Xəbər verdiyimiz kimi, günlərdə 19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.
Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
“Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq”- Rövşən Rüstəmov
Toplantıda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır:
“Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir. Avrasiya Nəqliyyat Marşurutu adlandırdığımız bu nəqliyyat dəhlizi bizə Çindən Qırğızıstan və Tacikistan üzərindən yüklərin Orta Dəhlizə gəlməsinə, Avropaya və əks istiqamətə göndərilməsinə imkan verəcək”.
Nəzərə alaq ki, bu dəhliz həm də Azərbaycanın Trans-Əfqan dəhlizinə çıxışına şərait yaradacaq. Eləcə də Qərb-Şərq və Şimal-Cənub dəhlizlərindən daha səmərəli istifadə etmək imkanı verəcək.
Qeyd edək ki, u ilin 8 ayında Orta Dəhliz vasitəsi ilə 212 blok qatarı göndərlilib ki, bu da 420 min ton yük deməkdir. Amma Cənub marşurutunun imkanları bundan qat-qat artıqdır. Proqnozlara görə, ilin sonuna qədər bu marşrut üzrə 300 blok qatarın yola salınması gözlənilir. Bundan əlavə yaxın zamanlarda Çindən bu marşrut üzrə ayda 100, ildə isə 1000 blok qatarının yola salınması planlaşdırılır.
Orta Dəhlizin Cənub marşrutunun inkişafı Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Orta Dəhlizin genişləndirilməsi tarixi zərurətdir:
“Orta Dəhlizin Cənub marşrutu ilə daşımalardakı artım da bunun sübutudur. Nəzərə alaq ki, bu ilin ilk 7 ayında Orta Dəhlizdən daşınan yüklərin həcmində ötən illə müqayisədə 65 faiz artım qeydə alınıb. Bu ondan xəbər verir ki, artım tendensiyası davam edəcək.
Biz növbəti mərhələdə də Orta Dəhliz üzərindən daşınan yüklərin miqdarında artım müşahidə edəcəyik. Orta Dəhliz bir tərəfdən də dövlət gəlirlərinin artırılması baxımından vacibdir. Bu ölkəyə daha çox valyuta daxil olması deməkdir. Digər tərəfdən bu dəhliz Azərbaycanın geosiyasi və geoiqtisadi gücünü artırır”.
Millət vəkili onu da əlavə edib ki, Azərbaycan Orta Dəhlizin inkişafına töhfə verən ölkələrdən biridir:
“Birmənalı şəkildə bu istiqamətdə həyata keçirilən layihələr Orta Dəhlizin daha da genişləndirilməsinə imkan yaradır. Bu proses hazırda çox uğurla davam edir. Ona görə də Orta Dəhlizin Cənub marşrutunun inkişafı günümüzün reallıqları kontekstində meydana çıxıb. Qeyd etməliyik ki, Orta Dəhlizə beynəlxalq marağın artması Azərbaycanın qeyri-neft sektorundan əldə etdiyi gəlirin artmasına və ölkəmizin geosiyasi mövqeyinin daha da gücləndirilməsinə imkan yaradacaq”.
Surxay Atakişiyev, Bizim.Media