Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində deyilir.
MÖVZU İLƏ BAĞLI:
Prezident “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanladı
“Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir.
Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar. Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir”, - müraciətdə vurğulanıb.
Bizim.Media