"COP29 beynəlxalq iqlim danışıqları üçün mühüm platforma kimi xidmət göstərir və Azərbaycanın ev sahibi olaraq rolu onun qlobal ekoloji problemlərin həllinə sadiqliyini önə çıxarır".
2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi etdiyi üçün dünyanın nəzəri Bakıda, Azərbaycanda olacaq. Bu mühüm hadisə Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizədə əsas oyunçu kimi iqlim fəaliyyətinə və dayanıqlılığa sadiqliyini vurğulayır. Konfransın məqsədi qalıq yanacaqlarından istifadədən uzaqlaşma ilə bağlı öncəki il əldə edilmiş razılaşmaya əsasən ölkələrin bir araya gələrək istixana qazlarının azaldılması məqsədilə ciddi planlar qurmasına yol açmaqdır.
COP29 beynəlxalq iqlim danışıqları üçün mühüm platforma kimi xidmət göstərir və Azərbaycanın ev sahibi olaraq rolu onun qlobal ekoloji problemlərin həllinə sadiqliyini önə çıxarır. Konfrans dayanıqlı gələcək naminə strategiyaları müzakirə etmək və formalaşdırmaq üçün dünyanın müxtəlif sektorlarından olan hökumət nümayəndələrini, hökumətlərarası təşkilatları, qeyri-hökumət təşkilatlarını (QHT), korporasiyaları, tədqiqat institutlarını, beyin mərkəzlərini, beynəlxalq maliyyə institutlarını və nüfuzlu şəxsləri bir araya gətirəcək.[1]
Azərbaycanın bu konfransa sədrliyi sadəcə simvolik xarakter daşımır, belə ki, ölkənin enerji sektorunun transformasiyası, eləcə də inklüziv və effektiv qlobal iqlim siyasətinin müdafiəsi istiqamətində real səylərini əks etdirir. Bu baxımdan bu təhlil Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı, eləcə də bərpa olunan enerji üzrə iddialı layihələri təşviq edən təşəbbüslərinə toxunaraq onun COP29-da fəal iştirakını araşdırır. Ölkənin strategiyalarını və nailiyyətlərini tədqiq edən bu təhlilin məqsədi Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfəsi və onun dayanıqlı gələcəyə baxışı haqqında hərtərəfli anlayış təmin etməkdir.
Tarixi kontekst
Azərbaycanın enerji tarixi həm zəngin, həm də inqilabidir. Neft sənayesinin beşiyi olaraq tanınan Azərbaycanda hələ 1840-cı illərdə dünyanın ilk neft quyusu qazılmış və 1890-cı illərdə ölkə qlobal neft hasilatında birinci olmuşdur.[2] Bu miras mühüm iqtisadi artım və inkişafa səbəb olaraq neft və qaz hasilatını ölkə iqtisadiyyatının özəyinə çevirmişdi. Bildirilir ki, Azərbaycan “qalıq yanacaqdan ən çox asılı olan iqtisadiyyatlardan biridir: neft və qaz onun ixracının 90%-ni təşkil edir, eləcə də hökumət büdcəsinin 60%-ni təmin edir.”[3] Bununla belə, dayanıqlı gələcəyə təcili ehtiyac olduğunu dərk edən Azərbaycan bərpa olunan enerjiyə keçid etmək üçün yola çıxıb.
Paris Sazişini imzaladıqdan sonra Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmağı öhdəsinə götürüb. Bu keçid Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə və yaşıl iqtisadiyyatın təşviqinə sadiqliyini nümayiş etdirərək, qalıq yanacaqlardan hədsiz asılı olan ölkə üçün əsaslı dəyişim ifadə edir. [4] Qalıq yanacağa əsaslanan iqtisadiyyatdan bərpa olunan enerji əsaslı iqtisadiyyata keçid həmçinin mühüm paradiqma dəyişikliyi deməkdir. Bu iddialı məqsədlərə nail olmaq üçün ciddi hüquqi baza, əhəmiyyətli investisiyalar və texnoloji innovasiyalara sadiqlik tələb olunur.
COP29 Prezidenti bu məsələyə dair fikirlərini bildirib:
“Biz ölkədə bərpa olunan enerji dəhlizləri ilə xüsusi enerji zonaları yaratdıq. Hesab edirəm ki, ölkənin qalıq yanacaq ixracından əldə etdiyi bu gəlirləri bərpa olunan enerjiyə necə sərmayə qoyması məsələsi, eləcə də bunu təkcə ölkəmizdə etməklə deyil, həm də digər ölkələrə bu istiqamət üzrə kömək etməklə qalıq yanacağı istehsal edən ölkələri bu prosesdə daha fəal olmağa dəvət etməsi Azərbaycan üçün prioritet məsələlərdir.”[5]
Azərbaycanın tarixən neftdən asılılığı ona qlobal enerji bazarında özünəməxsus yer qazandırıb və bərpa olunan enerji mənbələrinə keçid ölkəni beynəlxalq maraq obyektinə çevirib. Ölkənin enerji siyasətindəki strateji qərarları enerji mənbələrini diversifikasiya etmək və karbon emissiyalarını azaltmaq istəyən digər neftdən asılı ölkələr üçün nümunə ola bilər. Bu tarixi kontekst Azərbaycanın hazırkı təşəbbüslərinin əhəmiyyətini və onun COP29-dakı rolunu başa düşmək üçün zəmin yaradır.
Azərbaycanın COP29-dakı rolu
Azərbaycanın COP29-a sədrliyi onun iqlim diplomatiyasında inkişaf edən rolunun sübutudur. Bakıda keçiriləcək konfrans ambisiyaları genişləndirmək və qlobal miqyasda fəaliyyətə imkan yaratmaq məqsədi daşıyır.Bundan əlavə, Azərbaycanın dayanıqlılıq təcrübələrini öz milli inkişaf strategiyasına inteqrasiya etmək öhdəliyi ölkənin proaktiv yanaşmasını xüsusi vurğulayır. Bərpa olunan enerji mənbələrinə və innovativ texnologiyalara sərmayə qoymaqla Azərbaycan təkcə öz ekoloji problemlərini həll etmir, həm də qlobal dayanıqlılıq məqsədlərinə töhfə vermiş olur. Bu vahid yanaşma göstərir ki, iqtisadi artım və ətraf mühitin mühafizəsi eyni vaxtda mümkündür.
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i rəhbər tutaraq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini nəzərə alaraq, Azərbaycan dayanıqlı və inklüziv gələcəyə doğru istiqamət müəyyənləşdirib. Milli prioritetlər ekoloji dayanıqlılığı təmin etməklə yanaşı, şaxələndirilmiş iqtisadiyyatın təşviqinin, insan kapitalının artırılmasının və sosial rifahın təşviqinin vacibliyini vurğulayır.
Bu strateji baxış Azərbaycanın milli enerji resursları arasında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyən iddialı layihələrdə öz əksini tapıb. Azərbaycan özünün zəngin günəş və külək ehtiyatlarından istifadə etməklə regionun digər dövlətlərinə nümunə olmaqdadır. Bu səylər yalnız istixana qazı emissiyalarını azaltmır, həm də yeni iqtisadi imkanlar və iş yerləri yaradır, ölkənin ümumi rifahına töhfə verir.
Bundan əlavə, Azərbaycanın iqlim fəaliyyəti yanaşmasına biomüxtəlifliyin qorunması, su ehtiyatlarından səmərəli istifadənin artırılması və dayanıqlı kənd təsərrüfatının təşviqinə yönəlmiş ciddi prinsiplər və təşəbbüslər daxildir. Bu tədbirlər iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlılığın yaradılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində və gələcək nəsillər üçün ətraf mühitin qorunmasında mühüm əhəmiyyət kəsb edir.
COP29-un məqsədi aydındır: iqlim maliyyəsi üçün yeni qlobal hədəf müəyyən etmək, həssas ölkələri dəstəkləmək və bütün tərəflərin iddialı milli planlara sadiq qalmasını təmin etmək. Bu konfrans həm də Azərbaycana yaşıl enerjiyə keçidini nümayiş etdirmək və digər ölkələri də bu yola təşviq etmək fürsətini yaradır. Azərbaycan öz liderliyini və sadiqliyini nümayiş etdirməklə effektiv iqlim fəaliyyəti və beynəlxalq əməkdaşlıq irsi yaratmağı hədəfləyir.
Azərbaycanın COP29 strateji təşəbbüsləri sırasına inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaradacaq dialoqlara dəstək də daxildir. Bu yanaşma iqtisadi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərin qlobal iqlim məqsədlərinə effektiv töhfə verə bilməsini təmin etmək üçün çox vacibdir. Azərbaycan inklüziv və ədalətli iqlim siyasətini təşviq etməklə qlobal ekoloji idarəçilikdə lider kimi öz mövqeyini gücləndirir.
Azərbaycanda bərpa olunan enerji təşəbbüsləri
Külək, günəş və su ehtiyatları daxil olmaqla böyük bərpa olunan enerji potensialına malik olan Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələrdən əldə etməyi hədəfləyir. Bu keçidə imkan verəcək mühüm layihələrə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası [6] və Mingəçevir Su Elektrik Stansiyası[7] daxildir.
Külək enerjisi həm quruda, həm də dənizdə Azərbaycan üçün mühüm imkanlar yaradır. Təxminən 3 GW quruda və 157 GW dənizdə külək potensialı ilə ölkə külək enerjisi sahəsində lider olmaq üçün yaxşı mövqeyə malikdir.[8]
“Hidroenerji ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10 faizini təşkil edir. Ölkənin şirin su ehtiyatlarının təxminən 25 faizi yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir.”[9]
2023-cü ildə BƏƏ-nin qlobal bərpa olunan enerji şirkəti “Masdar”, “ADNOC”, “ACWA Power”, “TEPSCO”, “bp” və “China Gezhouba Group Overseas Investment” kimi beynəlxalq şirkətlərlə yaşıl enerji sahəsində birgə layihələr imzalanmışdır ki, bu da ölkənin bərpa olunan enerji potensialını artırmaq əzmində olduğunu göstərir.[10]
Yaşıl Enerjiyə Keçid Planı Azərbaycanın enerji kompleksini diversifikasiya etmək və qalıq yanacaqlardan asılılığını azaltmaq strategiyasını vurğulayır. Azərbaycan bərpa olunan enerjiyə sərmayə qoymaqla davamlı və dayanıqlı enerji sistemi yaratmağı, ətraf mühiti qoruyarkən iqtisadi artımı gücləndirməyi hədəfləyir. Bu kompleks yanaşma təkcə bərpa olunan enerji infrastrukturunun inkişafını deyil, həm də enerji səmərəliliyini və dayanıqlığını artırmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin inteqrasiyasını əhatə edir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 aprel 2024-cü il tarixində ADA Universitetində COP29-a həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı vurğulamışdır:
“Keçən ilin oktyabrında biz 240 meqavat gücündə ilk günəş elektrik stansiyasının açılışını etdik, bu il isə əlavə dörd günəş və külək elektrik enerjisi stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat olacaq. Bu isə bizim potensialımızı 1.5 və hətta ondan da artıq edəcək. Lakin bu, sadəcə başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi, üstəlik də su enerjisi potensialımız var. Sadəcə Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub və bu, yalnız başlanğıcdır.”[11]
Hökumətin bərpa olunan enerji ilə bağlı fəal mövqeyi onun xarici sərmayələri cəlb etmək və yerli innovasiyaları təşviq etmək üçün nəzərdə tutulmuş siyasət və təşəbbüslərində öz əksini tapır. Bu təşəbbüslər iqtisadi artıma təkan verə, məşğulluq yarada və ətraf mühitə təsirləri azalda bilən güclü bərpa olunan enerji sektorunun yaradılmasına yönəlib. Azərbaycanın bərpa olunan enerji strategiyası onun daha geniş iqtisadi və ekoloji məqsədlərinin təməl daşıdır və dayanıqlı gələcəyə doğru aydın yol nümayiş etdirir.
İqlim fəaliyyətinin maliyyə aspektləri
İqlim maliyyəsi ölkələrə effektiv iqlim tədbirləri həyata keçirə bilmək imkanının verilməsi üçün çox vacibdir. COP29-da Azərbaycan inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ilə bağlı müzakirələrin aparılmasında mühüm rol oynayacaq. Məqsəd həssas ölkələrə tullantıları azaltmaq və iqlim təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün adekvat resursların səfərbər edilməsini təmin etməklə iqlim maliyyəsi üçün yeni kollektiv hədəfin müəyyən edilməsidir.
Azərbaycanın şəffaflığı və hesabatlılığı artırmaq səyləri donorlar və benefisiarlar arasında etimadın qurulmasında vacibdir. İnkişaf etməkdə olan ölkələr emissiyaların azaldılmasında və iqlim maliyyəsindən səmərəli istifadədə irəliləyişləri nümayiş etdirməklə dəstəyin artırılması üçün mövqelərini gücləndirə bilərlər. Bu sahədə Azərbaycanın liderliyi iqlim maliyyəsi mexanizmlərinin effektiv və ədalətli olmasını təmin etməkdə mühüm rol oynayır.
Azərbaycanın iqlim maliyyəsinə yanaşması maliyyələşmənin artırılmasını dəstəkləməklə yanaşı, bu vəsaitlərin effektiv və şəffaf şəkildə istifadə olunmasını da təmin edir. Bu, iqlim maliyyəsinin emissiyaların azaldılması və uyğunlaşma səylərinə təsirini izləmək üçün güclü monitorinq və hesabat sistemlərinin qurulmasını əhatə edir. Nümunəvi lider olaraq Azərbaycan beynəlxalq ictimaiyyətin etibarını qazanmağı və qlobal iqlim hədəfləri üçün daha böyük maliyyə öhdəliklərinin təşviq edilməsini hədəfləyir.
Qlobal bölgülər arasında körpü
Azərbaycanın Qlobal Şimal və Cənub arasında körpü olaraq strateji mövqeyi onun COP29-dakı rolunda mərkəzi yer tutur.[12] Ölkənin İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərini (İKAD) və digər həssas bölgələri dəstəkləmək təşəbbüsləri onun qlobal həmrəyliyə olan bağlılığını nümayiş etdirir. Keniya ilə tərəfdaşlıq və “İKAD4” konfransında İKAD-ın dəstəklənməsinə diqqət yetirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığı gücləndirməyə olan səyinə işarə edir. Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Elşad İskəndərov Prezident İlham Əliyevin kiçik ada dövlətlərinə dəstək məqsədilə xüsusi fondun yaradılması təşəbbüsünü xüsusi vurğulayıb. O qeyd edib ki, bu bölgələrdə artan əhali həm iqlim dəyişikliyinə, həm də münaqişələrə qarşı xüsusilə həssasdır. O, Azərbaycanın COP29 sədrliyi ilə təşkil edilən tədbirin bu icmalar üçün effektiv strategiya və praktiki dəstək təmin etmək məqsədi daşıdığını vurğulayıb.[13]
Bu təşəbbüslər həssas ölkələrin üzləşdiyi unikal problemləri həll etmək, onlara iqlim dəyişikliyi ilə mübarizə üçün lazım olan resurslar və dəstək vermək məqsədi daşıyır. Azərbaycanın tərəfdaşlıq əlaqələrinin qurulmasına və inklüziv dialoqun təşviqinə fəal yanaşması digər dövlətlər üçün müsbət nümunədir. Azərbaycan öz geosiyasi mövqeyindən istifadə etməklə iqlim danışıqlarında ən çox təsirə məruz qalan və ən az eşidilən şəxslərin səslərinin ucaldılmasını və eşidilməsini təmin etməyə çalışır.
Qlobal fikir ayrılıqlarını aradan qaldırmaq səyləri təkcə maliyyə və texniki dəstək verməkdən ibarət deyil, həm də ortaq məsuliyyət və kollektiv fəaliyyət hissini inkişaf etdirməkdir. Azərbaycanın bu sahədə liderliyi iqlim dəyişikliyi ilə bağlı çoxşaxəli problemlərin həllində qlobal əməkdaşlıq və həmrəyliyin vacibliyini vurğulayır. İnklüziv və ədalətli iqlim siyasətini təşviq etməklə Azərbaycan ekoloji çağırışlara daha vahid və effektiv qlobal reaksiyanın verilməsinə kömək edir.
Çağırışlar və imkanlar
Bakının COP29-a ev sahibliyi edən şəhər olaraq seçilməsi mühüm mərhələdir. Bu, Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi mərhələsində xüsusi əhəmiyyət kəsb edir. Regionun geosiyasi gərginlik və son münaqişələrlə yadda qalması belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyini həm çağırış, həm də fürsətlərə çevirib. Regiondakı qeyri-sabitlik logistikanı, təhlükəsizliyi və konfransı əhatə edəcək geniş diplomatik atmosferi çətinləşdirə bilər.
Bununla belə, COP29 regional sülhün və əməkdaşlığın təşviqi üçün bir vasitə kimi iqlim diplomatiyasından istifadə etməkdə unikal imkan təqdim edir. Ümumi ekoloji məqsədlərə və iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərə diqqət yetirməklə Ermənistan və Azərbaycan dialoq və barışıq platforması qura bilərlər. COP29-da iqlim ədaləti və maliyyəyə verilən diqqət regional sabitliyi təşviq etmək üçün körpü rolunu oynaya bilər və ortaq ekoloji qayğıların siyasi fərqləri aradan qaldıra biləcəyini nümayiş etdirə bilər.
Ermənistan-Azərbaycan sülh prosesi və COP29-a toxunan Prezident İlham Əliyev vurğulamışdır:
“Hesab edirəm ki, bu gündəlik Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə nəticələnəcək... Ümumilikdə Cənubi Qafqazda üç ölkə arasında ən azı məsləhətləşmə formatı yaradıla bilər ki, bu, gələcək əməkdaşlığa yol açsın.”[14]
COP29 iqlim fəaliyyəti vasitəsilə regional əməkdaşlığı və sülh quruculuğunu təşviq etmək üçün Azərbaycana platforma təqdim edir. Konfransın maliyyə və iqlim ədalətinə diqqəti dayanıqlı inkişaf və regional sabitliyin daha geniş məqsədləri ilə üst-üstə düşür. Azərbaycan özünü iqlim diplomatiyasında lider kimi göstərməklə ekoloji problemlərin həlli və Cənubi Qafqaz regionunda sülhün təşviqi üçün birgə səyləri müdafiə edə bilər.
Regional münaqişələrin uğurla həlli və sülh sazişlərinin yaradılması daha sabit və firavan gələcəyə kömək etməklə əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yarada bilər. Bununla bağlı Elşad İskəndərov onu da vurğulayıb ki, Azərbaycanın COP29-a sədrliyi dövründə əsas prioritetlərindən biri beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləməkdir. O qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə “iqlim konfransları tarixində ilk olan COP atəşkəsi çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır.”[15]
Azərbaycan bərpa olunan enerjiyə əhəmiyyətli investisiyalar yatırmaq və karbon ayaq izini azaltmaq öhdəliyi də daxil olmaqla, yaşıl enerjiyə keçid üçün iddialı məqsədlər qoyub. Azərbaycanın yaşıl enerjiyə doğru keçidi onun qalıq yanacaqlardan tarixi asılılığı səbəbilə xüsusilə əlamətdardır. Ölkənin iqtisadiyyatı neft və qaz gəlirlərindən ciddi şəkildə mənfəət görmüşdür ki, bu da inkişaf layihələrini və sosial proqramları maliyyələşdirmişdir. Lakin bu asılılıq həm də Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə problem yaradır.
Sözügedən keçid dayanıqlı enerji inkişafının dəstəklənməsi naminə bərpa olunan enerji infrastrukturuna, texnoloji innovasiyalara və siyasət islahatlarına əhəmiyyətli investisiyaların qoyulmasını tələb edir. Hökumətin iqtisadi sabitliyi qoruyarkən bu keçid dövrünü idarə etmək bacarığı onun iqlim ambisiyalarının uğurla nəticələnməsində mühüm amil olacaqdır.
Bərpa olunan enerjiyə keçid və iqlim maliyyəsinin səfərbər edilməsi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və davamlı artım üçün mühüm imkanlar təqdim edir. Bərpa olunan enerji layihələrinə investisiya qoymaqla ölkə qalıq yanacaqlardan asılılığını azalda, yeni sənaye sahələri yarada və yaşıl iş yerləri aça bilər. Güclü bərpa olunan enerji sektorunun inkişafı iqtisadi artıma təkan verə, beynəlxalq investisiyaları cəlb edə və Azərbaycanı qlobal yaşıl iqtisadiyyatda lider mövqeyinə qaldıra bilər. Bundan əlavə, iqlim maliyyəsi təşəbbüslərinin uğurlu həyata keçirilməsi daimi inkişaf layihələrini dəstəkləyə, iqlim təsirlərinə qarşı qorunma mövqeyini gücləndirə və vətəndaşların ümumi həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Azərbaycan üçün COP29 ilə bağlı çağırışlar və imkanlar ölkənin geosiyasi, iqtisadi və ekoloji konteksti ilə sıx bağlıdır. Ermənistanla davam edən gərginlik və qalıq yanacaqlardan asılılıq əhəmiyyətli maneələr yaratsa da, konfrans iqlimlə bağlı əməkdaşlıq və diplomatiya vasitəsilə bu problemləri həll etmək üçün unikal platforma təklif edir.
Azərbaycan adekvat maliyyə öhdəliklərini təmin etməklə, iddialı yaşıl keçid planlarını həyata keçirməklə və regional əməkdaşlığı inkişaf etdirməklə iqlim fəaliyyətində lider rolunu möhkəmləndirə bilər. COP29-a uğurlu ev sahibliyi digər ölkələri onun yolu ilə getməyə ruhlandıra bilər ki, bu da iqlim məqsədlərində önəmli irəliləyişin razılaşdırılmış səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə əldə edilə biləcəyini nümayiş etdirir.
Nəticə
Bakı COP29-a ev sahibliyi etməyə hazırlaşarkən Azərbaycanın qlobal iqlim fəaliyyətindəki rolu diqqət mərkəzindədir. Ölkənin istixana qazı emissiyalarının azaldılması, bərpa olunan enerjiyə keçidi və beynəlxalq əməkdaşlığın təşviqi üzrə öhdəliyi onun dayanıqlı gələcəyə sadiqliyini önə çıxarır. Azərbaycanın qalıq yanacaqlardan tarixi asılılığı və onun iddialı yaşıl enerjiyə keçid təşəbbüsləri transformasiyanın və liderliyin güclü təsviri kimi xidmət edir.Azərbaycan COP29-a ev sahibliyi etməklə təkcə öz iqlim səylərini nümayiş etdirmir, həm də qlobal dialoq və əməkdaşlıq üçün platforma təqdim edir. İqlim maliyyəsi, şəffaflıq və həssas ölkələrə dəstək məslələrinə diqqət çəkilməsi iqlim dəyişikliyi ilə mübarizədə vahid yanaşmanın zəruriliyini vurğulayır. Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqləri aradan qaldırmaq səyləri və bərpa olunan enerji ilə bağlı fəal mövqeyi digər ölkələr üçün müsbət nümunədir.
Geosiyasi gərginlik və iqtisadi asılılıqların yaratdığı problemlərə baxmayaraq, Azərbaycanın dayanıqlı gələcəyə baxışı aydın olaraq qalır. COP29-a uğurla ev sahibliyi etmək dönüş nöqtəsi ola bilər ki, bu da önəmli iqlim fəaliyyətinin ortaq məqsədlər və kollektiv səylər nəticəsində mümkün olduğunu nümayiş etdirir. İqlim diplomatiyası və yaşıl enerji sahəsində liderlik etməklə Azərbaycan daha möhkəm və ədalətli dünyaya yol açır.
Dünya ictimaiyyəti Bakıda toplaşdıqca, qəbul edilən qərarlar və görülən tədbirlər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda əks-səda doğuracaq. COP29-un mirası təkcə əldə edilmiş razılaşmalarla deyil, həm də iqlim siyasətinə və beynəlxalq əməkdaşlığa göstərdiyi davamlı təsirlə ölçüləcək. Azərbaycanın bu kritik məqamda rəhbərliyi əzmkarlıq və əməkdaşlıqla dayanıqlı, eləcə də firavan gələcəyin əlçatan olduğunu xatırladır.
COP29-un uğuru ətraf mühit şüurunun və fəaliyyətin yeni dövrünün katalizatoru ola bilər və digər ölkələri də nümunə götürməyə təşviq edə bilər. Bu önəmli konfransda dövlətlərin kollektiv səyləri iqlimin tədqiqi elmində, siyasətdə əsaslı irəliləyişlərə səbəb ola bilər.
Nəhayət, COP29-un təsiri beynəlxalq həmrəyliyin gücünə, eləcə də əməkdaşlıq və ümumi baxış vasitəsilə maneələri dəf etmək qabiliyyətinə sübut olacaq. Azərbaycanın bu tarixi hadisədəki rolu hamı üçün davamlı gələcəyə nail olmaqda çoxtərəfliliyin vacibliyini vurğulayır. (Sfera.az)
Politoloq Ceyhun Osmanlı
Məqalənin linki: //moderndiplomacy.eu/2024/06/13/azerbaijan-and-cop29-pioneering-the-path-to-a-sustainable-future/
İstifadə olunmuş mənbələr:
[1] “Partner with Us at COP29,” The Economist; //events.economist.com/partner-with-us-at-cop29/?RefID=ad_google_mea-search&utm_source=ad&utm_medium=google&utm_campaign=mea-search&gad_source=1&gclid=Cj0KCQjwpZWzBhC0ARIsACvjWRPe-67V_hPIh98xaIc4gfY0uHOE6tXPiDm61FEVweEwTaQL3GUQLCEaAjwwEALw_wcB.
[2] Seth Borenstein, “Next UN climate talks are critical to plot aid for poorer nations, says incoming president,” QUARTZ, April 19, 2024; //qz.com/next-un-climate-talks-are-critical-to-plot-aid-for-poor-1851422926.
[3] Fiona Harvey, “Cop29 at a crossroads in Azerbaijan with focus on climate finance,” The Guardian, May 17, 2024; //www.theguardian.com/world/article/2024/may/17/cop29-at-a-crossroads-in-azerbaijan-with-focus-on-climate-finance.
[4] Shahmar Hajiyev, “Azerbaijan speeds up the green transition by hosting the COP29 UN Climate Change Conference,” NEWS.AZ, February 26, 2024; //news.az/news/azerbaijan-speeds-up-the-green-transition-by-hosting-the-cop29-un-climate-change-conference-analytics?fbclid=IwAR3O8E1N7-bW8G1HYpmH3IRTFSgKlgdgiWiZDAFsYVUJD2XFymi3HgRPVDg.
[5] Robert Andre Emmanuel, “COP29 President Designate speaks on supporting SIDS voices at climate summit,” Observer, May 29, 2024; //antiguaobserver.com/cop29-president-designate-speaks-on-supporting-sids-voices-at-climate-summit/.
[6] “Solar,” COP29; //cop29.az/en/pages/solar.
[7] “Hydro,” COP29; //cop29.az/en/pages/hydro.
[8] “Wind,” COP29; //cop29.az/en/pages/wind.
[9] “Hydro,” COP29; //cop29.az/en/pages/hydro.
[10] Shahmar Hajiyev, “Azerbaijan speeds up the green transition by hosting the COP29 UN Climate Change Conference.”
//aircenter.az/en/single/azerbaijan-speeds-up-the-green-transition-by-hosting-the-cop29-un-climate-change-conference-1393
[11] “Ilham Aliyev attended the International Forum “COP29 and Green Vision for Azerbaijan,” President.az, April 23, 2024; //president.az/en/articles/view/65580.
[12] Sultan Hajiyev, “COP29: Why Azerbaijan is seeking partnerships with countries with limited connections and partnerships,” The Standart; //www.standardmedia.co.ke/health-opinion/article/2001494648/cop29-why-azerbaijan-is-seeking-partnerships-with-countries-with-limited-connections-and-partnerships.
[13] Elgun Niftali, “Azerbaijan`s COP29 Presidency holds event as part of Bonn Climate Change Conference,” AZERTAC, June 6, 2024;
//azertag.az/en/xeber/azerbaijans_cop29_presidency_holds_event_as_part_of_bonn_climate_change_conference-3042938.
[14] “Ilham Aliyev attended the International Forum “COP29 and Green Vision for Azerbaijan.”
//president.az/en/articles/view/65580
[15] “Azerbaijan’s COP29 Focus on Peace and Climate Nexus Receives Praise at the UN Climate Conference,” COP29, June 5, 2024; //cop29.az/en/news/azerbaijans-cop29-focus-on-peace-and-climate-nexus-receives-praise-at-the-un-climate-conference.
Bizim.Media