Gürcüstanda azərbaycanlıların yumşaq deportasiyası – Qabil Hüseynli: “Bunun başqa adı yoxdur” 

Hazırda oxunan: Gürcüstanda azərbaycanlıların yumşaq deportasiyası – Qabil Hüseynli: “Bunun başqa adı yoxdur” 

21509

“Əvvəlcə onu deyim ki, bu svanlar gürcü mənşəli olsalar da, amma dil və şivələrində xeyli fərq var. Svanlar Gürcüstanda kriminal hərəkətləri ilə ad çıxarıblar. Hətta gürcülərin özlərinə də qarşı müəyyən mənfi duyğular bəsləyən bir toplumdur”.

Bu sözlərlə Bizim.Media-ya açıqlamasına start verən politoloq Qabil Hüseynli azərbaycanlıların Dmanisidəki problemlərinin tarixçəsinə də nəzər saldı:

“O vaxt Dmanisidə (Başkeçid) torpaqlarını qoyub bəziləri Rusiyaya, kimisi üzünü Bakıya çevirəndə həmin torpaqlar yetim qaldı. Gürcülər isə azərbaycanlıların torpaqlarına svanları doldurdular. Onlara geniş torpaq sahələri verdilər. Bir zamanlar ancaq dağlarda yaşamış svanlar indi “işgüzar adam” olublar. Meşələri qırırlar. Əkib-becərilən yerlərdə də işçi kimi Dmanisidə az-çox qalan azərbaycanlılardan istifadə edirlər.
 

Düşünmürəm ki, baş verən hadisələrin ciddi motivi var. Azərbaycanlıların dükanında spirtli içkini pulsuz almaq üstündə dava başlayıb. Bir şüşəyə pulu olmayan işsiz svanlar qəzəblənib ki, necə ola bilər ki, Dmanisidə azərbaycanlıların marketi olsun? Mağazanın şüşələrini sındırıblar, dükanda dağıntılar ediblər və dava başlayıb. 


Zənnimcə, gürcü xüsusi xidmət orqanlarının qəlbinin dərinliyində belə bir hiss var ki, azərbaycanlıları Gürcüstan torpaqlarından çıxarsınlar. Bu istiqamətdə indiyədək etdikləri də kifayətdir.

Sosializm dövründə azərbaycanlılara məxsus kolxoz və sovxozlardakı torpaqların minimum 60-70 faizini onların əlindən alıblar. Tbilisidə yaşayan və kənd təsərrüfatından xəbəri olmayan bir adama (gürcüyə) Marneuli (Sarvan), yaxud Bolnisidə (Qəmərli) 500 hektar torpaq sahəsi veriblər”. 

Oxşar insidentlər azərbaycanlıların yaşadığı digər Gürcüstan ərazilərində də baş verə bilərmi? 

“Marneulidə belə bir təxrtibat inandırıcı deyil. Orada azərbaycanlılar sıx yaşayır və təxribat xarakterli həmlələri daha çox hiss edirlər deyə yaxın buraxmırlar”.

Bəs erməni fitvası Bolnisi rayonunda vəziyyəti qarışdırmaq gücündədir? 

“Ehtimal edirəm ki, Bolnisi və ya Dmanisini yenə provokasiyaya çəkə bilərlər. Hələki meydan sulayanlar kriminal elementlərdir. Siyasiləşmiş elementlər isə hələki dövriyyəyə girməyib. Amma mən demirəm ki, bu heç vaxt baş verməyəcək. Olacaq. Azərbaycan tərəfi bundan ciddi nəticələr çıxarmalı, Gürcüstan hökuməti ilə ciddi danışıqlar aparılmalıdır. Azərbaycanlıların torpaqları özlərinə qaytarılmalıdır”.

Politoloqun sözlərinə görə, azərbaycanlıların əlindən alınan ərazilərə torpaq islahatları adı qoyuldu, amma hektarlarla ərazinin insanların əlinədən alınmasına reform demək olmaz. Bu azmış kimi...
 

“Dərinə gedəndə çoxlu problemlər mövcuddur. Problemlərin əksəriyyəti isə Gürcüstan hökumətinin yeritdiyi millətçi siyasətlə əlaqədardır. Orada baş verənlərdə daşnak əli olsa da, hər şeyi ermənilərin üzərinə atmağın tərəfdarı deyiləm.


Svanları bura kim köçürüb? Təzə termin olan eko-miqrantlar adı ilə gətiriblər Dmanisiyə. Yəni, onların ərazilərində nəsə tikilib və svanlar Dmanisiyə yerləşdirilib. Nə tikilib? Lap 30-40 svan ailəsinin torpağına xələl gəlsin və onlar köçürülsün. Necə ola bilər ki, kütləvi şəkildə Bolnisiyə yerləşdirirsən svanları. Marneulidə çox da yoxdular. Çünki Marneulini əsasən bürokratik aparat ələ keçirtməyə çalışır. 

Gəlin bu məsələnin adını belə qoyaq: Tbilisinin hakimiyyət orqanları Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya siyasəti aparırlar. Azərbaycanlıları öz doğma yurd-yuvalarından qovub çıxartmaq istəyirlər. Amma gürcülər bunu ermənilər kimi 1 günün, 5 günün içərisində yox, müxtəlif donlar geyindirərək tədricən reallaşdırmaq istəyirlər. 

Deportasiyanın yeni formasını hazırlayırlar” deyən Qabil Hüseynli bunun mərhələli proses olduğunu diqqətə çatdırdı. Belə ki, əvvəlcə azərbaycanlıların torpağı əlindən alınır, sonra svanlardan psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Və....

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin