Ölkəmiz İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində - FOTO/VİDEO

Hazırda oxunan: Ölkəmiz İstanbul Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində - FOTO/VİDEO

218981

Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib

Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Bizim.Media xəbər verir ki, “Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.

Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.

TÜYAP Sərgi Kompleksinin rəhbərliyindən İlhan Ersözlü çıxış edərək 41-ci İstanbul sərgisi münasibətilə təbriklərini çatdırıb, sərgi haqqında məlumat verib.

Bildirilib ki, 9 gün davam edəcək sərgidə Türkiyədən və xaricdən 2000-dən çox yazıçı və şair iştirak edir. Sərgi çərçivəsində 200-dən çox imza mərasimi daxil olmaqla, 450-dək müxtəlif səpkili tədbir təşkil olunacaq.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, belə bir nüfuzlu sərginin "fəxri qonaq ölkə"si olmaqdan məmnunluq duyduqlarını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi səciyyələndirdiyi Azərbaycan və Türkiyə eyni etnik-mədəni köklərə malik olmaqla zəngin ortaq dəyərləri paylaşmaqdadır.

Sonra İstanbul valisi Davud Gül mədəniyyət nazirinin müavini Fərid Cəfərova valiliyin hədiyyə plaketini təqdim edib. Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib. Sərgi məkanında nağaraçalan uşaqlar qrupunun ifasında kompozisiya təqdim olunub.

Daha sonra tədbir iştirakçıları sərgi məkanında Azərbaycan stendinin açılışında iştirak ediblər.

Əvvəlcə incəsənət ustalarımızın iştirakı ilə bədii proqram təqdim olunub. Yeniyetmə xanəndə Həzrət Əzizlinin ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib. Sonra bu il dövlət başçısının sərəncamı ilə 530 illiyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yazdığı eyniadlı operadan rəqs nömrəsi təqdim olunub. Əməkdar artist Nuriyyə Hüseynova isə "Yaşa, Azərbaycan" mahnısını ifa edib. Xanəndəni Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Siyavuş Kərimov (nağara) müşayiət ediblər.

Daha sonra Azərbaycan stendi ilə tanışlıq olub. Məlumat verilib ki, stenddə ölkəmizdən 20-dən çox nəşriyyatın kitabları, ümumilikdə 2000 mindən çox nəşr nümunəsi yer alıb.

Stenddə Azərbaycanın dövlətçilik tarixi, Heydər Əliyev Fondunun ədəbiyyat və mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri təqdim edilir. Stenddə həmçinin tanınmış və gənc yazarlarımızın Türkiyədə türk dilində nəşr olunmuş əsərləri sərgilənir.

Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinə də Azərbaycan stendində ayrıca guşə ayrılıb.

Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə 20-dən çox müxtəlif səpkili tədbirin təşkili nəzərdə tutulub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin