Partiyalar dövlət büdcəsindən ayrılan vəsaiti hara XƏRCLƏYİRLƏR? – SORĞU

Hazırda oxunan: Partiyalar dövlət büdcəsindən ayrılan vəsaiti hara XƏRCLƏYİRLƏR? – SORĞU

217405

Artıq xeyli müddətdir Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi prosesi həyata keçirilir

Qeyd edək ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Həmin vəsaitin 40 faizi parlamentdə mandat qazanan partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi deputatların ümumi sayına bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.

Vəsaitin 5 faizi təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.

Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2,5 faizi isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Qeyd edək ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində 25 siyasi partiya təmsilçiləri iştirak edib. Hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Deməli, yeni qaydalara uyğun olaraq parlament partiyaları ilə yanaşı,  14 siyasi partiyaya da maliyyə dəstəyi verilməlidir.

Dövlət büdcəsindən aldıqları vəsait görəsən partiyaları qane edirmi?

Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hələlik bu məsələ barədə konkret fikir söyləyə bilməyəcəyini deyib:

“İndiyədək heç bir vəsait almamışıq. Artıq parlament partiyasıyıq. Vəsaiti alaq, sonra baxaq bizi nə qədər qane edir. Bütün hallarda partiyamızın dövlət tərəfindən maliyyələşməsini müsbət qiymətləndiririk”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edir ki, aldıqları vəsait fəaliyyət göstərməyə imkan verir. Amma bununla belə onun fikrincə, vəsaitin bölüşdürülməsində daha fərqli fikirlər olsa, daha yaxşı olar: 

“Əlbəttə ki, bu vəsaitin bölgüsü ilə bağlı daha fərqli prinsip təklif oluna bilərdi. Amma indiki şərtlər daxilində də ayrılan vəsait ən azından fəaliyyətimizi tənzimləməyə, imkanlarımızı genişləndirməyə imkan verir. Düşünürəm ki, ayrılan vəsaitdən daha çox onun bölgüsündə müəyyən problemlər var. Çünki daha çox vəsait hakim partiyaya verilir. Əslində prinsip bir qədər dəyişsə, daha məqsədəuyğun olar”.

Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə bildirib ki, daha geniş fəaliyyət üçün daha artıq vəsaitin ayrılması vacibdir:

“Partiyalara ayrılan vəsaitlər fəaliyyətimizi daha geniş şəkildə aparmaq üçün daha artıq olsaydı, daha yaxşı olardı. Lakin bilirik ki, indiki dövrdə Azərbaycanın büdcəsi əsasən iki məsələnin həllinə yönəlib. Bunlar ölkənin təhlükəsizliyinin təmini və Qarabağın bərpası prosesləridir. Bu problemlər həllini tapandan sonra siyasi partiyalara da daha çox vəsait ayrıla bilər”.

Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə qeyd edib ki, bu addım partiya strukturlarının möhkəmləndirilməsinə xidmət edəcək:

“Məlumdur ki, yeni qanunla həm parlamentdə təmsil olunan, həm də təmsil olunmasa da, seçkilərdə iştirak edib müəyyən səs qazanan partiyalar da dövlət büdcəsindən maliyyələşir. Bu istiqamətdə dövlət büdcəsindən ilkin ayrılmalar olub. İlk dəfə olaraq AMİP-ə də maliyyə ayrılacaq. Bu addım partiya strukturlarının möhkəmləndirilməsinə xidmət edəcək. Amma daha böyük məbləğ ayrılsaydı, daha yaxşı olardı. İstənilən halda, ayrılan vəsait qanuna müvafiq olaraq xərclənəcək. Məlumata görə, gələn il üçün bu məqsədlə bir qədər daha artıq vəsaitin ayrılması nəzərdə tutulub”.

ReAL sədri Natiq Cəfərli isə hər zaman hesabatlı olmağa çalışdıqlarını deyib:

“Siyasi partiyalara ayrılan vəsaitin öz alqoritmi var. Parlamentdə yer qazanmış partiyalara bir formada vəsait ayrılır. Ən çox da YAP-a vəsait verilir. Ayrılan vəsaitin 35-40 faizi bir partiyanın fəaliyyətinə yönəlir. Bundan başqa, parlamentə düşməyən, amma seçkilərdə iştirak edən partiyalara da vəsait veriləcək. Ayrılan vəsaitdən səmərəli istifadə etmək daha vacibdir. Çalışmışıq ki, hesabatlı olaq. Son qəpiyə qədər həmişə hesabat vermişik. Xərclər arasında da ofis xərcləri, regionlara səfərlər üstünlük təşkil edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin