Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın “The Sunday Times” qəzetində Dominik Lauson tərəfindən Azərbaycanla bağlı yazılan qərəzli məqaləyə cavab verib.
Bizim.Media xəbər verir ki, azərbaycanlı diplomatın cavab məktubu “The Times”ın saytında “The Sunday Times qəzetinin redaktoruna məktub” başlığı ilə dərc olunub.
Elin Süleymanov deyib ki, Dominik Lauson Bakıda keçiriləcək COP iqlim konfransının “Sülh COP-u” adlandırılmasını tənqid edib.
“Lakin o, qeyd etmir ki, Azərbaycanın ev sahibliyi məhz qonşu Ermənistanla sülh prosesinin birbaşa nəticəsidir. Ermənistan 30 il ərzində ölkəmin beşdə birini işğal etmişdi. Yaxşı niyyətin bir göstəricisi olaraq Ermənistan COP-a ev sahibliyi etmək üçün namizədliyini geri çəkdi və Azərbaycanın namizədliyini dəstəklədi. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədi”,- deyə Elin Süleymanov cavab məktubunda bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin liderləri yaxın zamanda çoxdan gözlənilən sülh sazişinin əksər şərtləri üzərində razılığa gəldiklərini təsdiqləyiblər.
“Əksinə, Dominik Lauson Qarabağda – beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan bir bölgədə qanunsuz etnik separatizm nümunəsini təkrarlamağa çalışan erməni liderlərin azad edilməsini müdafiə edir. Ermənistan hökuməti artıq beynəlxalq hüquqa uyğun olaraq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu tanıyır”,- deyə Azərbaycanlı diplomat qeyd edib.
Bizim.Media