Azərbaycan rəsmi olaraq BRİCS-ə üzv olmaq üçün müraciət ünvanlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Qeyd edək ki, BRİCS 2006-cı ildə yaradılıb. Hazırda 5 ölkəni birləşdirir. Bunlar, Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və Rusiyadır.
Braziliya kənd təsərrüfatı məhsulları ilə zəngin ölkədir. Rusiya dünyada mineral resursların ən böyük ixracatçısıdır. Hindistan ucuz intelektual resurslara malikdir. Sürətlə inkişaf edən Çin ucuz əmək resurslarının sahibidir. CAR isə təbii resurslarla zəngin ölkədir.
Əvvəlcə investisiya imkanlarını müəyyən edən üzv ölkələr 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Son zamanlar digər dövlətlərin də BRİCS-ə marağı artıb. Bir sıra ölkələr də quruma üzv olmaq arzusunu ifadə edib. Onlardan biri də Azərbaycandır.
BRİCS-ə üzvlük Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, BRİCS-ə qoşulmaqla Azərbaycan böyük dövlətlərlə birlikdə dünyadakı qlobal problemlərin həllində iştirakçı olacaq:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın BRİCS-ə üzv olması ölkəmizə nə kimi dividendlər verəcək? – DETALLAR
“BRİCS son dövrlər yaranmış beynəlxalq təşkilat olsa da, qısa zamanda dünya siyasətində ciddi bir faktora çevrilib. Bir sıra dövlətlər dünyanın idarə edilməsi, dövlətlərarası münasibətlərdə onlara qarşı olan ədalətsizliyi aradan qaldırmaq üçün birləşmək qərarına gəlib. Bunların içərisində Çin, Rusiya, Hindistan, Braziliya kimi nəhəng dövlətlər var. Artıq təşkilata daxil olan dövlətlərin sayı 10 çatır. Onlar da dünyanın müxtəlif regionlarını təmsil edir. Onların bu formada əməkdaşlığı dünyada yeni bir quruluşun, ədalətin bərqərar olmasında böyük rol oynayır.
BRİCS ilk növbədə iqtisadi birlikdir. Həmin dövlətlər öz iqtisadiyyatlarını bir-birilə tamamlamağa, birgə layihələr həyata keçirməyə, enerji resurslarının istifadəsinə, ekologiyanın qorunması kimi məsələlərdə birgə hərəkət etmək qərarına gəliblər. Azərbaycan da quruma qoşulmaq üçün müraciət edib. BRİCS-ə qoşulmaqla Azərbaycan böyük dövlətlərlə birlikdə dünyadakı qlobal problemlərin həllində iştirakçı olacaq. Bu dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli münasibətlərdə bir sıra iqtisadi layihələrin həyata keçirilməsində rol oynayacağıq”.
“BRİCS-ə üzvlüyümüz digər üzvlər üçün də faydalı olacaq”
A.Mirzəzadə qeyd edir ki, Azərbaycan quruma üzv olmaqla öz təcrübəsini, dünyagörüşünü BRİCS-ə gətirəcək:
“Eyni zamanda, həmin təşkilatın üstünlüklərindən istifadə edəcəyik. Bu təşkilat məsələlərin həll edildiyi, problemlərin ciddi müzakirə edildiyi platformaya çevrilməkdədir. Azərbaycan regionun lider dövləti, dünyanın nüfuzlu ölkələrindən biri kimi prosesdə iştirak etmək istəyir. Azərbaycan Qoşulmama Hərəkatına 4 il rəhbərlik etməklə özünü beynəlxalq siyasətin fəal və məhsuldar oyunçusu kimi göstərdi. BRİCS-ə qoşulmaq həm ölkəmizə, üzv dövlətlərə çox faydalı olacaq. Ümid edirik ki, tezliklə BRİCS-ə qəbul ediləcəyik”.
Rüfət Sultan, Bizim.Media