Fransız politoloqdan MÜHARİBƏ ANONSU – “Qərb Ermənistanı silahlandırmaqla...”

Hazırda oxunan: Fransız politoloqdan MÜHARİBƏ ANONSU – “Qərb Ermənistanı silahlandırmaqla...”

212794

“ABŞ və Fransanın Qarabağ münaqişəsinə müdaxiləsi, xüsusən separatçı rejimin nümayəndələrinə dəstək verməsi və Ermənistanı silahlandırması onların geosiyasi məqsədləri haqqında vacib suallar doğurur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Fransanın Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib. Azərbaycanla Ermənistan arasında müharibənin başa çatmasından sonra, sülh üçün danışıqların getdiyi bir zamanda ABŞ və Fransanın iki ölkə arasında yenidən gərginlik yaratmasını şərh edən politoloq, bu mövzuda ABŞ və Fransanın maraqlarının da eyni olduğunu deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?


Niyə ABŞ və Fransa gərginliyi uzatmaqda maraqlıdır?

“ABŞ və Fransanın Cənubi Qafqaz regionuna marağının əsas səbəblərindən biri onların geosiyasi təsir gücünü artırmaq istəməsidir. Qafqaz Avropa ilə Asiyanı birləşdirən strateji kəsişmə nöqtəsi olaraq neft və təbii qaz kimi enerji resursları ilə zəngindir. ABŞ və Fransa Qarabağ münaqişəsində mövqe tutaraq, regionda böyük maraqları olan Rusiya və Türkiyənin təsirinə qarşı durmağa çalışırlar. 

Bu region həmçinin Xəzər dənizindən Avropaya karbohidrogenlərin daşınması üçün vacib enerji marşrutlarına çıxış nöqtəsidir. ABŞ və Fransanın bu “münaqişəyə” müdaxiləsi bu enerji yollarını təmin etmək və Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyan bir regionda mövqelərini gücləndirmək məqsədini güdür. Bununla da Rusiyanın Avropa enerji bazarındakı dominant təsirini tarazlamağa çalışırlar”.

Rusiya və Türkiyə ilə rəqabət

ABŞ və Fransanın digər qorxulu röyası isə güclənən Azərbaycanın Rusiya və Türkiyə ilə müttəfiqlik münasibətləridir. Elə bu səbəbdən də, süni münaqişə yaradaraq müttəfiqləri ayıramağa çalışırlar: 

“ABŞ və Fransanın diplomatik müdaxiləsi həmçinin daha geniş rəqabətin bir hissəsi kimi görülə bilər. Rusiya və Türkiyənin Qafqazda birbaşa maraqları var. Rusiya, Ermənistanın ənənəvi müttəfiqi kimi vasitəçi rolunda çıxış edir və eyni zamanda Azərbaycanla münasibətlərini qoruyub saxlayır.

Türkiyə isə 2020-ci il müharibəsi zamanı Azərbaycana ciddi hərbi və siyasi dəstək verib. ABŞ və Fransa Ermənistanı və Qarabağ separatçılarını dəstəkləyərək bu dinamikanı dəyişməyə və Rusiyanın regiondakı mövqeyini zəiflətməyə, Türkiyənin təsirini isə məhdudlaşdırmağa çalışırlar”, - deyə N.Asas bildirib.

Separatçıların ABŞ Konqresinə dəvət edilməsi də, bu maraqlara xidmət edir:

“Qarabağ separatçılarının nümayəndələrinin ABŞ Konqresinə dəvət edilməsi və "Dağlıq Qarabağın süqutuna" həsr edilmiş tədbirlərin təşkil edilməsi ABŞ-ın bu regionda yenidən təsir gücünü möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Erməni diasporunun təsiri də ABŞ və Fransanın Qarabağa dair siyasətlərini formalaşdıran əsas faktorlardan biridir. 

Fransada və ABŞ-da yaşayan erməni icmaları siyasi baxımdan fəaldırlar və hökumətlərinə Ermənistanı dəstəkləmələri üçün ciddi təzyiq göstərirlər. Fransadakı erməni diasporu Avropanın ən böyük diasporlarından biri hesab olunur və güclü mobilizasiya qabiliyyətinə malikdir. ABŞ-da isə xüsusən Kaliforniya kimi bölgələrdə yaşayan ermənilər təsirli sayılır və siyasətçilər bu bölgələrdən olan seçicilərin dəstəyi naminə erməni məsələlərini dəstəkləyirlər”.

Bəs ABŞ və Fransanın Ermənistanı silahlandırması: Bu, yeni müharibəyə səbəb ola bilərmi? 

“ABŞ və Fransanın Ermənistanı silahlandırması münaqişənin eskalasiyasına səbəb ola bilər. Verilən silahlar yalnız müdafiə xarakterli deyil, hücum qabiliyyətlərini də əhatə edir və bu, Ermənistanı Azərbaycanla münasibətlərində daha aqressiv mövqe tutmağa təşviq edə bilər. Xüsusən də, Azərbaycan 2020-ci il müharibəsindən sonra mövqeyini möhkəmləndirib və istənilən təhlükəyə güclü reaksiya verə bilər. 

Ermənistanın yenidən silahlandırılması həmçinin regionda hərbi tarazlığı poza bilər, bu da Azərbaycanın öz hərbi qabiliyyətlərini artırmasına səbəb ola bilər. Hər iki tərəfin artan hərbiləşdirilməsi hərbi gərginliyin daimi qaynar nöqtəsinə çevirə bilər və bu, regional sabitlik üçün dağıdıcı nəticələrə səbəb ola bilər”, - deyə N.Asas qeyd edib.

Regionda artan rəqabət bütün bölgəni əhatə edəcək:

“Yeni silahlı münaqişə yalnız Ermənistan və Azərbaycanı əhatə etməyəcək. Ermənistanın tarixi müttəfiqi olan Rusiya, xüsusən ABŞ və Fransanın silah transferləri fonunda, Ermənistanın maraqlarının təhlükə altına düşdüyünü hiss edərsə, hərbi müdaxilə etmək məcburiyyətində qala bilər. Türkiyə isə Azərbaycana güclü strateji dəstəyi ilə Ermənistana qarşı reaksiya göstərə bilər və bu, daha geniş bir regional münaqişəyə səbəb ola bilər. 

ABŞ və Fransanın hücum silahları tədarükü bu regional güclər tərəfindən strateji balansı yenidən qurmaq cəhdi kimi təqdim oluna bilər. Bu vəziyyət gərginliyi artırmaq və böyük güclər arasında birbaşa qarşıdurma riskini artırmaqla Qafqazı geosiyasi rəqabət üçün təhlükəli bir məkana çevirə bilər”, - deyə N.Asas əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin