Unudulan yardımlarımız... – Azərbaycanı Fələstinə “düşmən” obrazında göstərmək kimin PLANIDIR?

Hazırda oxunan: Unudulan yardımlarımız... – Azərbaycanı Fələstinə “düşmən” obrazında göstərmək kimin PLANIDIR?

Azərbaycanın Fələstinə siyasi və maliyyə dəstəyi haqqında məlumatlar və münaqişə haqqında analiz

208493

Qloballaşan dünyada baş verən münaqişələr regional səviyyədə qalmır, daim beynəlxalq oyunçuların diqqət mərkəzində olur. Xüsusilə də, böyük güclərin birbaşa və dolayı müdaxiləsi əksər hallarda münaqişələri daha da çıxılmaz vəziyyətə salır. Belə olan halda, kənar dövlətlərin maraqlarına dinc insanlar qurban gedir.

Fələstin və Ukraynada olduğu kimi...

Əksər böyük güclərdən fərqli olaraq, Azərbaycan münaqişədən uzun illər zərər görmüş ölkə kimi hər zaman sülh üçün çalışıb. Müstəqilliyin ilk illərindən rəsmi Bakı Fələstin münaqişəsinin beynəlxalq hüquqa uyğun şəkildə nizamlanması üçün öz mövqeyini daim ortaya qoyub.

Məsələn, hələ 1992-ci ildə Azərbaycan Fələstini müstəqil dövlət kimi tanıyıb. 2010-cu ildə Fələstinin Azərbaycanda səfirliyi açılıb. 2022-ci ildə isə Azərbaycanın Fələstində təmsilçilik ofisinin yaradılacağı rəsmi şəkildə elan olunub

Xatırladaq ki, iyun ayında Misirə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı ilə birgə keçirilən mətbuat konfransında ölkəmizin Fələstinlə bağlı mövqeyini bir daha bəyan edib:

“Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Üstəlik, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Fələstinə dəstək məsələsində digər İslam dövlətlərindən heç vaxt geri qalmayıb.

Fələstinə maliyyə yardımları

Azərbaycan Fələstinə təkcə siyasi yox, həm də maddi dəstək göstərib. 

2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında  iştirak etmək məqsədi ilə Azərbaycana səfər edib. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstin Dövlətinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırıb.

29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb.

Bəs, Fələstin nə edib?

Bütün siyasi-iqtisadi dəstəklərimizə rəğmən Fələstindən oxşar dəstəyi görməmişik. Məsələn, 30 illik işğal dönəmində Fələstindən ermənilərə dəfələrlə dəstək mesajlarının verildiyinin şahidi olmuşuq. Fələstin Azadlıq Hərəkatının sabiq lideri Yasir Ərəfatın ermənilərlə qardaşlıq ismarışı, əli minlərlə günahsız soydaşımızın qanına batmış ASALA-nın Fələstində bazalarının olması bunun əyani sübutudur

Yəni Azərbaycan “yamanlığa yaxşılıq ər kişinin işidir” məsəlinə uyğun olaraq, Fələstinin bütün qərəzli addımlarına rəğmən humanist siyasətindən əl çəkməyib. Üstəlik, İsrailin 44 günlük Vətən müharibəsində göstərdiyi hərbi-siyasi dəstək də Azərbaycanın sülh və humanizmdən yana olan mövqeyini dəyişməyib.

Fələstin üzərindən oynanan çirkin oyun

Əvvəldə də qeyd etdiyimiz kimi, İsrail-Fələstin münaqişəsi heç vaxt iki ölkənin məsələsi olmayıb. Hələ ilk gündən böyük güclər Yaxın Şərqdə öz maraqlarını təmin etmək üçün yanan ocağın üzərinə benzin tökməklə məşğul olublar.

Əslində, Qəzzadakı müharibəni İsrail-Fələstin münaqişəsi adlandırmaq da siyasi cəhətdən o qədər də doğru deyil. Çünki münaqişədə faktiki tərəf HƏMAS-dır və ötən il oktyabrın 7-də HƏMAS İsrailə müharibə elan edib. Göründüyü kimi, Fələstində vahid bir qüvvə yoxdur və parçalanmış güclərin hərəsi bir məzhəbə qulluq edib, fərqli mərkəzlərdən idarə olunur. Yəni, kimin əlinin, kimin cibində olduğu da məlum deyil. 

Təəssüflər olsun ki, bu cür qarışıq vəziyyətin hökm sürdüyü məsələ ilə bağlı Türkiyədə bəzi media resursları Azərbaycanı az qala Fələstinə düşmən dövlət kimi təqdim etməyə çalışırdılar.

Onlar Azərbaycanla İsrail arasında münasibətləri əsas gətirir, ölkəmizin Fələstinə yardımlarını isə görməzlikdən gəlirdilər. Lakin görünən qədərilə həmin media qurumları da real vəziyyəti, Azərbaycanın ədalətli mövqe sərgilədiyini anlamağa başlayıblar. Artıq həmin mətbuat orqanlarının da Azərbaycanın Qəzza böhranı ilə bağlı mövqeyinə daha anlaşıqlı və məntiqlə yanaşdığı hiss olunur. 

Azərbaycan üçün milli maraqlar ön plandadır

Təbii ki, bu cür gərgin, qarışıq problemlər qarşısında Azərbaycan daim öz milli maraqlarını ön planda tutur və təhlükəsizliyimizə xidmət edən siyasət yürüdür. Bunun üçün də bütün məsələlərə ədalətli və adekvat yanaşaraq düşmənçiliyi daha da alovlandırmaq yerinə, sülhün təmin olunmasına yönələn addımlar atır. Belə olan halda, hansısa güclərin və onlara xidmət edənlərin Azərbaycandan öz siyasətini dəyişməsini tələb etməsi absurd yanaşmanın və siyasi savadsızlığın göstəricisidir. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin