“Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək toplantısı bir çox cəhətdən önəmlidir. Tədbirin birinci əhəmiyyəti, təbii ki, onun simvolik məna daşımasıdır. Bu görüşün Azərbaycanın və bütün türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi həm bütün dünyaya bir mesaj, həm güc nümayişi, həm də həmrəylik əlamətidir”.
“Türk dövlətlərinin ortaq mövqe müəyyən etməsi vacibdir”
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyə Diplomatiya Fondunun direktoru, politoloq Oğuzhan Bilgin deyib. İyulun 5-6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin əhəmiyyəti barədə danışan Bilgin, dünyada müharibə ocaqlarının alovlanması fonunda Türk Dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb:
“Türk Dövlətləri Təşkilatı təbii ki, qeyri-rəsmi toplantılar keçirir, çünki dünyada qeyri-adi inkişaflar gedir. Yəni bir tərəfdən Ukrayna-Rusiya müharibəsi, digər tərəfdən İsrailin Fələstində törətdiyi qırğınlar və III Dünya Müharibəsinin başlaması ilə bağlı bəzi müzakirələr gündəmdədir.
Bütün regionumuzu və türk dünyasını narahat edən böyük qlobal hadisələr və ya böhranlar baş verir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının transmilli bir quruluş olaraq bu tarixdə bir araya gələrək sözügedən məsələləri müzakirə etməsi, ortaq mövqe və qərar qəbul etməsi vacibdir. Şuşa toplantısı həm keçirildiyi yer, həm də vaxt baxımından olduqca əhəmiyyətli bir görüş olacaq”.
Politoloq əlavə edib ki, dünyadakı bir çox təşkilatlar faydalılığını itirib.
Elə bu səbəbdən də, TDT-nin dünyada önəmli bir quruluş olması üçün rəsmi və qeyri-rəsmi görüşlərin mütəmadi keçirilməsi olduqca vacibdir:
“Hazırda dünyada BRİKS-dən NATO-ya, Avropa İttifaqından Şanxaya (ŞƏT), Afrika İttifaqına qədər bir çox transmilli strukturlar mövcuddur. Bunlardan bəziləri müəyyən dərəcədə təsirli ola bilər, bəziləri isə çox vaxt təsirsizdir. Lakin belə bir qlobal böhran şəraitində Türk Dövlətləri Təşkilatının qlobal sabitliyi və türk dünyasının təhlükəsizliyini, sülhü qoruyacaq transmilli bir təşkilat kimi daha da güclənməsi və fövqəladə, yarı rəsmi və ya qeyri-rəsmi görüşlər əhəmiyyətli bir mərhələ olaraq görülür”.
“Heç şübhəsiz ki, Şuşadakı qeyri-rəsmi sammitdə COP29-da müzakirə ediləcək”.
Oğuzhan Bilgin bildirib ki, noyabr ayında Azərbaycanın COP29-a ev sahibliyi etməsi Türk dünyası adına böyük uğurdur:
“Azərbaycanın da ev sahibliyi edəcəyi COP29 Azərbaycan və Türk dünyası üçün mühüm zirvədir. Azərbaycan əvvəllər Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan, on minlərlə insanın iştirak etdiyi və bütün qlobal iqlim məsələlərinin müzakirə edildiyi tədbirə ev sahibliyi etməklə dünya gündəmini və qlobal siyasəti müəyyən edə bilən bir aktora çevrilib.
Türk dövlətinin belə yüksək səviyyəli beynəlxalq toplantıya ev sahibliyi etməsi Türk dünyası üçün də önəmlidir. Türk dünyasının və Türk Dövlətləri Təşkilatının transmilli strukturlar çağında alternativ və güclü transmilli quruluşa çevrilməsi də toplantıda mühüm müzakirə mövzusu olacaq”, - deyə politoloq bildirib.
Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:00 / 02.07.2024
Türk Dövlətləri liderlərinin Şuşa sammiti hansı güclərə MESAJDIR? – Oğuzhan Bilgindən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Türk Dövlətləri liderlərinin Şuşa sammiti hansı güclərə MESAJDIR? – Oğuzhan Bilgindən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: Türk Dövlətləri liderlərinin Şuşa sammiti hansı güclərə MESAJDIR? – Oğuzhan Bilgindən ÖZƏL AÇIQLAMA
Türk Dövlətləri liderlərinin Şuşa sammiti hansı güclərə MESAJDIR? Oğuzhan Bilgindən ÖZƏL AÇIQLAMA. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək toplantısı mövzusunda səciyyəli olan politoloqun fikirləri.
200046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.