Ermənilərin Azərbaycanın sərhədlərinin delimitasiyası zamanı Zəngəzurda Azərbaycana aid olan Qaragöl qoruğunu mənimsəmək cəhdlərinin ətrafında hay-küy salması bir sıra məsələləri ortaya çıxarıb.
Bir tərəfdən ATƏT-in həmsədrlərindən biri olan Fransanın məsələyə birtərəfli yanaşması, Azərbaycanı özünə məxsus olan torpaqları tərk etmək haqqında etdiyi çağırışlar və sosial şəbəkə hesabında erməni dilində paylaşdığı postu, digər tərəfdən Ermənistanın baş nazir səlahiyyətlərini müvəqqəti həyata keçirən Nikol Paşinyanın haray salıb, Azərbaycan ordusunun sərhədi pozub Ermənistan ərazisinə daxil olması ətrafında yaydığı feyk xəbərlər böyük ajiotaja səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Qaragöl anlaşması olubmu? – Politoloqdan ilginc AÇIQLAMA
Bəs, bu cür xəbərlərin saxtalaşdırılıb, dünyaya yayılmasında Ermənistanın hansı marağı var?
Hamıya bəllidir ki, bu, iyunda seçkiyə hazırlaşan ölkədəki həm müxalif, həm də iqtidar qüvvələrinin oynadığı bir siyasi gedişdir. Belə vəziyyətdə isə Azərbaycan haqlı olduğu arqumentləri ortaya qoyub, erməniləri susdurmalıdır. Bəzi mütəxəssislərin fikrincə, Ermənistanın sərhədlə bağlı qaldırdığı hay-küyün fonunda Azərbaycan təzminat məsələsini daha da qabartmalıdır.
Politoloq Əli Hacızadənin fikrincə, Ermənistanın Azərbaycana vurduğu ziyana görə, tələb olunan təzminat hər zaman diqqət mərkəzində olduğunu qeyd edib.
“Ermənistanın iki müharibə və işğal zamanı Azərbaycana vurduğu ziyana görə təzminatın alınması məsələsi, regiondakı vəziyyətdən və İrəvan ilə Bakı arasındakı münasibətlərdən asılı olmayaraq hər zaman diqqət mərkəzindədir. Bu həm tarixi ədalət, həm iqtisadi həm də qeosiyasi məsələdir”.
Siyasi şərhçi, ermənilərin sərhəddə yaydıqları ajiotajına cavab olaraq və dünyaya Azərbaycan həqiqətlərini daha da geniş yaymaq üçün bu vasitədən istifadə olunmasını məqbul saydığını bildirib:
“Münaqişə bitsə də, Azərbaycana qarşı aparılan informasiya müharibəsi bitməyib. Bizim tərəfdən təzminat məsələsi həm də həqiqətləri çatdırmaq üçün bir instrument ola bilər”.
Vüsalə Balayeva, Bizim.Media