Azərbaycanın özü beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəvi nəticələrini yaşayıb və BMT Nizamnaməsinin, habelə əsas orqanlarının çoxsaylı qətnamələrinin icra edilməməsi ədalətsizliyi ilə üzləşib.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında "Yüksək Səviyyəli Həftə"si çərçivəsində baş tutan “Gələcəyin Sammiti”ndə (“Summit of the Future”) çıxışında deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycan beynəlxalq hüquqa ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının dayandırılması baxımından bu Sammitin ideyasını tam anlayır:
"Nizamnamə və eləcə də orada əksini tapan bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi, coğrafi və ya hər hansı üstünlüklər olmadan qeyd-şərtsiz tətbiq edilməlidir.
Azərbaycan BMT Nizamnaməsi tərəfindən qorunan suverenlik və ərazi bütövlüyü hüquqlarını bərpa edərək yeni dövrə qədəm qoyub.
Azərbaycan gücdən istifadənin qanunsuzluğuna son qoymaqla Ermənistanla tam şəkildə bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinə əsaslanan postmünaqişə normallaşma gündəliyinin təməlini qoyub.
Biz ikitərəfli danışıqlar vasitəsilə əldə edilmiş irəliləyişi əsas götürərək, yerdə qalan əngəlləri aradan qaldırmaq üçün təcili addımlar atmağa çağırır, lazımi siyasi iradənin və məsuliyyətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq".
Bizim.Media