Avropa İttifaqı rəhbərliyi Orbanın Şuşa səfərindən niyə narahat olub? – PƏRDƏARXASI MƏQAMLAR 

Hazırda oxunan: Avropa İttifaqı rəhbərliyi Orbanın Şuşa səfərindən niyə narahat olub? – PƏRDƏARXASI MƏQAMLAR 

201042

Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün iyulun 6-da Şuşa şəhərinə səfərə gəlib. 

Bu isə nədənsə Avropa İttifaqının bir sıra rəsmilərinin narahatlığına səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Orbanın Şuşaya səfəri Jozep Borreli narahat edib - FOTO


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Orbanın həmin səfərilə bağlı açıqlamasında bildirib ki, Macarıstanın Baş naziri Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Avropa İttifaqını təmsil etməyib. Bundan əlavə, Avropa İttifaqı, Avropa komissarının dediyi kimi, TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pisləyir.

Nəzərə alaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək Aİ Şurasına sədrlik edir. Macarıstan həmçinin, 2014-cü ilin iyulundan TDT-də müşahidəçi statusunda iştirak edir. Bu səbəbdən də həmin ölkə rəsmiləri digər təşkilatlarda iştirak etdikləri kimi, TDT-nin keçirdiyi tədbirlərə də qatılırlar. Baş nazir Orbanın Şuşaya səfəri də məhz TDT-nin tədbirində iştirak etmək olub. Lakin nədənsə, Jozep Borrel Macarıstan rəsmisinin bu addımından əndişələnib.

Bəs buna səbəb nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Orbanın TDT-nin Şuşa görüşündə iştirakından Aİ rəsmisinin narahat olması bir neçə məqamdan irəli gəlir:

“Bu Aİ-nin Şimali Kipr Türk Cümhuriyyətilə bağlı onların Kiprə dəstək verməsi və türk varlığını tanımamalarından irəli gəlir. Borrelin Orbanın Şuşa Zirvə toplantısında iştirakından narahatlığı da bilavasitə onunla bağlıdır. TDT-nin Şuşa görüşünə ŞKTC-nin də qatılması Aİ-ni narahat edir.

Amma Orbanın da cəsarət və ləyaqəti burada özünü göstərdi. Hazırda Aİ-yə başçılıq edən bir lider kimi Orban bu məsələdə də strateji hədəflərinə uyğun davrandığını ortaya qoydu. Bu səbəbdən də Orbanın həmin fəaliyyəti təqdir edilməlidir”. 

Aİ rəsmisi nədən narahatdır? 

Deputatın fikrincə, Aİ rəsmisi həmin açıqlaması ilə rəhbəri olduğu təşkilatın dəyərlərə sadiq olmayan qurum olduğunu ortaya qoyur: 

“Çünki onlar bütövlükdə Kiprdə türk varlığını qəbul etmirlər. Utanmadan adanın yunan hissəsini Avropa ailəsinə qəbul edib, bütöv Kipr adından manipulyasiya edirlər. Bu da Avropa İttifaqının dəyərlərə sadiq olmayan qurum olduğunu ortaya qoyur. Azərbaycan və digər türk dövlətləri də o baxımdan həmin məsələdə Aİ-nin iradəsinə tabe olmadıqlarını Şuşadakı zirvə toplantısında göstərdilər. ŞKTC bundan sonra da bütün hallarda indi müşahidəçi, gələcəkdə isə tam hüquqlu üzv kimi TDT-də yer alacaq”.    

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin