Baydendən seçki xatirinə “SÜLH PLAN”ı - Qəzzada hələ çox qanlar axacaq...

Hazırda oxunan: Baydendən seçki xatirinə “SÜLH PLAN”ı - Qəzzada hələ çox qanlar axacaq...

Baydendən seçki xatirinə “SÜLH PLAN”ı - Qəzzada hələ çox qanlar axacaq... HƏMAS-la İsrail arasında müharibə artıq 8 aydan çoxdur ki, davam edir. Bu vaxtadək ABŞ birmənalı şəkildə İsrailin yanında dayanıb.
196567

HƏMAS-la İsrail arasında müharibə artıq 8 aydan çoxdur ki, davam edir. Bu vaxtadək ABŞ birmənalı şəkildə İsrailin yanında dayanıb. Amma necə oldusa, mayın 31-də Co Bayden administrasiyası Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün plan təklif etdi. Əslində bu plan daha çox Qətər, Misir və digər region ölkələrinin diplomatik səylərinin nəticəsində ortaya çıxdı. 

Bu təşəbbüs ortaya atılandan sonra Ağ Ev bu barədə İsraillə müəyyən razılaşmalara getdi. Bu razılaşma əsasən əsirlərin mübadiləsinə və döyüşlərin müvəqqəti dayandırılması istiqamətində idi. Yəni müharibənin tam dayanmasından hələlik söhbət getmir.
 

MÖVZU İLƏ BAĞLI:

Con Varoli: “Tramp və Bayden prezident olmayacaq, onların yerinə...” – EKSKLÜZİV 


Bəs Co Baydenin sülh planı nələri özündə ehtiva edir?

Nəzərə alaq ki, Ağ Evdə hazırlanan plan üç mərhələdən ibarətdir. Birinci mərhələdə tam atəşkəs əldə olunacaq və İsrail ordusu Qəzzadan qoşunlarını çıxarmağa başlayacaq. Bu proses üçün 40 gün nəzərdə tutulur. HƏMAS isə öz növbəsində yüzlərlə fələstinli məhbusun qarşılığında qadınları, qocaları və yaralı israilli girovları azad edir, eyni zamanda ölən məhbusların cəsədlərini təhvil verir. 

Plana əsasən Qəzzaya humanitar yardımın həcmi indiki 250-350 TIR-dan gündə 600-ə qədər artacaq. Bu müddət ərzində İDF və HƏMAS-la döyüşləri dayandırmaq üçün danışıqlar aparılacaq. Bu məqsədlə atəşkəs altı həftədən çox müddətə uzadıla bilər.

İkinci mərhələdə HƏMAS bütün qalan israilli girovları, o cümlədən hərbçiləri azad edir. İsrail ordusu qoşunlarını Qəzzadan tamamilə çıxarır. Əgər HƏMAS öz öhdəliklərini yerinə yetirərsə, o zaman müvəqqəti atəşkəs İsrailin təklifində deyildiyi kimi, “döyüşlərin daimi dayandırılmasına” çevriləcək”.

Üçüncü mərhələdə Qəzzanın genişmiqyaslı yenidən qurulması başlayır, bütün israillilərin cəsədləri yaxınlarına təhvil verilir.

İsrail Baydenin planından narazıdır

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti sakitləşdirməyə çalışan ABŞ prezidenti bildirib ki, HƏMAS artıq İsraili təhdid etmir:

“Çünki HƏMAS qüvvələri tamamilə məğlub olub. İndiki məqamda HƏMAS artıq oktyabrın 7-dəki kimi hər hansı bir hücum təşkil etmək iqtidarında deyil”.

Bununla belə Ağ Evin böyük səylərinə baxmayaraq, İsrail hakimiyyəti sülh planını tam dəstəkləməyib.

Netanyahunun kabineti şənbə günü verdiyi bəyanatda açıq şəkildə bildirib ki, girovların mübadiləsini alqışlayır:

“Lakin "HƏMAS-ın hərbi və inzibati imkanlarının məhv edilməyənə qədər  döyüşləri dayandırmaq doğru olmaz”.

Maraqlıdır ki, İsrail hökumətinin məlum bəyanatında Baydenin planına toxunulmayıb. Bu da o anlama gəlir ki, Tel-Əviv və Vaşinqton arasında heç bir razılaşma yoxdur.

Bundan əlavə Benyamin Netanyahu döyüşləri dayandırmağı rədd edir:

“Prezident Baydenin sözlərinə baxmayaraq, birinci mərhələdə azad ediləcək girovların sayı hələ razılaşdırılmayıb. Razılaşmada bir çox açıq detallar var. Ona görə də biz bütün məqsədlərimizə çatana qədər müharibə bitməyəcək. Biz təslim olmayacağıq, mütləq qələbə çalacağıq”.

İsrail niyə sülh istəmir?

Baydenin sülh planından yayınma təkcə Netanyahunun HƏMAS-ı məhv etmək istəyi ilə bağlı deyil. Həm də hakim koalisiya daxilində ona qarşı təzyiqlərlə bağlıdır. Radikal fikirli Milli Təhlükəsizlik naziri Itamar Ben Gvir və Maliyyə Nazirliyinin rəhbəri Bezalel Smotriç baş nazirin Ağ Evin sülh layihəsinə yaşıl işıq yandıracağı təqdirdə hakim koalisiyadan çıxacaqları ilə hədələyiblər.

Bununla belə İsrail prezidenti İsaak Hersoq Netanyahuya HƏMAS ilə razılaşmanın həyata keçirilməsinə tam dəstək vəd edib. Hətta bu dəstək sülh razılaşmasından sonrakı müddətdə də davam edəcək. 

Baydenin planında açıq qalan suallar…

ABŞ prezidentinin sülh planında açıq qalan xeyli məsələ var. Məsələn onlardan biri  Qəzzada idarəçilik məsələsidir. HƏMAS ya məhv edilərsə, ya da hakimiyyətdən əl çəkərsə idarəçilik kimə keçəcək? İsrail yeni qüvvələri tanıyacaqmı?

Nəzərə alaq ki, iyunun 2-də dövlət katibi Antoni Blinken və müdafiə naziri Yoav Qalant telefon danışıqları zamanı Qəzzada HƏMAS strukturları əvəzinə alternativ administrasiyanın formalaşdırılması üçün şəraitin yaradılmasını müzakirə ediblər. 

Göründüyü kimi, rəsmi Təl-Əviv HƏMAS-ı birdəfəlik aradan qaldırmayınca müharibəni durdurmaq istəmir. Ona görə də Co Baydenin sülh planı heç bir perspektiv vəd eləmir. Çünki HƏMAS-ı sıradan çıxarmaq təkcə güc yolu ilə mümkün deyil. Üstəlik, güc üçün də uzun zaman lazımdır. Ona görə də İsrail hələlik dayanmaq fikrində deyil. Belə vəziyyətdə isə heç bir sülh planı effektiv ola bilməz. 

Təsadüfi deyil ki, həm israilli, həm də ABŞ ekspertləri Baydenin planının həyata keçmə şansının çox az olduğunu bildirirlər. Bu da o deməkdir ki, Ağ Ev administrasiyası ya sülh təşəbbüsünü tələsik, ya da çağırış xatirinə edib. 
Nəzərə alaq ki, ABŞ yeni prezident seçkilərinə hazırlaşır. Respublikaçılar Ağ Evin xarici siyasətini birmənalı olaraq qəbul etmirlər. Çünki onlar üçün prioritet ölkənin daxili problemləridir. Ona görə də Demokratlar zorla sülh təşəbbüsü ilə çıxış ediblər. Çünki demokratları bu münaqişədə bir qayda olaraq İsrailə hərbi və maddi yardım edib. 

Zaman daraldığı üçün demokratlar geri addım atır və daxili auditoriyada dəstək qazanmaq istəyirlər. Vəssalam! Yəni Qəzzada qırılan insanlar, dağılan şəhərlər demokratlar üçün az əhəmiyyət kəsb edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin