Sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə bütün dairələr üzrə qalib gələnlər məlum olub. Seçkilərin nəticəsində deputat mandatı alanlar arasında gənc nəslin nümayəndələri də vardır.
İlkin məlumatlara əsasən, yaşı 35-dən az olan 3 namizəd VII çağırış Milli Məclisdə təmsil olunacaq.
MÖVZU İLƏ BAĞLI:
Hansı tanınmışların övladları deputat olmaq şansı qazanıb? – SİYAHI
Bizim.Media həmin namizədlərin adlarını təqdim edir:
Mahir Süleymanlı
Bu ilki seçkilərdə rəqiblərini geridə qoyaraq deputat seçilən ən gənc namizəd 29 yaşlı Mahir Süleymanlıdır. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsində digər rəqiblərini qabaqlamağı bacarıb. Mahir Süleymanlı 28 fevral 1995-ci ildə anadan olub. İlkin nəticələrə görə gənc namizəd 10 min 131 səs toplayıb. Seçkiyə gələnlərin 59,6 faizi ona səs verib. Onu da qeyd edək ki, M. Süleymanlı keçmiş deputat Tahir Süleymanlının oğludur.
Səbinə Xasayeva
Daha bir qalib 1 saylı Binəqədi-Qaradağ seçki dairəsindən uğur qazanan 31 yaşlı Səbinə Xasayevadır. S. Xasayeva 1993-cü il martın 30-da Bakı şəhərində doğulub. O, ikinci dəfədir deputat seçilir. Bu dəfəki seçkilərdə Səbinə Xasayeva 68,4 faiz səs toplayıb.
Mircəlil Qasımlı
Mircəlil Qasımlı da seçkilərdə qalib gələn gənc namizədlərdəndir. O, 19 mart 1992-ci ildə anadan olub. M.Qasımlı 13015 səs və seçicilərin 50,7 faizinin səsini almaqla 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib. O həmçinin "Bakı Məişət Maşınları” ASC-nin sədridir.
Rüfət Sultan, Bizim.Media