Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU 

Hazırda oxunan: Yenidən deputat olmaq istəyənlər seçkiyə necə HAZIRLAŞIR? – SORĞU 

201327

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib. Yeni formalaşacaq VII çağırış Milli Məclis üçün indiyədək 86 nəfərin deputatlığa namizədlik müraciəti olub.

Bəs maraqlıdır, VI çağırış deputatlarının planları nədir, namizəd olacaqlarmı, hazırlıq prosesləri nə yerdədir?

VI çağırış deputatı Fazil Mustafa bildirib ki, seçki kampaniyasına hazırlaşır:

“Hələ ki komandanı formalaşdırırıq. Sənədləşməni aparanlar, təbliğatçılar və bütün qruplar üzrə iş gedir. Seçicilərin konkret ünvanlarını müəyyənləşdiririk. Ünsiyyət qurmaq üçün görüşlərin yerini və s. düşünürük. Amma ilk olaraq qeydiyyat məsələsini başa çatdırmalıyıq. Kompleks formada iş aparırıq. Həm partiyanın rəhbər orqanları, həm də seçki ilə bağlı konkret şəxslər öz məsuliyyətlərini bilirlər. Birinci seçki deyil, dəfələrlə iştirak etmişik. Ümid edirəm ki, bu seçkini də yüksək səviyyədə keçirəcəyik”. 

VI çağırış deputatı Razi Nurullayev qeyd edib ki, Milli Cəbhə Partiyası seçkilərdə öz namizədləri ilə iştirak edir:

“Köhnə üsullar artıq insanları inandırmır. Vətəndaşlarla birbaşa görüşmək, təmasda olmaq, dərdini dinləmək və konkret hansısa addımları atmaq lazımdır. Yəni uzun-uzadı danışmaq, vəd vermək, insanları bir yerə toplayıb pafoslu nitq səsləndirmək onlarda inam yaratmır. Məncə, bütün namizədlərimiz insanlarla birbaşa təmasda olub onların dərdlərinə şərik olmağa çalışacaqlar. Sosial media resurslarından da geniş şəkildə istifadə edəcəyik”.

VI çağırış deputatı Aqil Abbas isə heç bir hazırlıq prosesini icra etmədiyini deyib:

“Vaxtı çatanda başlayacağıq. Qarabağda camaatla məsləhətləşəndən sonra namizədliyimi verəcəm”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin