Ermənistan son dövrlər özünün qərbpərəst siyasətini daha da gücləndirib. Belə ki, İrəvan mütəmadi olaraq, ABŞ-la birgə hərbi təlimlər keçir. Eyni zamanda, Ermənistanda ABŞ hərbi kontingentinin yerləşdirildiyi barədə də məlumatlar yayılır. Hansı ki, İrəvanın bu addımları İranın maraqlarına tamamilə ziddir. Buna baxmayaraq, nədənsə Tehran İrəvanın hərəkətlərinə göz yumur. Halbuki, Ermənistan İranın özünün bir nömrəli düşməni hesab etdiyi ABŞ ordusunu öz ərazisinə gətirir.
Buna rəğmən, Tehran hətta Ermənistanla iqtisadi, mədəni əlaqələri genişləndirir.
Bu günlərdə İsfahan şəhərinin başçısı Əli Qasemazadə Qafan şəhərinin bələdiyyə başçısına "Qafan" günü münasibətilə təbrik ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
İran başı üzərindən uçan ABŞ təyyarələrinə niyə göz yumdu? – Zəngəzur üçün məxfi plan… - VİDEO
İran Ermənistanın Sünik (Zəngəzur) vilayətinin mərkəzi olan Qafan şəhərində konsulluğun yaradılması barədə qərar qəbul etdikdən sonra qərara alınıb ki, İranın baş konsulluğu ilə Sünik vilayəti arasında əlaqə mərkəzi İsfahanda olsun.
İranın cənubunda və İsfahanda Erməni Yeparxiyasının yerləşdiyi ərazidə 5 min erməni yaşadığı üçün Qafan bələdiyyəsinin rəhbəri İsfahana səfərində birgə tədbir keçirilib və hər il Qafanda İsfahan həftəsi keçirilməsi nəzərdə tutulub. İafahan və Qafan şəhərləri arasındakı əlaqələr İsfahanın ermənilər yaşayan 5 saylı yaşayış massivinin rəhbəri tərəfindən koordinasiya edilir.
İran Ermənistanla əməkdaşlığı niyə daha da gücləndirir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, İranın ABŞ ordusunu sərhədinə gətirən Ermənistana münasibətdə ağzına su alaraq susmasının arxasında Azərbaycanın bölgənin əsas söz sahibinə çevrilməsindən narahatlıq dayanır:
“Son dövrlər Azərbaycan İran münasibətləri müəyyən qədər istiləşib. Buna baxmayaraq, İran 30 ildən artıq müddətdə, yəni Azərbaycan torpaqları işğal altında olan dövrdə, xüsusən də, 2-ci Qarabağ savaşından sonrakı dövrdə Azərbaycan və Ermənistana yönəlik ənənəvi siyasətini davam etdirməkdədir. Tehranın Ermənistana verdiyi dəstək hər zaman ən üst səviyyədə olub. İrəvan rəsmiləri özləri də dəfələrlə etiraf edib ki, İranın iqtisadi, maliyyə, ticari və hərbi dəstəyi olmasaydı, Ermənistan ayaq üstə qala bilməzdi”.
İran Ermənistana niyə etirazını bildirmir?
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanın regionda güclənməsi, Türkiyə ilə tandemdə bölgənin söz və güc sahibinə çevrilməsi molla rejiminin maraqlarına tərs mütənasibdir:
“Azərbaycan isə qonşularla normal və bərabərhüquqlu münasibətlərin formalaşmasında maraqlıdır və əməli surətdə bunu dəfələrlə sübut edib. İran isə yenə də Ermənistanın Qərblə yaxınlaşmaq, ondan silah almaq və hətta hərbi bazasının mövcud olması siyasətinə göz yummaqda davam edir. İrana qarşı sanksiyalar tətbiq edən ABŞ ordusunun məhdud sayda olsa da Ermənistanda yerləşdirilməsi, Vaşinqtonun bu ölkədə ikinci ən böyük səfirlik kontingentinə malik olması birmənalı şəkildə Tehrana təhdid yaradır. Amma nədənsə bu İran rəsmilərini bir o qədər də narahat etmir.
İrəvanın addımına Tehranın daha sərt mövqe bildirməsini gözlədiymiz halda, bu edilməyib.
Bunun kökündə isə Azərbaycanın bölgədə güclənməsindən Tehranın narahat olması dayanır. Bu mənada İrəvana dəstək verməklə İran guya Azərbaycanı müəyyən qədər zəiflətmək xəttini yürütməyə çalışır. Azərbaycan isə heç bir kənar müdaxiləyə baxmayaraq bölgənin əsas güc sahibi olaraq qalır. Azərbaycanla münasibətləri normallaşdırmadan heç bir halda bölgədə sülh və sabitliyə nail olmaq mümkün deyil”.
Rüfət Sultan, Bizim.Media