Rusiya artıq necənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədli yüklər çatdırmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək:
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan Rusiyadan Ermənistana gələn silahı geri qaytardı... - FOTO
“Qarabağda müharibə günlərində də rəsmi Tbilsinin bəyanatı olmuşdu: “Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək”.
Bu qadağanı bilə-bilə nə məcburdur ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın? Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə də Ermənistana çatdıra bilər. Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı. Bunu hamı bilir”.
Politoloq qeyd edib ki, o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuzuna çatdırmaq istəyə bilərdilər:
“Belədirsə, Moskva maraqlanmalıydı ki, hansı ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir.
Birincilər ikincilərə pul verib və ikincilər aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə nəqliyyat yoluna üstünlük veriblər. Kreml “İsgəndər” raketlərində olduğu kimi hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”.
Xatırladaq ki, Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar - zirehli döyüş jiletləri, gödəkçələr və dəbiləqlər martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edilib.
Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanılıb. Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə ediərək onların yola davam etməsinə qadağa qoyub və sonradan Rusiyaya geri göndərilib.
Alçina Amilqızı, Bizim.Media