Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Respublika Şurasının sədri Natalya Koçanova bu səfərin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə edib. O qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykənir.
Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirib, xalqlarımızın əlaqələrinin dərin tarixi köklərə malik olduğunu söyləyib.
Görüşdə Azərbaycan-Belarus münasibətlərinin bugünkü inkişafında dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd olunub.
Bildirilib ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb. Onlar ikitərəfli münasibətlərin inkişafı üçün fundamental əsaslar yaradıblar.
Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətini əhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinin əhəmiyyəti qeyd edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında əlaqələrin də bu təməllərə əsaslandığını qeyd edib.
Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub. S.Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini vurğulayıb.
Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı xatırlanıb, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qarşılıqlı səfərlər, dostluq qruplarının sıx təmasları, parlament komitələri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın yaradılması əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verə bilər.
Azərbaycan parlamentinin sədri, həmçinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğal altında olmuş ərazilərimizdə törədilən dağıntılar və hazırda orada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.
Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyət sahəsində əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır.
Görüşdə bu ilin noyabrında Bakıda keçiriləcək COP29 haqqında da danışılıb. Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclislə Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunacaq Parlament konfransında iştiraka dəvət edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:55 / 11.06.2024
Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub - FOTO
Hazırda oxunan: Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub - FOTO
196838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.