Prezident Danimarkanın yeni səfirini qəbul edib - FOTO

Hazırda oxunan: Prezident Danimarkanın yeni səfirini qəbul edib - FOTO

215946

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.
 

Siyasi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi. Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda regional siyasətə dair müzakirələrin önəminə toxunub.


Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində inkişaf etdrilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki, Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır.

O, ölkəmizin ticarət, enerji, infrastruktur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd edib.

Dövlətimizin başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda, ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi istiqamətində də fəal fazada işlərin aparıldığını bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları şirkətlərini yaratmağa müvəffəq olmuşuq.

Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz Azərbaycan vasitiləsi ilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.

Dövlətimizin başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək, hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın fəal sürətdə aparıldığını bildirib və vurğulayıb ki, bu da daşımaların həcminin artırılması və rahat sürətdə həyata keçirilməsi işinə xidmət edəcək.

Danimarka səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir etdiklərini diqqətə çatdırıb.

Danimarkanın öz regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə Danimarka şirkətlərinin fəallığına toxunularaq, ölkələrimiz arasında nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi və bu istiqamətdə böyük perspektivlərin olduğu vurğulayıb.

Səfir COP29-la əlaqədar təbriklərini çatdırdı və bunun dünyamiqyaslı bir tədbir olduğunu vurğulayıb.

COP29 çərçivəsində Danimarka ilə Azərbaycanın iqlim üzrə nümayəndə heyətlərinin yaxşı əlaqələrə malik olduğu və konstruktiv şəkildə əməkdaşlıq etdikləri bildirildi, bu sahədə ölkələrimiz arasında birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.
 

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, biznes dairələrinin birbaşa təmaslar qurması, "yaşıl enerji" və "yaşıl texnologiyalar" sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.


Dövlətimizin başçısı "yaşıl enerji" məsələsinə toxunaraq, Xəzər dənizini və Qara dənizi birləşdirən “yaşıl enerji dəhlizi”nin yaradılması prosesində ölkəmizin fəallığını qeyd etdi və bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xəttini, həmçinin Mərkəzi Asiya ölkələri - Qazaxıstan və Özbəkistanın Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirən bərpaolunan enerji layihələrini vurğulayıb.

Görüşdə Avropa İttifaqının enerji tələbatının artacağı vurğulanıb və “yaşıl enerji”yə əsaslanan alternativ enerji mənbəyi kimi formalaşmaqda olan bu dəhlizin əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin