Koçaryana Yerablurda solaxay sillə - O, indi kiminlə birləşəcək?

Hazırda oxunan: Koçaryana Yerablurda solaxay sillə - O, indi kiminlə birləşəcək?

20750

Ermənistanda hamı “birləşək amma, mən baş nazir olum” deyir. Sonuncu dəfə də Robert Koçaryan publika qarşısında belə bir artistlik edib. Təbii ki, bu çox gülünc səslənir. Ter-Petrosyan, Manukyan və başqaları Koçaryandan öncə bu təkliflə çıxış etmişdilər. Mümkün olmadı, çünki Ermənistanda cəmiyyətin birləşməyə halı qalmayıb, siyasətçilərin isə ifrat iddiası buna imkan vermir.

Mayın 9-da da Robert Koçaryan Nikol Paşinyana qarşı alyans yaratmaq iddiası ilə çıxış edib və onun axırına birlikdə çıxaq deyib. Mənzərə boğaza qədər bataqlıqda olan birisinin tərpəndikcə batdığı səhnəni xatırladır. 
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan seçkilərdə iddiasını ortaya qoydu - “Ermənistan” koalisiyası yaradıldı


Bu çıxışdan öncə Yerabluru ziyarət edən Koçaryan əsgər valideynlərinin hücumlarına tuş gəlib:

“Ölkəni talayıb viran qoymusan, indi yenə hakimiyyət davası edirsən? Müharibədəki məğlubiyyətin ən birinci səbəbkarı elə sənin özünsən, əllərin uşaqlarımızın qanına batıb” – deyə, məzarlıqdan uzaqlaşdırıblar. Bu Koçaryanın bütün şüur(suz)lu həyatına konkret münasibət və ən dəqiq siyasi qiymətdir.

İyunun 20-də isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu haray-həşir, gözədürtülmə də ona görədir. Hakimiyyətə gəlmək istəyən Vazgen Manukyan, Serj Sarkisyan, Robert Koçaryan, hətta Levon Ter Petrosyan kimiləri də aktiv fəaliyyətə başlayıb.

44 günlük müharibədə Azərbaycana ağır məğlubiyyətdən sonra Paşinyan hökuməti nüfuzdan düşsə də Nikolu devirmək mümkün olmadı.

Rusiya da anladı ki, Ermənistanda Soros təmsilçini Kremlin Qarabağ klanı ilə əvəz etmək asan olmayacaq. Çünki adətən çevrilişlə yenilənən Ermənistan hakimiyyəti Paşinyanın dönəmində belə “refresh” olmadı. 2020-ci ilin 12-ci ayında Nikola qarşı 100 min erməni ayağa qalxırdısa, hazırda onların sayı 10 dəfə azalıb. Nikol Paşinyan kütləvi etiraz aksiyalarını dəf etməyin asan yolunu bilir. Onun “təsir əks təsirə bərabərdir taktikası” hələki keçərlidir.

Məsələn Paşinyan iri istefa aksiyalarından sonra, ermənilərin önünə çıxaraq çıxış edir və onun nitqinə qulaq asanlar etiraz yürüşlərinə toplananlardan qat-qat çox olur. Bu isə Paşinyanın rəqiblərini aşağılayır. 
 

Belə olan halda, dünənə kimi bir-birinin üzünə belə baxmayan Koçaryan, Manukyan və Sarkisyan kimilərinin “tüpürdüyünü yalamaq”dan başqa çıxış yolu qalmır. Vaxtı ilə Koçaryan Petrosyanı, Sarkisyan Koçaryanı, Vazgen Manukyan isə bunların hamısını söyürdüsə, indi onların Nikola qarşı birləşməkdən başqa çıxış yolu qalmayıb.


Robert Koçaryan dünənki çıxışnda parlament seçkilərində “Daşnaksütyun” və “Yenidən doğulan Ermənistan” partiyalarının qalib gəlməli olduğunu bildirib və ən ideal namizəd kimi özünü göstərib.

Paşinyanın hökumətinin niyə əvəzlənməli olduğundan danışan Robert qeyd edib ki, “Bu hakimiyyət bizim məğlubiyyət rəmzimizdir.

"Bu hökumət 5 mindən çox ölən, 11 min yaralı və 35 min erməninin evsiz qalmasında günahkardır. Kasıbçılıq artıb. İrəvanın xarici borcu 2 milyarda çatıb. Biz hakimiyyətə gəldikdə nə etməliyik?”

Koçaryanın bu sualına 1998-2008-ci illərin statistikasına baxaraq cavab vermək olar. Həmin vaxt Ermənistanın lideri olan Robert Koçaryan 10 il ərzində ölkəsinin inkişafı üçün nəsə edə bilmədisə, 6-7 ay ərzində onun uğurlu konsepsiya hazırladığı inandırıcı deyil. Bunu isə ermənilər də yaxşı bilirlər. Sadəcə olaraq, Robert səfilliyə uğramış ermənilərin yaralı nöqtələrinə toxunmaqla özünün korrupsiya və özbaşınalıqlarını unutdurmaq, yenidən seçilmək niyyətindədir. Yoxsa o, özünün şüarları ətrafında Serj Sarkisyan və Levon Ter Petrosyanın da köməyinə ehtiyac duymazdı. 

Koçaryanın təzadlı fəaliyyəti ermənilərə sirr olmadığı üçün toplayacağı səs də çıxışları eşidilən akt zalı qədər olacaq.
 

Paşinyanı devirmək üçün bütün siyasi güclərin bir araya toplaşmalı olduğunu Petrosyan təklif edəndə Koçaryan onun bu ideyasını istehzaya qoyanlardan biri idi. İndi isə özü dalana dirənib və ideyanın qəbuluna yalvarır. Paşinyanın yerinə hansısa müxalifətçinin gəlməsi inandırıcı deyil. Bunun üçün iqtidarı təmsil etməyən siyasi qüvvələr birləşməlidir. Belə bir koalisiya isə real görünmür.


Çünki... Levon Ter Petrosyanı Robert Koçaryan ən pis ittihamlarla devirib. Koçaryana eyni aqibəti yaşadan isə Serj Sarkisyandır. İndi illərin düşmənləri Paşinyana qarşı “qırıq qoşun” yaratmağı planlaşdırır. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin