Bayden sülh, yoxsa seçkiqabağı reytinq İSTƏYİR? – Bakıya göndərilən məktubun PƏRDƏARXASI

Hazırda oxunan: Bayden sülh, yoxsa seçkiqabağı reytinq İSTƏYİR? – Bakıya göndərilən məktubun PƏRDƏARXASI

217251

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubu Azərbaycan Prezidentinə ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib


Məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir:

“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək.

Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

Baydenin sülhə çağırış məktubu və verdiyi vədlər görəsən nəyə hesablanıb? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Baydenin sözügedən məktubu ilk növbədə ABŞ-da keçiriləcək Prezident seçkiləri ərəfəsi Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasına nail olub özünü xilaskar rolunda göstərməklə seçici səsi almağa hesablanıb:

“Hesab edirəm ki, bu məktubun məzmununun əsas məqsədi ilk növbədə ABŞ-da keçiriləcək seçkilərlə əlaqədar olan vəziyyətlə bağlıdır. Görürük ki, Amerika yürütdüyü xarici siyasətdə son illər heç bir nəticə əldə edə bilməyib. Bu nəticənin əldə edilməməsi Ukrayna məsələsində də özünü göstərir. Ağ Evdə fikirləşirlər ki, heç olmasa Ermənistan Azərbaycan münaqişəsi istiqamətində hansısa sənədin imzalanmasına nail olub, onu da sonradan ABŞ-dakı mövcud hakimiyyətin böyük qələbəsi kimi qələmə verə bilsinlər”.

“ABŞ ciddi nəticə əldə etmək istəyirsə...”

Sabiq nazir qeyd edir ki, ABŞ-ın mövcud adminstrasiyası bu məktubda əks olunan məsələlərin həllinə nail olmaqla seçiciləri, əsasən də erməni seçiciləri üçün öz nailiyyətləri kimi qələmə verməklə hansısa aldadıcı bir kağız parçası əldə etməyə çalışır:

“Ciddi nəticə əldə etmək istəsəydilər, bu istiqamətdə normal bir siyasət aparardılar. 907-ci düzəlişi aradan qaldırardılar. İndiki ABŞ adminstrasiyası dövründə Azərbaycana münasibətdə faydalı heç nə görmədik. Bilirdik ki, rəsmi Vaşinqton ölkəmizə müraciət edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin