İran Polad Həşimovun ailəsinə “Qasım Süleymani” medalı verməklə hansı məqsədlər güdür? - TƏFƏRRÜATLAR

Hazırda oxunan: İran Polad Həşimovun ailəsinə “Qasım Süleymani” medalı verməklə hansı məqsədlər güdür? - TƏFƏRRÜATLAR

19504

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi şəhid general Polad Həşimovun ailəsini ziyarət edib. Bu barədə məlumatı İranın Azərbaycandakı səfiri özünün rəsmi “Tvitter” səhifəsində bildirib. Ziyarətdə səfirlə yanaşı İranın Azərbaycandakı hərbi attaşesi də iştirak edib. Polad Həşimovun ailəsi ilə görüş zamanı İran səfiri general Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edib.

İlk öncə onu qeyd edək ki, İranın Vətən müharbəsi dövründə Ermənistana silah daşınmasında yaxın iştirak etdiyi, müharibə günlərində Azərbaycan sərhəddində hərbi təlimlərə start verdiyi məlumdur.

Lakin Azərbaycan hər zaman İranla qonşuluq münasibətlərinə önəm verdiyini vurğulayıb. İstər müharibədən əvvəl, istərsə də müharibə günlərində Azərbaycana qarşı hər hansı ciddi dəstəyi ilə yadda qalmayan İran rəhbərliyinin birdənbirə bu cür ziyarət gerçəkləşdirməsi bəzi şübhələrə səbəb olur. 

İran səfirinin bu ziyarəti gerçəkləşdirməsi və xüsusilə də şəhid general Polad Həşimovun ailəsinə Qasım Süleymani medalını təqdim etməsi ilə nəyi hədəflədiyi isə maraq doğuran bir digər amildir.

Şübhələri daha da artıran əsas məqam İran səfirliyinin ziyarətinin ABŞ-ın Dövlət Katibi Antoni Blinkenin Azərbaycan prezidenti arasında telefon danışığı ilə eyni gündə baş verməsidir. Qeyd edək ki, ABŞ Dövlət Katibi gerçəkləşən telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb və enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığın önəminə diqqət çəkib. 

Telefon danışığından dərhal sonra İran səfirliyinin bu cür addım atması İran hakimiyyətinin nədənsə ciddi narahatlıq duyduğunun göstəricisidir.

Çünki son aylarda İran və ABŞ arasındakı münasibətlər heç də xoş məcrada irəliləmir. Bu səbəblə də, son dövrlərdə Azərbaycan və ABŞ arasındakı əlaqələrin inkişafı ilə bağlı addımların atılması İranı qorxutmağa yetəcək əsas amildir.

Şimal qonşusunun güclənməsindən qorxuya düşən İran birdənbirə hər iki ölkənin əslində “din qardaşı” olduğunu xatırlayıb. Bunun əyani sübutu olaraq da general Qasım Süleymaninin medalını şəhid general Polad Həşimovun ailəsinə təqdim etməyə qərar verib. 

İran Azərbaycan cəmiyyətində Qasım Süleymaniyə qarşı rəğbət olduğunu yaxşı başa düşür. Şəhid general Polad Həşimov isə Azərbaycan xalqının mübarizə simvoludur. İran general Qasım Süleymani ilə general Polad Həşimov arasında bağ yaratmaqla, hər iki generalın ortaq dəyərlər daşıdığını nümayiş etdirməyə çalışır. Əslində isə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan general Polad Həşimovla Bağdad yaxınlığında İranın gizli fəaliyyətlərini həyata keçirərkən həlak olan Qasım Süleymani arasında hər hansı yaxınlıqdan söhbət belə gedə bilməz.

İki fərqli mübarizəyə ortaq don geyindirməyə çalışan İranın bu addımı sadəcə siyasi xarakter daşıyır.

Bu baxımdan İran səfirliyinin məlum ziyarətindəki əsas hədəfinin məhz Azərbaycan cəmiyyəti olduğu aydındır. İran məhz Azərbaycan cəmiyyətinin emosional bağlarından istifadə etməklə ölkədəki dini qruplaşmaları aktivləşdirməyə, Azərbaycanda ABŞ-a və Qərbə qarşı mövqe formalaşdırmağa və İrana qarşı müsbət ictimai rəy yaratmağa çalışır. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin