İki OD ARASINDA – Paşinyan Rusiyaya, yoxsa Rusiyadan ÜZ ÇEVİRƏCƏK?

Hazırda oxunan: İki OD ARASINDA – Paşinyan Rusiyaya, yoxsa Rusiyadan ÜZ ÇEVİRƏCƏK?

191385

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avrasiya İqtisadi İttifaqı çərçivəsində keçirilən tədbir fonunda təkbətək görüş də baş tutub. Görüş bir saatdan bir qədər çox davam edib.

Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqlaşma fonunda iki ölkə liderlərinin görüşü maraqla gözlənilirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

VAXT BİTDİ! Ermənistan müxalifəti Paşinyanın impiçmentinə başlayır


Yayılan məlumatlara görə, görüş zamanı əsas müzakirə mövzusu regional təhlükəsizlik olub. Bundan əlavə, müzakirələr nəticəsində Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı razılıq əldə olunub.

Görəsən, Putin-Paşinyan görüşü Ermənistan-Rusiya münasibətlərini normallaşdırmaq üçün yetərli olacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, Putin Paşinyan görüşündə hər hansı gərginliyin olacağı öncədən də gözlənilmirdi: 

“Paşinyanın Rusiyaya səfəri və Putinlə görüşündən gözləntilər nə idisə o da baş verdi. Görüşdə hər hansı gərginliyin olacağı gözlənilmirdi. Çünki bütün deyilənlərə və Rusiya ilə Ermənistan arasında elə də isti olmayan münasibətlərə baxmayaraq, Paşinyan hakimiyyəti öz davranışlarında Rusiyanın qırmızı cizgilərini aşacaq addımlar atmayıb. 

Moskva üçün qırmızı cizgi Ermənistandakı hərbi bazasının Rusiya ilə Ermənistan arasında olan müqaviləyə uyğun olaraq 2044-cü ilə qədər orada qalması və burada Qərbin hərbi bazalarının yerləşdirilməməsindən ibarətdir”.

Həmsöhbətimizin fikrincə, görüşdə bu məsələnin növbəti dəfə Paşinyanın diqqətinə çatdırılıb:

“Ermənistan adlı dövlətin qurulması, ayaqda qalması və indiyə qədərki mövcudluğunun Rusiya tərəfindən təmin olunduğunun xatırladıldığı şübhəsizdir. Paşinyan da Rusiyanın qırmızı cizgilərinin nələrdən ibarət olduğunu yaxşı bilir. Məhz elə bu səbəbdən də rəsmi İrəvan müxtəlif səviyyəli bəyanatlar səsləndirsə də, hələ də rəsmi olaraq KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olmaqda davam edir.

Habelə Rusiyanın hərbi bazalarının Ermənistan ərazisindən çıxarılması ilə bağlı hər hansı müzakirə belə açmır. 

Əksinə Rusiyaya Qərbin sanksiyalarından yan keçməyə köməklik göstərməklə həm ona böyük ölçüdə köməklik edir, həm də özləri külli miqdarda maliyyə qazanır. 2 il ərzində Ermənistan-Rusiya arasında ticarət dövriyyəsinin həcminin 2.5 milyarddan 7,5 milyarda qalxması da bunun bariz sübutudur”. 

Politoloq qeyd edib ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Ermənistana 100 milyon dollar maliyyə yardımı edilməsi haqqında qərarın qəbulu da əslində Moskva ilə İrəvan arasında münasibətlərin təqdim olunduğu qədər gərgin olmadığını deməyə əsas verir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin