İranda ilk dəfə azərbaycanlı prezident SEÇİLDİ – Bu regionda nəyi DƏYİŞƏCƏK? 

Hazırda oxunan: İranda ilk dəfə azərbaycanlı prezident SEÇİLDİ – Bu regionda nəyi DƏYİŞƏCƏK? 

İranda ilk dəfə azərbaycanlı prezident seçildi. Məsud Pezeşkianın seçilməsi mövzusunda cəmiyyətdə və siyasi sahədə nələr vəd edir? İrana və Azərbaycanla olan münasibətlər dəyişəcəkmi?

201059

Xəbər verdiyimiz kimi ötən cümə İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. Amma bu dəfəki səsvermədə seçici aktivliyi nisbətən zəif olub. Ümumi seçicilərin 50 faizə qədəri səsverməyə qatılıb. Bununla belə seçki baş tutmuş sayılıb və növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçı qanadın namizədi Məsud Pezeşkian 53,6% səs toplayaraq qalib gəlib.

Məsud Pezeşkian kimdir?

70 yaşlı Məsud Pezeşkian İranın Məhabad şəhərində doğulub. Orta təhsilini Urmiyada alan Pezeşkian hələ inqilabdan əvvəl Təbriz universitetində tibb təhsili alıb.

İnqilabdan sonra isə, o, ürək və ümumi cərrahiyyə üzrə ixtisaslaşıb. 1994-cü ildən 2000-ci ilədək Təbriz Tibb Elmləri Universitetinin prezidenti postunu tutub.

Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə Məsud Pezeşkian səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib.

İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib. Pezeşkian bu uğurunu sonrakı 4 parlament seçkilərində də təkrarlayıb.

10-cu parlament seçkilərində o, islahatçılardan ibarət Ümid fraksiyasını təmsil edirdi və 158 səslə spikerin birinci müavini postuna seçilib. 

Pezeşkian hələ 2013-cü ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçsə də, daha sonra Əkbər Haşəmi Rəfsəncaninin xeyrinə namizədliyini geri götürüb.

Daha sonra 2021-ci ildə prezident seçkisində iştirakı qeydə alınsa da, Nəzarət Şurası onun namizədliyini təsdiqləməyib.

İbrahim Rəisinin ölümündən sonra elan edilən 2024-cü il erkən prezident seçkisində isə Pezeşkianın namizəd kimi iştirakına imkan yaradılıb. Pezeşkian ölkəsində “korrupsiya və qohumbazlıqdan uzaq” birisi kimi tanınır. Ən əsası o ölkəsində keçirilən etiraz mitinqlərindəki iştirakçılara qarşı cəza tədbirlərinə qarşı çıxışları ilə yadda qalıb.

Məsud Pezeşkian İranda nəyi dəyişə bilər? 

Yeni prezidentin azərbaycanlı olması İranda və Beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər İranda mühüm dəyişikliklərin olacağını söyləyirlər. Amma nəzərə alaq ki, İranda əsas söz sahibi ali dini liderdir. Baxmayaraq ki, o da azərbaycanlıdır. Ali dini lider Əli Xamnei uzun illər İranı idarə eləsə də, azərbaycanlılara qarşı heç bir yaddaqalan addım atmayıb. O hər zaman İranın maraqlarından çıxış edib və bu siyasətini bu gün də davam etdirir.

Ona görə də Məsud Pezeşkianın prezidentliyi dövründə İranda radikal dəyişikliyin olacağını demək çox çətindir. Çünki, Məsud Pezeşkian bir prezident kimi qərarverici yox, icraçıdır. İranın Ali Dini Şurası hansı qərar versə, o da həmin qərarları icra etmək zorundadır.

Təsadüfi deyil ki, Əli Xamnei son çıxışında açıq şəkildə bildirib ki, yeni prezident mərhum prezident İbrahim Rəisinin siyasi kursunu davam etdirəcək:

“İran Qərbə yox, Şərqə baxmaqda davam edəcək…”

Bu da o deməkdir ki, islahatçı Məsud Pezeşkian Qərblə münasibətlərin yumşaldılmasına diqqət ayırmayacaq. Əsas diqqət Rusiya,Çin, Hindistan və digər ölkələrlə əlaqələrin güclənməsinə yönəldiləcək. 

Bəs İran-Azərbaycan münasibətlərində nə dəyişəcək?

Nəzərə alaq ki, son zamanlar İranın Azərbaycana qarşı münasibətində xeyli dəyişiklik baş verib. Molla-fars rejimi Azərbaycana qarşı daha əvvəlki kimi radikal və qərəzli görünmür. Xüsusilə də İbrahim Rəisinin son bəyanatlarında əlaqələrin dərinləşməsinə böyük nikbinlik yaradırdı. Ona görə də  Məsud Pezeşkianın Azərbaycanla münasibətində radikal dəyişiklik olmayacaq. Əksinə, müəyyən yumşalmalar və isti münasibətlər olacaq. Ən yaxşı halda iqtisadi-mədəni əlaqələr genişləndiriləcək.

Məsud Pezeşkianın azərbaycanlı olması İranda nəyi dəyişə bilər? 

Seçki kampaniyasında Məsud Pezeşkianın azərbaycanlı olması çox işinə yaradı. Çünki, seçicilərin çoxu azərbaycanlıdır. Təbliğat zamanı onun Azərbaycan dilindəki çıxışları və azərbaycanlılarla bağlı verdiyi vədlər yəqin ki, siyasi məqsəd daşıyırdı. Prezidentlik dövründə onun azərbaycanlılarla bağlı xüsusi qərarlar verəcəyi inandırıcı deyil.

Ola bilsin ki, Azərbaycan dilində məktəblərin açılmasına “yaşıl işıq” yandırılsın. Bu da inandırıcı görünmür. Çünki, İranda prezident qərarverici yox, icraedici şəxsdir. Ona görə də ondan çox şey gözləmək mənasızdır. Təsadüfi deyil ki, prezident seçiləndən sonra  Məsud Pezeşkian bəyan etdi ki, “mən islahatçı mühafizəkaram, Vəssalam!”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin