Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

Hazırda oxunan: Sahib Məmmədov: “Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir”

210176

“Həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir və regional proseslərin önündə gəlir. Həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verən təşəbbüsləri ölkəmizə bu statusu qazanmağa imkan verib. Həm də Azərbaycan dünyada tam güvənilən, atdığı hər bir imzasına dəyər verən etibarlı tərəfdaş kimi tanınır. Bu da onunla münasibətlər quran, əməkdaşlığı genişləndirmək istəyən dövlətlərin sayını durmadan artırır və beynəlxalq mövqelərini möhkəmləndirir. Təbii ki, ölkəmizin qazandığı bütün bu nailiyyətlərin bilavasitə müəllifi dövlətimizin başçısı cənab İlham Əliyevdir. Prezidentimiz istənilən beynəlxalq məsələlərdə Azərbaycanı layiqincə təmsil edir, ölkəmizin maraqlarını yüksək səviyyədə qoruyur. Onun beynəlxalq təşkilatların tədbirlərindəki çıxışlarının maraqla izlənilməsi, qlobal səviyyəli təşəbbüslərinin və bəşəriyyətin gələcəyi ilə bağlı dəyərli təkliflərinin dünya liderləri tərəfindən dəstəklənməsi dövlətimizin və şəxsən Prezidentimizin nüfuzunun göstəricisidir. 2019-cu ildə Qoşulmama Hərəkatına sədrliyin üzv dövlətlər tərəfindən ölkəmizə həvalə olunması, eləcə də beynəlxalq və regional təşkilatların müxtəlif mövzulu tədbirlərinin Azərbaycanda keçirilməsi dediklərimizin bir daha təsdiqidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərində İtaliya ilə əlaqələr xüsusi önəm kəsb edir: “Ən qədim dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə sahib olan bu ölkə ilə əlaqələrimiz bir çox vacib sahələr üzrə daim inkişaf edərək möhkəm dostluğa və strateji tərəfdaşlığa çevrilib. Yaxın tarixdir ki, uzun illər Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet təşkil edib və ölkəmiz bu istiqamətdə səsini dünyaya çatdırmaq üçün səylə çalışıb. Həmin dönəmlərdə ədalətli mövqe tutan, Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də İtaliya olub. Belə ki, 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfəri zamanı bu ölkənin prezidenti və digər rəsmiləri birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etmişdilər. Bu yanaşma, həqiqətən də, həmin həssas dönəmdə Azərbaycan üçün xeyli önəmli idi. Ümumiyyətlə, Ulu Öndərimizin bu səfər çərçivəsində keçirdiyi rəsmi görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığa təkan verdi, əlaqələrimiz yüksələn xətlə daha sürətlə inkişaf etməyə başladı”.

“2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020 və 2022-ci illərdə ölkəmizin başçısı cənab İlham Əliyevin Romaya səfərləri əlaqələrimizin dinamik inkişafına müsbət təsir göstərib və münasibətlərimiz daha sıx xarakter almağa başlayıb. Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Çünki Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır. Həmçinin 2023-cü ildə Azərbaycandan İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub və bu da, təbii ki, yüksək göstəricidir. Eyni zamanda bu ilin əvvəlindən iyul ayınadək ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,2 milyard dollar, o cümlədən idxalın həcmi 0,3 milyard dollar, ixracın həcmi isə 5,9 milyard dollar olub. Azərbaycanda mövcud olan siyasi sabitlik, əlverişli investisiya mühiti İtaliyanın işgüzar dairələrinin də diqqətini cəlb edir. Ölkəmizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə İtaliyanın 100-dən çox investisiyalı kommersiya qurumu çalışır. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, o cümlədən dini və mədəni abidələrin bərpasında İtaliyadan olan şirkətlər də iştirak edir”, - AHİK sədri qeyd edib.
Sahib Məmmədov bildirib ki, iki ölkə arasında humanitar sahələrdə də əlaqələr davamlı şəkildə inkişaf edir: “Xüsusi olaraq bildirmək istərdim ki, bu sahə üzrə münasibətlərin genişlənməsində Heydər Əliyev Fondunun və yüksək humanist addımları, səmərəli ictimai fəaliyyəti ilə dünyada böyük hörmət sahibi olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin dərin izləri var. Belə ki, Müqəddəs Marçellinio və Pietro katakombaları Fondun dəstəyi ilə bərpa edilib və Mehriban xanım Əliyeva katakombalarının açılış mərasimində iştirak edib. Həmçinin Vatikanda dünya üçün xüsusi önəm daşıyan qiymətli əsərlərin qorunması naminə şəxsən Mehriban xanım Əliyevanın təşəbbüslərinin dünyada misli yoxdur. Bu missiya nəinki İtaliya-Azərbaycan münasibətlərinə, o cümlədən dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşmasına və möhkəmlənməsinə verilən mühüm töhfədir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya budəfəki işgüzar səfərinin perspektivlərini qeyd edən Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, dövlətimizin başçısının dost ölkədə keçirəcəyi yüksək səviyyəli görüşlər, ikitərəfli əlaqələrdə aktual mövzular üzrə aparılacaq müzakirələr strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizi daha da möhkəmləndirəcək, eləcə də yeni sahələr üzrə əməkdaşlığın qurulmasına və dərinləşməsinə geniş imkanlar açacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin