Yeni Kaledoniyada niyə Azərbaycan bayrağı dalğalanır? – TƏHLİL

Hazırda oxunan: Yeni Kaledoniyada niyə Azərbaycan bayrağı dalğalanır? – TƏHLİL

206257

Xəbər verdiyimiz kimi, Fransanın müstəmləkəsi altında olan Yeni Kaledoniyanın müxtəlif bölgələrində son günlər Azərbaycan bayrağı dalğalandırılır. Bir çox ərazilərində ölkənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı asılıb.

Yeni Kaledoniyada niyə Azərbaycan bayrağı asılır?

Bunun bir sıra sədəbləri var. Əsas səbəb odur ki, Azərbaycan Yeni Kaledoniyanın müstəqilliyini aktiv şəkildə dəstəkləyir. Ona görə də Yeni Kaledoniyada müstəqillik uğrunda keçirilən aksiyalarda bayrağımızın dalğalanılması hallarına davamlı olaraq rast gəlinir.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Kaledoniyada bayrağımız dalğalanır - FOTO


Azərbaycanın bu ada ölkəsinin müstəqilliyini dəstəkləməsində vacib amil ondan ibarətdir ki, biz də uzun illər müstəmləkəçilikdən əziyyət çəkmişik. 1918-ci ildə qazanılan dövlət müstəqilliyi 2 il sonra müstəmləkəçilər tərəfindən boğulub. İkinci dəfə - 1991-ci ildə qazanılan dövlət müstəqilliyi də qlobal güclər və imperialist ölkələr tərəfindən ağır sınağa məruz qalıb.

Rusiya, ABŞ və Fransa kimi dövlətlərin dəstəyi və birbaşa yardımı ilə Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və 30 il ərzində həmin ərazilərdəki maddi-mənəvi irs məhv edib. Bir miyon insanın məcburi şəkildə köçkün düşdüyü ərazilərdə yeraltı və yerüstü sərvətlər Fransa və digər Avropa dövlətlərinə məxsus şirkətlər tərəfindən talanıb, daşınıb aparılıb. 

Öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdikdən sonra Azərbaycan da bu və digər səbəblərə görə Yeni Kaledoniya kimi müstəmləkə altında əziyyət çəkən ölkələrə bir qayda olaraq dəstəkçi olub. Son 4 il ərzində Azərbaycan təkcə Yeni Kaledoniyaya yox, müstəmləkə altında olan digər ölkələrə də hər tərəfli dəstək göstərib. Ona görə də Yeni Kaledoniyada Azərbaycan dövlətinə və onun milli atributlarına xüsusi hörmət və sevgi var.

Fransanın 170 illik işğalçılıq siyasətinin sonu görünür

19 min kvadratkilometrlik əraziyə malik olan, Sakit okeanın cənub-qərb hissəsində adalardan ibarət Yeni Kaledoniyanın 268 min nəfərdən çox əhalisi var. Bu ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Ada ölkənin sakinləri zaman-zaman müstəqillik və azadlıq uğurunda mübarizəyə qalxıb.

Lakin etirazlar Fransa ordusunun süngüləri ilə susdurulub. Nəhayət, bu ilin yazında Yeni Kaledoniyada mübarizənin yeni səhifəsi açılıb. Budəfəki etirazları alovlandıran bir sıra səbəblər var. Onlardan biri yerli əhali sayılan kanakların hüquq və azadlıqların daha ağır şəkildə pozulması və diskriminasiyaya məruz qalmasıdır. 

Makron rejimi son illər bu xalqın üzərinə daha çox gəlir. Belə ki, Fransa digər ərazilərdə olduğu kimi, burada da insanların azadlıq çağırışına məhəl qoymur, onların haqlarını kobud şəkildə tapdalayır. Bunun üçün “hüquqi” yollara da əl atılır. Məsələn, bu ilin yazında mövcud olan konstitusiyaya edilən düzəlişlər edilməsi təklifi kanakların müstəqillik arzularını bir qədər də buxovlamağa hesablanmışdı. 

Lakin ada dövləti rəsmi Parisin bu dəfəki planını poza bildi. 

Belə ki, iyunun 12-də Yeni Kaledoniyada çox mübahisəli seçki islahatları pozuldu. Amma bu uğur kanaklar üçün itkisiz keçmədi. Son zorakı hadisələr nəticəsində azı 7 nəfər yerli sakin öldü, 370-dən çox insan yaralandı. Bununla belə Makronun bədnam planı pozuldu. Əgər seçki qaydalarına dəyişikliklər qəbul edilsəydi, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə iştirak edə və səs verə bilərdilər. Bu isə arxipelaqın sakinlərinin gələcəkdə səslərinin oğurlanması ilə nəticələnə bilərdi.

Fransanın işğalçılıq siyasətinin pozulmasında Azərbaycan izi

Təbii ki, kanakların Fransa işğalına qarşı mübarizədə ilk və çox böyük uğur qazanmasında Azərbaycanın xüsusi rolu var. Belə ki, Azərbaycanın qeyri-hökumət təşkilatları təkcə Yeni Kaledoniyaya deyil, digər müstəmləkədən əziyyət çəkən ölkələrə mənəvi və siyasi dəstək göstərib. 

Yeni Kaledoniyada baş verən hadisələrə Bakı Təşəbbüs Qrupu ilk gündən ciddi münasibət göstərib. Dəfələrlə bəyanatla çıxış edib. Bu dəstəyin digər nümunəsi isə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixində Bakıda birinci qurultayın keçirilməsidir.

Qurultayın keçirilməsi ideyası təbii ki, Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat da Qurultayda fəxri qonaq qismində iştirak edib.

İki gün davam edən Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə yönümlü fəaliyyətin əlaqələndirilməsi yollarını müzakirə etmək imkanı yarandı. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək uğrunda mübarizədə ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr apardı.


Qurultay adları çəkilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə çox böyük töhfə verdi.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-ə yaxın beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə Bakı şəhərində baş tutub.

Fransanın Azərbaycana qarşı artan nifrəti

Fransanın Azərbaycanla heç də yaxşı olmayan münasibətləri Yeni Kaledoniyada baş verənlərdən və Bakı Təşəbbüs Qrupunun bəyanatarından sonra daha da gərginləşib. Fransanın bəzi siyasiləri hətta bir qədər irəli gedib Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edir. Lakin bütün bunlar başa düşüləndir. Çünki Azərbaycan Qoşulmama Hərəkatı lokomotivi kimi dünyada müstəmləkəçiliyə son verilməsi üçün çox böyük işlər görür. 

Bu da təbii ki, digər müstəmləkəçi dövlətlər kimi Fransanın da xoşuna gəlmir. Çünki Fransanın dövlət büdcəsinin böyük hissəsi müstəmləkə altında olan dövlətlərdən talanıb gətirilən sərvətlər hesabına formalaşır. Təkcə Yeni Kaledoniyadan nikel satışına görə Fransa ildə bir miyard dollardan çox mənfəət əldə edir. 

Bütün bunlara görə Yelisey Sarayındakılar müstəmləkə altında olan ölkələrin oyanışını, müstəqilliyini istəmir.

Amma bu bədnam niyyətə gedən yolda son illər bir maneə yaranıb. Bu da Azərbaycan gerçəkliyidir. Azərbaycan Fransa və digər ölkələrin müstəmləkəçilik siyasətlərini böyük uğurla ifşa edir, Fransa işğalından əziyyət çəkən ölkələrə daha böyük ölçüdə dəstək olur.

Ona görə də Yeni Kaledoniyada BMT, ABŞ, Fransa, Aİ və digər güclərin yox, Azərbaycanın bayrağı dalğalanır.





QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.


Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin