Putinin səfərindən YADDA QALANLAR – Rusiya liderinin Azərbaycana gəlişinin PƏRDƏARXASI

Hazırda oxunan: Putinin səfərindən YADDA QALANLAR – Rusiya liderinin Azərbaycana gəlişinin PƏRDƏARXASI

207513

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Azərbaycana 2 günlük dövlət səfərinə gəldi. 

Rusiya liderinin səfərini region və dünya ölkələri çox diqqətlə izləyirdi. Bu da təsadüfi deyildi. Çünki bu gün Rusiya ətrafında çox ciddi proseslər baş verir. Xüsusən də, Ukraynanın Rusiyaya hücum etdiyi bir zamanda Putininin Azərbaycana səfər etməsi çox mətləblərdən xəbər verir.

Putin Bakıya niyə gəlmişdi?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə EDİLDİ - FOTO/VİDEO


Məlumdur ki, Ukraynanın Rusiyaya hücum etməsi ilə müharibədə artıq ikinci cəbhə açılıb. Bu hücum həm də onu göstərdi ki, tərəflər hələ də sülh danışıqlarından çox-çox uzaqdır. Yəni bu münaqişə hələ bir müddət də davam edəcək. Bu isə Rusiya üçün çox böyük siyasi, iqtisadi və sosial problemlər deməkdir. Belə vəziyyətdə isə rəsmi Moskvanın həm yeni imkanlar axtarması, həm də zəruri məsləhətləşmələrə ehtiyac duyması başadüşüləndir. 

Qərbin basqısı hesabına hazırda əksər ölkələr Rusiyadan üz çevirib. Bu gün Rusiya ilə iqtisadi-siyasi əlaqələri dərinləşdirməkdə olan ölkələr barmaqla sayılacaq qədər azdır. Hətta hər zaman Rusiya ilə yaxın müttəfiq olan Orta Asiya ölkələri Moskva ilə münasibətlərə yenidən baxır. Təsadüfi deyil ki, ötən həftə Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşü keçirilib. Bu görüşdə çox ciddi şəkildə təhlükəsizlik məsələləri müzakirə edilib. 

Maraqlıdır ki, bu görüşə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi statusla dəvət edilmişdi. 

Bundan əlavə, İranda yeni prezident öz səlahiyyətlərinin icrasına başlayıb. Eləcə də bu günlərdə ABŞ-ın Ermənistanda hərbi mövcudluğu təsdiqlənib.

Yəni bütün bunlar Rusiya üçün kifayət qədər ciddi məsələlərdir. Ona görə də Rusiya belə həssas dönəmdə ən etibarlı tərəfdaşı ilə müzakirə aparmağı vacib bildi. Üstəlik, Azərbaycan son illər regional gücə çevrildiyi üçün bölgədə baş verən proseslərə kifayət qədər təsir etmək imkanlarına malikdir. Bu səbəbdən, Rusiya liderinin Azərbaycana ilk dəfə dövlət səfərinə gəlməsi təsadüfi deyildi. 

Çünki Azərbaycanın coğrafi statusu və qətiyyətli mövqeyi bir çox ölkələr üçün, o cümlədən də Rusiya üçün çox cəlbedicidir. Ona görə də ciddi sınaq qarşısında olan Rusiya lideri vacib məsləhətləşmə üçün Bakıya gəldi.

Putin çox səmimi danışdı

Rusiya lideri Bakıdakı görüşlərində Azərbaycan haqqında çox xoş sözlər söylədi, tarixi ənənələrdən, dostluq bağlarından danışdı. O hətta Bakının fəal şəkildə inkişaf edərək Cənubi Qafqaz regionunda "oazis"ə çevrildiyini qeyd etdi. Çoxları bu fikri iqtisadi yöndə anlasa da, bu sözlərin altında böyük siyasi yük var. Vladimir Putin dolayısı ilə Bakının regionun siyasi mərkəzə çevrildiyini etiraf etdi. Ona görə də “Bakıda olmaqdan çox məmnunam” dedi. 

Bu da təsadüfi deyildi. Çünki Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun dediyi kimi “Azərbaycan müasir beynəlxalq siyasətin trendlərini müəyyən edən ölkələr sırasındadır”.

Üstəlik, Azərbaycan mehriban qonşuluğa, səmərəli və bərabərsəviyyəli əməkdaşlığa önəm verən bir ölkədir. Halbuki, indiki reallıqda belə dövlətlərə rast gəlmək çox nadir hadisədir. Ona görə də Putin mətbuata bəyanatında Rusiyanın Azərbaycanla münasibətlərinin bərabərhüquqlu olduğunu vurğuladı.

Rusiyanın Azərbaycana çox böyük ehtiyacı var.

Azərbaycan tək-tük ölkələrdəndir ki, Qərbin təzyiqlərinə boyun əyməyərək Rusiya ilə əlaqələrini bütün istiqamətlərdə şaxələndirir. Təbii ki, indiki məqamda Rusiya üçün əsas iqtisadi əlaqələrdir. Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizi hazırda Rusiya üçün həyati əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi istiqamətində ciddi iş aparılır. Söhbət il ərzində 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından gedir. 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya lideri ilə görüşdə bildirdi ki, biz bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsaitin ayrılmasını nəzərdə tutmuşuq:

“Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir.

Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik”.

Təbii ki, mətbuata açıqlanan məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında müzakirə edilən sülh sazişi idi. Rusiya lideri bu prosesin sürətlənməsini vacib hesab etdiyini bildirdi. Hətta söz verdi ki, Moskvaya dönəndən sonra ilk işi Paşinyanla bu məsələ ilə bağlı danışmaq olacaq.

Regiona kənar oyunçuların soxulması ciddi narahatlıq doğurur.

İki liderin görüşündə müzakirə olunan əsas məsələlərdən biri də ABŞ və Fransanın Ermənistanda hərbi mövcudluğudur. Məlum olduğu kimi son bir ildə Qərb Ermənistanda ciddi şəkildə möhkəmlənib. ABŞ əvvəlcə bu ölkədə hərbi-sınaq laboratoriyalarını yaratdı. Hazırda isə Pentaqon öz hərbi birləşmələrini Ermənistanda yerləşdirir. Bu azmış kimi Vaşinqton özünün Avropadakı müttəfiqlərini də bu işə sövq edir. 

Ona görə də ABŞ-la yanaşı Fransa da Ermənistanda hərbi cəhətdən möhkəmlənir. Bu da təbii ki, regionun təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Ona görə də bu məsələ Rusiya və Azərbaycan liderləri arasında ciddi şəkildə müzakirə edilib. 

Bir sözlə, Putinin Azərbaycana dövlət səfəri çox mətləblərə aydınlıq gətirdi. 

Sübut olundu ki, artıq Azərbaycanın hansısa məsələdə vasitəçiyə ehtiyacı yoxdur. Azərbaycan qarşılaşdığı problemləri təkbaşına aradan qaldırmaq qüdrətindədir. Eyni zamanda, Azərbaycan hansısa problemin, münaqişənin həllində ən uğurlu vasitəçidir. Bu hətta Rusiya-Ukrayna münaqişəsi üçün də keçərlidir. Bütün bunlarsa onu göstərir ki, Azərbaycan regional gücdən beynəlxalq aktora çevrilmək mərhələsində uğurla irəliləyir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin