Müharibədə YENİ DÖNƏM – Rusiya Donetskdə irəliləyir, Zelenski qələbə planından danışır...

Hazırda oxunan: Müharibədə YENİ DÖNƏM – Rusiya Donetskdə irəliləyir, Zelenski qələbə planından danışır...

212782

Son zamanlar, Rusiya Ukrayna ilə müharibədə Donbas istiqamətində müəyyən üstünlüklər əldə edir. Bu istiqamətdə Rusiya qoşunları çətin də olsa, tədricən irəliləyərək, bir sıra strateji məntəqələri tutub. Yəni Ukrayna Kursk uğuruna baxmayaraq, Donbas istiqamətidə mövqelərini itirməkdə davam edir. 

Üstəlik, Rusiya ordusu Donetsk vilayətinin strateji əhəmiyyətə malik olan Uqledar şəhərini də mühasirəyə almağa çalışır.

Belə bir vəziyyətdə Ukrayna Prezdenti Volodimir Zelenski isə sülh planı ilə ABŞ-a gedir. Hansı ki, məlumatlara görə, bu sülh planında qələbə planı yer alıb. Bunun üçün də rəsmi Kiyev Qərbdən dəstəyinin artırılması və xüsusən də Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsinə çalışır
 

MÖVZU İLƏ BAĞLI:

Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?


Hələlik isə Qərb bu məsələdə yekdil deyil. Qərb alyansının başında dayanan ABŞ bu məsələdə müəyyən tərəddüd edir. Zelenski də çalışır ki, Nyu-York səfərində Bayden, Harris və Trampla görüşü fonunda bu tərəddüdü aradan qaldırsın. 

Proseslər nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Qərb ortaya qətiyyət qoymasa, Ukrayna ərazilərinin bir hissəsini itirmək hesabına sülhə getməyə məcbur olacaq: 

“Rusiya qoşunları irəliləyir və təəssüf ki, Ukrayna bu hücumların qarşısını almaqda çətinlik çəkir. Digər tərəfdən də Zelenski özünün sülh planını hazırlayıb və onu qələbə planı adlandırır. Həmin planı o, bu həftə ABŞ Prezidenti və prezidentliyə namizədlərə təqdim etməlidir”. 

Həmsöhbətimiz hesab edir ki, Zelenskinin bu planı qarışıq və reallıqdan uzaq plandır: 

“Onun kökündə Ukraynaya yardımların artırılması və Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazənin verilməsi dayanır. Qərb də bundan qorxur. Çünki Putin xəbərdarlıq edib ki, belə bir razılığın verilməsi NATO-nun Rusiya ilə birbaşa müharibəyə cəlb olunması demək olacaq. Qərb daha çox öz təhlükəsizliyi barədə düşünür”. 

Politoloq düşünür ki, hər şeyi ABŞ-dakı prezident seçkiləri həll edəcək: 

“Tramp qalib gəlsə, onun sülh planı Rusiyanın marağına cavab verən plandır. Harris qalib gəlsə, o da daha çox sülhdən danışacaq”. 

Ekspertin fikrincə, indiki halda sülh danışıqları isə Kiyevin xeyrinə ola bilməz:

“Bunun üçün Ukraynanın cəbhədə ciddi uğur qazanması vacibdir. Lakin Ukraynanın son hücum kampaniyaları uğurlu olmayıb. Kurskda ələ keçirdikləri əraziləri saxlamaqda da çətinlik çəkir. Ukraynanın daha da irəli getməsi üçün Qərb Rusiya ərazilərinin bütövlükdə vurulmasına icazə verməli, yardımları 2-3 dəfə artırmalıdır. 

Ancaq söz verdiyi yardımları belə tam həcmdə vermir. Bu il üçün nəzərdə tutulan 10 milyard dollarlıq hərbi yardımın yalnız 4 milyarddan bir qədər artığını veriblər. Qərbin belə mövqeyi isə Ukraynanı ağır vəziyyətdə qoyur. 


Belə olan halda aydındır ki, Zelenski sülhə getmək məcburiyyətindədir. Sülh şərtləri də ortadadır. Putin İstanbul razılaşmasına qayətmağı tələb edir. Yəni işğal olunmuş ərazilər Rusiyanın nəzarətində qalır. Qərb ortaya qətiyyət qoymasa, Ukrayna ərazilərinin bir hissəsini itirmək hesabına sülhə getmək məcburiyyətindədir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin