir addım irəli, iki addım GERİ – Qərb Gürcüstanda çevriliş planından niyə İMTİNA ETDİ?

Hazırda oxunan: Bir addım irəli, iki addım GERİ – Qərb Gürcüstanda çevriliş planından niyə İMTİNA ETDİ?

219154

Gürcüstanda keçirilən son parlament seçkilərindən 10 günə yaxın vaxt keçir. Ötən müddət göstərdi ki, tərəflər əsasən elan edilən nəticələrlə razıdır. Doğrudur müxalifət hələ də israr edir ki, seçkilər təkrar keçirilsin. Hətta bu məqsədlə müxalifətin bu gün Tiflisdə növbəti mitinq keçirəcəyi gözlənir.

“Güclü Gürcüstan”ın liderlərindən olan Anna Dolidze birgə mətbuat konfransında müvafiq bəyanatla çıxış edib. O bildirib ki, noyabrın 4-də saat 19:00-da Gürcüstan Prezidentinin Nizamnaməsini imzalayan partiyalar Tiflisin Rustaveli prospektində seçkilərin nəticələrinin ləğvi tələbi ilə aksiya keçirəcəklər.

Eyni zamanda, parlamentdə yer qazanan bir sıra müxalif qüvvələr yeni parlamentin iclaslarında iştirak etməyəcəklərini bəyan ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Tbilisidə müxalifətin yürüşü BAŞLAYIB - ANBAAN VİDEO


Qərbdən son basqılar

Təbii ki, Qərb də müxalifəti dəstəkləməklə yanaşı həm də rəsmi Tiflisə təzyiqlərini davam etdirir. Nəzərə alaq ki, Avropa İttifaqının 13 üzvü 26 oktyabr seçkilərinin nəticələrini tanımaqdan imtina edib.

Bundan əlavə. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib:

“Mən bu məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə (Aİ) Şurasının gündəliyinə də daxil etmişəm”.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir.

Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.

Amma bütün səsləndirilən bəyanatlara və iddialara rəğmən Gürcüstanda siyasi sabitlik qorunub saxlanılır. Həm iqtidar, həm də müxalifət öz addımlarında xeyli diqqətlidir. Bu da o deməkdir ki, Qərbin Gürcüstanda planlaşdırdığı növbəti rəngli inqilab baş tutmadı. Xalq “Gürcü arzusu”nun yanında dayandı.

Ona görə də əvvəlki mitinqlərdən fərqli olaraq bu dəfə müxalifət meydanlarda çadırlar qurmadı, gecələr küçələrdə qalmadı. Oktyabrın 28-də parlament binası qarşısına yığışan etirazçılar öz sözlərini deyib, bəyanatlarını oxuyub dağılışdılar. Yəqin ki, bu gün də belə olacaq. Çünki hər iki tərəf insidentdən yayınmaq istəyir.

Qərb niyə geri çəkildi?

Son 6 ayda ABŞ və Aİ davamlı olaraq Gürcüstana təzyiq edir. Bu təzyiqlərin nəticəsi olaraq Gürcüstana yardımlar dayandırıldı. Eləcə də, Gürcüstan hakimiyyətinin nümayəndələrinin üzünə Qərbin bütün qapıları bağlandı. Amma bütün təzyiqlərə rəğmən rəsmi Tiflis iradə göstərdi və Qərbin təzyiqlərinə boyun əymədi. Bu da Qərbi sözün tam mənasında qorxutdu. Qərb Gürcüstanı itirmək qorxusu ilə baş-başa qaldı. Bu reallıqsa Qərbin əl-qolunu bağladı.

Məsələn, seçkilərdən dərhal sonra  Macarıstanın Baş naziri Viktor Orban Tiflisə səfərə gəldi. Nəzərə alaq ki, Macarıstan hazırda Aİ-yə sədrlik edir. Ona görə də Orban bu səfərində təkcə Macarıstanı yox, həm də Aİ-ni təmsil edirdi. İşgüzar müzakirələr şəraitində keçən bu səfərdə Orban çox nikbin danışdı. Hətta Gürcüstanın Qərb üçün vacib tərəfdaş olduğunu söylədi:

“Azərbaycan, Rumıniya və Macarıstan Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi üzrə Avropanın meqa layihəsinin həyata keçirilməsi üzərində işləyir. Bizim birgə müəssisəmiz var, bu istiqamətdə həlledici addımdır və ümid edirəm ki, bu, Avropa İttifaqı ərazisində ən uğurlu layihələrdən biri olacaq. Təbii ki, bu layihənin reallaşmasında Gürcüstan da əsas oyunçulardan biridir".

Maraqlıdır ki, Orbanın Tiflis səfərinə ABŞ və Aİ-dən də qəti etirazlar gəlmədi. Əksinə Orbanın səfəri geniş formada təbliğ edildi.

Bu da o deməkdir ki, Qərb Gürcüstanı birdəfəlik itirməkdən qorxur.

Ona görə də Aİ-yə sədrlik edən bir ölkənin liderinin Gürcüstana səfərinə Qərb heç də qıcıqla qarşılamadı.

Maraqlıdır ki, rəsmi Tiflis də Qərblə münasibətdə aqrressiv deyil. Məsələn, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İtalyanın “Sky” telekanalına verdiyi son müsahibəsində deyib ki, Avropaya inteqrasiya Gürcüstan Konstitusiyasında öz əksini tapıb. Hökumətin xarici siyasətində də bu məsələ prioritet kimi müəyyən edilib:

“Hökumət də Konstitusiyaya uyğun olaraq ölkənin Avropaya inteqrasiyası istiqamətində mühüm işlər görür. Bizim Rusiya ilə heç bir siyasi əlaqəmiz yoxdur, əlaqələrimiz əsasən humanitar məsələlər, ticarət və iqtisadiyyatla bağlıdır. Əgər kimsə bizə deyərsə ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun və ya digər hər hansı qanun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun deyil, biz hər hansı bir qərarı yenidən nəzərdən keçirməyə hazırıq”.

Onun sözlərinə görə, kimsə xarici maliyyələşdirmədən faydalanır və Gürcüstanda inqilabı təşviq etməyə çalışırsa, bunun maliyyələşdirilməsinin tamamilə şəffaf olması lazımdır.

“Ailə dəyərlərinin qorunması haqqında qanun insan hüquqlarını məhdudlaşdırmır, burada söhbət LGBT təbliğatının məhdudlaşdırılmasından gedir. Bu da insan hüquqları standartlarına uyğundur”, – deyə Kobaxidze vurğulayıb. Beləcə, gürcü lideri Qərblə körpüləri yandırmaq istəmədiklərini açıq şəkildə bəyan edib. Amma milli və dövlət maraqlarının əsas olduğunu da önə çəkib.

Baş verənlər nəyi göstərir?

Görünən qədərilə, Qərb Gürcüstan məsələsində taktikanı dəyişir. Təzyiqlərdən əl çəkib, dialoq yolunu seçən Qərb çalışır ki, münasibətlər tam pozulmasın. Yoxsa Gürcüstanın qapıları Qərbin üzünə bir dəfəlik bağlana bilər. Bu isə Qərbin istədiyi ən sonuncu məsələdir. Çünki belə olacağı təqdirdə Qərb Cənubi Qafqaza təsir imkanlarını böyük ölçüdə itirmiş olacaq.

Beləcə, Cənubi Qafqazda yeni reallıqlar ortaya çıxır. Bu reallıqda isə Qərbə sığınmağa çalışan Ermənistan ən “zəif bənd” kimi görünür...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin