Azərbaycan növbəti qlobal tədbirə ev sahibliyi etmək ərəfəsində Qərb dünyasının güclü diplomatik və ideoloji təzyiqləri ilə üzləşir. Noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammiti öncəsi ölkəmizə qarşı siyasidən tutmuş iqtisadiyə qədər müxtəlif xarakterli ittihamlar səsləndirilir, Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələrə dair dezinformasiyalar tirajlanır, bəzi mərkəzlər isə Bakıya qarşı sanksiyaların tətbiqi təşəbbüsünü ortaya atırlar. Buna səbəb əlbəttə, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, Azərbaycanın heç kimdən maddi yardım almadan işğaldan azad olunan əraziləri sürətlə bərpa etməsi, ölkə iqtisadiyyatının isə dayanıqlılıq və sabitlik nümayiş etdirməsidir.
Bütün bu faktorlar qlobal miqyasda yeni “Marşall planı”nı həyata keçirməyə başlayan süpergüc – Amerika Birləşmiş Ştatlarının geopolitik maraqlarına uyğun deyil. Nəticədə ABŞ administrasiyası, Dövlət Departamenti, həmçinin “Nyu-York Tayms” və “Vaşinqton Post” kimi nüfuzlu nəşrlər, USAİD, “Fredoom Hause”, “Amnesty İnternational” tipli beynəlxalq QHT-lər anti-Azərbaycan tezislər sıralayaraq ölkəmiz əleyhinə qara piar aparır.
Prezident İlham Əliyev istər Şuşa Qlobal Media Forumunda, istər Milli Məclisdəki çıxışında, istərsə də Cəbrayıl sakinləri ilə görüşündə Azərbaycana qarşı diplomatik və informativ hücumların xarakterini açaraq, bunu Qərbin ikili standartları kimi dəyərləndirdi.
Lakin həm Vaşinqton, həm də onun avropalı ortaqları Bakı ilə əməkdaşlıqda maraqlı olduqlarını deyərək ictimai fikri çadırmağa səy göstərirlər. Həqiqətən də, Birləşmiş Ştatlar və müttəfiqlərinin Azərbaycan əleyhinə bu qədər təbliğat apardığı, 907-ci düzəlişi yenidən qüvvəyə mindirdiyi, Ermənistanda hərbi baza yaratdığı, məğlub ölkənin militarizasiyasına dəstək verdiyi bir dövrdə Bakı ilə əməkdaşlıqdan dəm vurmalar, özlərini Azərbaycanın dostu kimi təqdim etmələri siyasi riyakarlığın pik nöqtəsidir.
Azərbaycan Prezidenti öz çıxışlarında hər zaman dünya birliyini qlobal problemlərə qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırır. Koronavirusla mübarizə, iqlim dəyişiklikləri ilə mübarizə, vaksin millətçiliyinə qarşı mübarizə, neokolonializmlə mübarizə, kiçik ada dövlətlərinə yardım təşəbbüsü, eləcə də Cənubi Qafqazda əməkdaşlıq kimi çağırışlar faktiki, ölkəmizin və onun liderinin beynəlxalq səviyyədəki harizmasını müəyyən edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir.
Lakin bu sıçrayışlı inkişaf bəlli mərkəzləri narahat edir və onlar Azərbaycanı asılı vəziyyətə salmaq üçün müxtəlif gizli direktivlər hazırlayırlar. Prezident İlham Əliyev “Azərbaycan əleyhinə müraciətlər ABŞ Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar bizi hədələmək üçün” ifadəsi ilə Qərb mətbəxlərində hazırlanan məkrli planların mahiyyətinə tam aydınlıq gətirir.
COP29 zirvə görüşü kollektiv Qərbin həm Cənubi Qafqaz, həm də Azərbaycanla bağlı gələcək hədəflərinin xarakterini müəyyənləşdirəcək. Çünki, bu dəfə anti-Azərbaycan kampaniyası Ermənistanın yeni müharibəyə təşviqi fonunda həyata keçirilir, Qarabağı tərk edən ermənilərin məsələsi insan hüquqları kontekstindən gündəliyə gətirilir, bu məqsədlə separatçı liderlər və onların əlaltılarının beynəlxalq tribunalara çıxışları təmin edilir. Bir sözlə, Qərb COP29 faktoru reallığında həm Cənubi Qafqazla bağlı geosiyasi paradiqmalarına yeni nəfəs verir, həm də Bakının qlobal iqlim dəyişiklikləri ilə mübarizənin effektivliyi naminə maliyyə fondunun yaradılması təşəbbüsünə zərbə vurmağa çalışır.
Azərbaycanı qazıntı yanacağına sahib ölkə kimi ittiham etmək onun enerji strategiyasına kölgə salmaq məqsədi daşıyır. Dövlət başçımızın da vurğuladığı kimi, neft sərvətinə sahib olmaq bizim günahımız deyil.
Halbuki, Azərbaycan 2004-cü ildən etibarən alterntiv enerjiyə keçid strategiyasını irəli sürüb və hazırda bərpaolunan enerji siyasətinə keçidə ən çox töhfə verən dövlətlər sırasındadır. 2022-ci ilin dekabrında Buxarestdə “yaşıl dəhliz” üzrə 4 ölkə arasında imzalanmış saziş Azərbaycanın ənənəvi enerjidən tədricən yaşıl enerjiyə keçid siyasətinin illüziya deyil, real olduğunu təsdiqləyir.
Amma görünən odur ki, Bakı iqlim sammitini iqnor etməyə çalışan ölkələr məhz iqlim maliyyələşməsində iştirak etməməyi və enerji sektoruna dair layihələri ertələməməyi üstün tuturlar. Bu günlərdə baş naziri COP29 sammitində iştirak etməyəcəyini deyən Norveç ətraf mühitə ən çox zərər vuran ölkələrdən biridir.
Hesablamala görə, bu ölkə bir neçə il bundan öncə Barents dənizində qazıntı işləri aparmaq üçün 125 yeni yatağı istismara daxil edib. Norveç 2018-ci ildə ətraf mühitə 53 milyon ton karbon qazı buraxıb ki, bu da onun 2017-ci il göstəriciləri ilə müqayisədə 200 min ton çox ziyan deməkdir. Deməli, iqlimə daha çox zərər vuran ölkənin qlobal iqlim sammitini boykot etməsi siyasi sifarişdir və merkantil məzmun daşıyır.
Azərbaycanın COP29-a ev sahibliyi etmək hüququna malik olmadığını deyən Fransanın da anti-Azərbaycan siyasətinin təməlində siyasi motivlər, rəsmi Bakının fransız neokolonializminə qarşı mübarizəsinin Parisdə yaratdığı şok effekti dayanır.
Bununla belə, Azərbaycan Prezidenti dünya birliyinin də təqdir etdiyi prinsipial siyasətini davam etdirir və gec-tez bədxah dairələr proqressiv qüvvələrin arqumentləri qarşısında geri çəkilməli olacaq. Planetin sabahı naminə ən humanist təşəbbüslərin müəllifləri sırasında Azərbaycanın ilk pillələrdə qərarlaşması isə ölkəmizin yeni dövr missiyasının hədəflərinə doğru inamla irəlilədiyindən xəbər verir.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı