Elxan Şahinoğlu: "Ermənistan Zəngəzura Çini də gətirmək istəyir"

Hazırda oxunan: Elxan Şahinoğlu: "Ermənistan Zəngəzura Çini də gətirmək istəyir"

21353

“Еrmənistan Zəngəzur dəhlizinə görə narahatdır. Prezident İlham Əliyevin “Ermənistan istəsə də, istəməsə də Zəngəzurdan dəmir yolu çəkəcəyik” açıqlaması İrəvanda geniş müzakirələrə səbəb olub. Ermənistanda Qarabağ mövzusundan çox Zəngəzurun gələcək taleyindən danışırlar və müxtəlif qruplar son zamanlar Rusiyanı tənqid etməyə başlayıblar. Onların fikrincə, Rusiya Ermənistanı Azərbaycandan qorumur”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə Ermənistan Rusiyanı əvəz “edəcək” üçüncü ölkəni də “tapıb”. Bu isə Çindir:

“Erməni saytlarından birinin redaktoru yazıb ki, Ermənistana Sünikdə (Zəngəzurda) Çinin hərbi bazası lazımdır, hansı ki, bu, Rusiyanın hərbi bazasını əvəz etməyəcək. Çinin hərbi bazası Rusiyanın hərbi bazasıyla qonşuluqda yerləşməlidir. Belə bir praktikadan Qətər dövləti də istifadə edir. Bu ölkədə ABŞ-ın - 1, Böyük Britaniyanın – 1, Türkiyənin – 2 hərbi bazası var”.

Erməni redaktorun təxəyyülü güclüdür. Çinin hərbi qüdrəti artsa da, o başqa dövlətlərdə hərbi bazalar yaratmır. Çin yalnız ətrafında hərbi qüdrətini artırır və okeanlarda iddia etdiyi adalarda hərbi bazalar yaradır. Digər tərəfdən Çində onu da anlayırlar ki, Ermənistanda hərbi baza yaratsalar, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa zərbə vuracaqlar. Bu isə Pekinin maraqlı olduğu “İpək yolu” layihəsinə mənfi təsir edəcək”.

Politoloq hesab edir ki, Ermənistanın Çinlə hərbi ittifaq yaratması ideyası Hindistanın xoşuna gəlməyəcək:

“Onsuz da İrəvanda hindlilərin əfsanəvi lideri Mahatma Qandinin heykəlinin yandırılması Hindistan mətbuatında tənqid olundu. Buna baxmayaraq, Ermənistan rəsmilərinin və diplomatlarının Çinin İrəvandakı səfiri ilə tez-tez görüşmələri müəyyən suallar doğurur. Misal üçün Çinin Azərbaycandakı səfiri Çinin Ermənistandakı səfiri qədər fəal deyil”, deyə politoloq əlavə edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin