“Türkiyə və İsrailin bir-birini linc etməsi ziyanımızadır” - TƏHLİL

Hazırda oxunan: “Türkiyə və İsrailin bir-birini linc etməsi ziyanımızadır” - TƏHLİL

21387

“Azərbaycan savaşda ona görə arzularımızdan da irəli nəticəyə vardı ki, ortada həm də yaxşıya doğru dəyişən Türkiyə-Rusiya münasibətləri var idi. Bu münasibətlər ortaq maraqları müəyyənləşdirməkdə işə yaradı və tarixin bu dönəmində Azərbaycana öz problemini həll etməyə imkan yaratdı. Fələstin məsələsinə də bu baxış bucağından boylanmaq daha doğru olmazdımı?”

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə “Hamas”ın ən böyük hərbi-texniki dəstəyi İrandan və “Hizbullah”dan gəlir:

“Türkiyə həm rəsmi səviyyədə, həm də müsəlman həmrəyliyi nümunəsi olaraq “Hamas”a və Qəzza anklavına siyasi dəstək verir. Son hadisədə gözlənildiyi kimi “Hamas”ın atdığı çoxsaylı raketlərdən yalnız bir neçəsi İsrailə zərər yetirə bildi. Anlaşılan budur ki, İranın qızışdırıb işə saldığı “Hamas”ın vəziyyətdən çıxış imkanı yoxdur, eləcə də Türkiyənin gündəmə gətirdiyi “İsraili durdurmaq” çağırışları uzaqdan səslənən söyüşdən və təsəllidən başqa bir iş yaramamaqdadır. İsrail özü durmayınca, durduracaq güc hələ ki, üfüqdə görünmür. BMT-zad boş şeydir. 5 ölkənin əlində oyuncaq qurum ayrılan büdcəni iclaslara xərcləyib öz məmurlarının komfortunu təmin etməklə yetinir. Həmin BMT-dir ki, bizə də 4 qətnaməsini təsəlli üçün göndərmişdi. Ermənistan kimi “cubbulu” dövlət belə bu kağız parçasına sonadək əhəmiyyət vermədi. Həmin qətnaməni icra etməyə özümüz məcbur olduq”. 

Deputat əlavə edib ki, indiyədək BMT Fələstin məsələsi ilə bağlı onlarla qətnamə qəbul edib, bircə bəndini belə reallaşdıra bilməyiblər:

“On minlərlə insanın evsiz-eşiksiz qalması, yüzlərlə insanın ölümü sadəcə bir müsəlman olaraq deyil, insan olaraq içimizi sızladır, ancaq əlimizdən gələn bir iş də yoxdur. Düşünək ki, bölgədə əsas güc mərkəzləri olan Türkiyə ilə İsrail çox yaxın münasibətlərə malikdir. Hadisələr bu masştabda baş verərdimi? Əlbəttə, kiçik insidentlər bu barışmaz iki toplum arasında həmişə mövcud olmuş və olacaqdır. Ancaq bu qədər ölümünə yox etmə iddiasını önləmək üçün dialoq qapısı bütün hallarda açıq olacaqdı. Yaxşı münasibət, həm də maraqların vaxtli-vaxtında qarşılıqlı çatdırılması və qorunması deməkdir. Türkiyə İsrailə söz deyə bilmir, İran İsrailə söz deyə bilmir, üstəlik müdaxilə də edə bilmirlər... Əvəzində isə ildən-ilə Fələstin problemi daha ciddi şəkildə düyünlənir. Yeni siyasətə keçid, reallıqlara uyğun davranış da mənimsənilmədiyinə görə, bombaların altında insanların gələcəyi məhv olmağa davam edir.
 

Bir yanda da iqtisadi, texnoloji baxımdan çiçəklənən İsrail reallığı gözlərinin önünə dikilir. Vaxtinda fürsətlərin doğru dəyərləndirilməməsinin yekunu belə də olmalıydı.


Məsələnin oradan-buradan qızışdırmaqla deyil, gedən can fələstinlinin canıdır, onu qeyri-bərabər savaşın qurbanına çevirməklə nə Qüdsün, nə də Məscidi-Aksanın taleyində bir dəyişiklik etmək mümkündür. 

Türkiyə bizim qardaşımız, İsrail də, Fələstin də bizim dostumuzdur. Bir az aşırı olaraq bəziləri ermənipərəst Fələstin obrazı yaratmağa çalışırlar, əslində bir neçə ermənipərəstlik epizodunu yəhudilərin də içində tapmaq mümkündür.

Bunu ümumi şəkildə Fələstinin bizə qarşı davranışı kimi təqdim etmək ədalətsizlikdir. Bir də biz məzlumun haqqını tanımazdan gələn bir davarnışı da özümüz üçün məqbul saya bilmərik. Bu məzlum müsəlman olmaya da bilər, enində-sonunda Qəzzada evi dağılan, qətlə yetirilən insandır axı...
 

Biz Türkiyə ilə İsrailin qarşıdurma, nifrət ritorikasında bir-birini linç etməsini qətiyyən arzulamırıq. Bu bizm də ziyanımızadır.


Hansı ki, bir neçə il öncə Türkiyə-Rusiya münasibətlərində gərginliyin pik həddinə çatmasından ən çox narahatçılıq keçirən ölkə Azərbaycan idi. Məhz bu münasibətlərin qaydaya salınması nəticəsində böyük bir tarixi problemimizin həlli üçün fürsətlər yarandısa, bu baxış bucağından da Türkiyə-İsrail münasibətlərinə yanaşmamız daha məntiqli olmazmı?”

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin