Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci Qurultayı keçirilir.
Qeyd edək ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik Hərəkatlarının Qurultayı keçirilir
Niderland koloniyaları olan Bonayre və Sən-Martin adalarından 3 təşkilat Qurultayın işində fəxri qonaq qismində iştirak edəcək.
İki gün davam edəcək Qurultay iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yollarını müzakirə etmək imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və strategiyalar barədə müzakirələr aparacaqlar.
Qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, sözügedən qurultayla Azərbaycan dünya düzənini dəyişdirir:
“İndiyə kimi dünyada düzən elə qurulmuşdu ki, tənqid edən dövlətlər və haqlı yaxud haqsız tənqidlərə susqunluqla dözən kiçik dövlətlər var idi. Böyük dövlətlər adət etmişdi ki, onlar öz mənafelərinə uyğun kimi istəsə tənqid edə, nöqsanlarını göstərə bilərlər. Bunun qarşılığında isə həmin kiçik dövlətlər susmalı və boyun əyməli idilər. Azərbaycan isə bu dünya düzənini dəyişdirdi. Son illər ilk dəfə olaraq böyük dövlətlərə etiraz səsini ucaltmaq cəsarətini göstərdi.
Azərbaycan Parisin ölkəmizə qarşı tutduğu ədalətsiz mövqeyə etiraz olaraq Fransanın müstəmləkə ölkəsi kimi öz xalqı və digər xalqlara qarşı törətdiyi cinayətləri açdı və bu yöndə əziyyət çəkən xalqlara yardım əlini uzatdı. Bu mənada Bakıda baş tutacaq qurultay Azərbaycan hakimiyyətinin həmin istiqamətdə atdığı cəsarətli addımlardan biridir. Bütün dünya Azərbaycanın bu cəsarətli addımını görür və qiymətləndirir”.
Ekspertin fikrincə, Bakıda olacaq bu qurultay Fransa zülmündən əziyyət çəkən müstəmləkələrin azad olunmasında öz sözünü deyəcək:
“Bu yeni mərhələnin başlanğıcı olacaq və müstəmləkə altında olan xalqlar daha cəsarətlə mübarizəyə qoşulacaqlar”.
Həmsöhbətimizə görə bu qurultayın Fransaya da təsiri olacaq:
“Fransa bir dövlət olaraq özünə çəki düzən verməyə çalışacaq. Yanlış addımlarını qiymətləndirib, onlardan imtina etməyin yollarını arıyacaq. Çünki bu vaxta qədər heç kim Fransaya nöqsanlarını üzünə deməyə cəsarət etməyib. Onlar tənqidə alışmayıb. Azərbaycan hakimiyyəti isə Fransa rəhbərliyini ədalətli tənqidə alışdırır. Bu qurultay Parisə öz siyasətinə yenidən nəzər yetirməsi üçün ciddi əsas olacaq və burada qəbul olunan qərarlar Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların azadlığa qovuşmalarına şərait yaratmaq baxımından mühüm əhəmiyyətə malik olacaq”.
Rüfət Sultan, Bizim.Media