Məzahir Pənahov: “Qazaxıstanın bu sahədə lider olmaq haqqı var”

Hazırda oxunan: Məzahir Pənahov: “Qazaxıstanın bu sahədə lider olmaq haqqı var”

214799

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 6-da Qazaxıstanda keçirilən referendumu müşahidə etmək məqsədilə bu ölkədə səfərdədir.

Bizim.Media xəbər verir ki, Məzahir Pənahov AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan nümayəndə heyəti Qazaxıstanda keçirilən referendumda ən böyük beynəlxalq müşahidəçi qruplarından biri kimi iştirak edir. Referendumda ümumilikdə 177 beynəlxalq müşahidəçi var.

Azərbaycan isə 16 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur ki, bu da ümumi beynəlxalq müşahidəçilərin təxminən 10 faizini təşkil edir.

“Nümayəndə heyətinə Mərkəzi Seçki Komissiyasından 7 nəfər, Milli Məclisdən 6 deputat və Azərbaycanın Qazaxıstandakı diplomatik nümayəndəliyindən 3 nəfər daxildir”, - deyə Məzahir Pənahov qeyd edib.

Onun sözlərinə görə, saat 12:00-dək Azərbaycan nümayəndələri 30-dan çox məntəqədə müşahidə aparıblar: “Gün ərzində təxminən 80-90 məntəqədə müşahidə aparılması gözlənilir”.

Məzahir Pənahov bildirib ki, referendumun gedişatını diqqətlə izləyən Azərbaycan nümayəndə heyəti prosesi şəffaf və demokratik hesab edir: “Müşahidələrin ilkin nəticələrinə əsasən, indiyədək heç bir xoşagəlməz hal qeydə alınmayıb. Seçicilərin öz iradələrini ifadə etməyə böyük marağı müşahidə olunur. Bəzi müşahidəçilərimiz seçicilərlə söhbətlər aparıblar, ailələr birlikdə seçki məntəqələrinə gəlirlər. Heç bir qeyri-adi müdaxilə qeydə alınmayıb. Ümumilikdə Qazaxıstan ictimaiyyətinin belə məsələlərə ciddi yanaşması sevindiricidir”.

O əlavə edib ki, Qazaxıstan təbii sərvətlər baxımından zəngin ölkədir. “Eyni zamanda, atom enerjisi sahəsində lider ölkələrdən biri olmaq haqqı var, çünki keçmiş Sovet İttifaqı məkanında bu sahədəki təcrübə məhz Qazaxıstandan başlayıb”, - M.Pənahov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin