Hakim partiyanın namizədlərini rəqib düşərgə necə dəyərləndirir? – SORĞU

Hazırda oxunan: Hakim partiyanın namizədlərini rəqib düşərgə necə dəyərləndirir? – SORĞU

Hakim partiyanın namizədlərini rəqib düşərgə necə dəyərləndirir? YAPın seçkidə qalib gəlmək şansı böyükdür və rəqib partiyaların sədrləri bu məsələni müzakirə edirlər.

202558

1 sentyabr parlament seçkilərinə hazırlığın qızğın çağıdır. Hazırda namizədlərin verilməsi prosesi davam edir. Hakim Yeni Azərbaycan Partiyası da namizədlərin siyahısını elan edib. YAP 125 dairənin hər birindən namizədlə çıxış edəcək. 

Qeyd edək ki, hakim partiya namizədlərini elan edənə qədər əksər siyasi təşkilatlar üzvlərinin və hətta bitərəflər hansı dairədən namizəd olmaq məsələsində tərəddüd edirdi. Bu da YAP-ın namizədlərinin mütləq əksəriyyətinin cəmiyyətdə böyük nüfuza malik olmasından irəli gəlir. 

Bu mənada, maraqlıdır, YAP-ın  müəyyən etdiyi namizədləri rəqibləri necə dəyərləndirir?/
 

MÖVZU İLƏ BAĞLI:

YAP-ın namizədlərindən kimlərin qazanmaq şansı daha çoxdur? – TƏHLİL


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirir ki, hakim partiyanın seçkidə qalib gəlmək şansları böyükdür:

“YAP hakim partiyadır. Bu partiya geniş resurslara malikdir. Bu mənada onun namizədlərinin parlament seçkilərində qalib gəlmək şansları daha böyükdür. Real vəziyyət budur”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP namizədlərinin böyük əksəriyyətinin qalib gəlmək şanslarının yüksək olduğunu vurğulayıb: 

“YAP hakim partiyadır. Kifayət qədər böyük resursları var. Cəmiyyət içində ən çox tərəfdarı olan bir partiyadır. Belə bir vəziyyətdə onun namizədlərinin qarşıdan gələn seçkilərdə qalib gəlmək şansları böyükdür. Partiyanın namizədləri arasında real olaraq uğur qazanmaq imkanı olanlarla yanaşı, uğur qazanması çətin olan şəxslər də var. Ona görə də hakim partiya namizədlərinin hamısının qalib gəlməsi ehtimalı yoxdur. Amma böyük əksəriyyətinin uğur qazanmaq şansı var. Ümid edirəm ki, ölkədə seçkilər yüksək demokratik şəraitdə keçiriləcək və bu parlamentdə xalqın iradəsilə formalaşacaq”.

AXP sədri Pənah Hüseyn isə rəqibin şanslarını dəyərləndirməyin doğru olmadığı qənaətindədir:

“Biz rəqib siyasi qüvvələrik. Özüm də namizədliyimi vermişəm. O, baxımdan rəqib siyasi qüvvənin namizədlərinin şanslarını dəyərləndirmək doğru olmaz”. 

AMİP sədri Arzuxan Əlizadə qeyd edir ki, YAP özü dəyər verdiyi namizədləri irəli sürüb:

“YAP Azərbaycanın hakim partiyasıdır və uzun müddətdir ki, hakimiyyətdədir. Bu mənada da YAP-ın parlament seçkilərində iştirak edəcəyi namizədlərin kimliyi diqqətlə izlənilir. Digər partiyaların bir çox üzvləri YAP namizədlərinin hansı dairədən seçkiyə qatılacağına uyğun olaraq namizədliklərini verəcəyi dairələri seçirdilər. Dəyərləndirməyə gəldikdə, hesab edirəm ki, digər partiya namizədlərinin bizim tərəfimizdən hansısa formada dəyərləndirilməsi doğru olmaz. İstənilən halda YAP özü dəyər verdiyi namizədləri irəli sürüb. Nəticəyə seçici təsir edir”. 

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə məsələyə münasibət bildirmək istəməyib:

“Hər hansı bir siyasi partiyanın seçkilərdə iştirak edəcək namizədlərini müzakirə etmək istəmirəm”.

Yeni Zaman Partiyasının sədri Musa Ağayev isə deyir ki, bu məsələni dəyərləndirmək seçicilərin işidir:

“Hər bir digər partiyanın namizədi kimi, YAP-dan olan namizədlərinin seçkilərdə şanslarını dəyərləndirmək seçicilərin işidir. Söz yox, orada bəzi namizədlər var ki, verməsələr daha yaxşı idi”. 

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə YAP-ın namizəd olaraq kimləri n adlarını verməsi özlərinin daxili işləridir:

“YAP hakim partiyadır, öz siyasətlərini özləri müəyyənləşdirir. Kimləri namizəd olaraq vermələri də öz daxili işləridir. Bu mənada bizim onların namizədlərini dəyərləndirməyimiz etikadan uzaqdır. Hakim partiyanın namizədləri arasında yaxşı işləyənlər də olub, bu kriteriyaya cavab verməyənlər də… Siyahılarında gənclər, yeni nümayəndələr də var”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin