ABŞ Macarıstana niyə nifrət edir? – MARAQLI SƏBƏBLƏR

Hazırda oxunan: ABŞ Macarıstana niyə nifrət edir? – MARAQLI SƏBƏBLƏR

190728

Bu günlərdə amerikalı məşhur jurnalist Taker Karlson Macarıstanın baş naziri Viktor Orbanla müsahibəsi zamanı bildirib ki, Vaşinqton Macarıstana nifrət edir.

O fikrini belə əsaslandırıb ki, Macarıstanın xeyli dərəcədə "ağ" və hədsiz xristian ölkəsidir:

“Məncə, Vaşinqtonda sizə bu qədər nifrət etməyin səbəblərindən biri də Macarıstanın kütləvi miqrasiya məsələsində sərt mövqe tutmasıdır. Hazırda  Avropa ölkələri arasında miqrantlara “yox” deyən yeganə ölkə Macarıstandır”.

Nəzərə alaq ki, Karlson kifayət qədər məlumatlı adamdır. Ona görə də o ABŞ-ın Macarıstana nifrətini quru söz olaraq deməz. Tanınmış jurnalistin dediyində böyük həqiqət var.

Bəs, ABŞ Macarıstana niyə nifrət edir?

Bu nifrətin tək səbəbi Macarıstanın müstəqil siyasəti və qətiyyətidir. Məlum olduğu kimi, Avropa dövlətlərinin böyük əksəriyyəti ABŞ-ın təsiri altındadır. Vaşinqtondan gələn istənilən tapşırıq həmin ölkələrdə müzakirə olunmadan qəbul edilir. Amma bir çox hallarda Macarıstan ABŞ və Aİ-dən gələn bir sıra göstərişə “yox” deyib. Təkcə son bir ayın siyasi xronologiyasına diqqət etsək, bunu aydın şəkildə görə bilərik. 

Məsələn, ABŞ Aİ üzvü olan dövlətlərə göstəriş verib ki, bəzi ölklərdən, məsələn Ukraynadan, Moldavadan, Gürcüstandan və digər ölkələrdən gələn miqrantlara “qucaq açsın”. Lakin Macarıstan ilk gündən bu məsələyə qarşı çıxıb. Rəsmi Budapeşt fikrini də onunla sübut edib ki, miqrantlar təkcə sosial problem yaratmır, həm də ictimi-siyasi sabitliyi pozur. 

Macarıstanı digər bir səbəb də Vaşinqtonun “gözündən salan” Rusiyaya və türk dünyasına meyillənməsidir. Məlumdur ki, son 2 ildə Macarıstan Ukraynaya silah tədarükü üçün koridor verməyən iki ölkədən biridir. Bundan əlavə Macarıstan hökuməti hər zaman Rusiyaya qarşı məsələlərdə neytral mövqe nümayiş etdirib.

Məsələn, Macarıstanın xarici işlər naziri Peter Siyarto ötən həftə bildirib ki, Ukrayna müharibəsi üçün qoşun göndərmək Rusiya ilə konfliktə səbəb olacaq:

“Bu isə bölgədə Üçüncü Dünya Müharibəsi deməkdir. Kimsə bunu istəyirmi? Şəxsən mən istəmirəm. Bu müharibə bizim münaqişəmiz deyil. Çünki heç kim Avropa ərazisinə hücum etməyib. Bu müharibə 2 ölkə arasında gedir”. 

Macarıstan Aİ-dən daha çox TDT-yə maraq göstərir.

Məlum olduğu kimi Macarıstan Türk Dövlətləri təşkilatının tədbirlərində məşvərətçi səslə çıxış edir. Eyni zamanda, TDT üzvləri ilə iqtisadi, mədəni və siyasi əlaqələrin genişlənməsinə daha çox maraq göstərir. Bu da təbii ki, ABŞ-ı narahat etməyə bilməz. Çünki Vaşinqton çalışır ki, bütün dövlətlər onların təsir dairəsində olsun. Bununla da istənilən ölkəyə ixtiyari məsələni diqtə etmək mümkün olsun.

Lakin Macarıstanın indiki mövqeyi ABŞ-ın istəkləri ilə qətiyyən uyğunlaşmır. Üstəlik, Budapeşt bir çox hallarda Qərbin təkliflərinə qarşı çıxır. Məsələn, İsveçin NATO-ya üzvlük məsələsində Macarıstan xeyli inad etdi. Yaxud bu günlərdə Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım göstərilməsi layihəsinə veto qoyub.

Əslində bu yardım aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir. Ona görə də Macarıstanın yardıma veto qoyması Brüssel razılaşmasını yerlə bir edir. Təbii ki, bundan nə ABŞ, nə də ki, Aİ razı qala bilməz. Ona görə də hər iki cəbhə Macarıstana soyuq müharibə elan edib. 

Bununla belə Macarıstan yenə də öz yolundan dönmək fikrində deyil. Məsələn, Macarıstanın Baş naziri Viktor Orban şənbə günü xalq müraciətində bəyan edib ki, Avropa İttifaqının hazırkı rəhbərliyini hakimiyyətdən kənarlaşdırmaq lazımdır, əks halda, Macarıstan və bütün Aİ ölkələri bundan zərər görəcək:
“Biz Brüsseli nəzarətə götürməliyik, oradakı bürokratları kənarlaşdırmalı və işləri öz əlimizə almalıyıq. Bunları etməsək, onda Brüsseldəki liderlərin bacarıqsızlığı və gücsüzlüyü təkcə Avropaya deyil, həm də bizə – macarlara böyük zərər verəcək”.

Bu isə artıq Aİ-yə meydan oxumaqdır. 

Aİ-də təbii ki, ABŞ-ın sözdə tərəfdaşıdır.  Bundan əvvəlsə Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasınnı sədri Ursula fon der Lyayenin bəyanatına münasibət bildirərkən deyib ki, Macarıstan hökuməti Avropa İttifaqı Şurasının miqrasiya siyasətinə qarşı çıxır və təşkilatın yeni Miqrasiya Paktını dəstəkləməyəcək:

“Artıq birlik, təhlükəsiz sərhədlər yoxdur. Macarıstan heç vaxt kütləvi miqrasiya dəliliyinə boyun əyməyəcək! Miqrasiyanı dayandırmaq üçün Brüsseldə dəyişiklik lazımdır”.

Təsadüfi deyil ki, Avropa Komissiyasınnı sədri Ursula fon der Lyayen bu günlərdə bildirib ki, Macarıstan miqrasiya və anti-gender siyasətlərinə görə Aİ fondlarından pul almayacaq.

Viktor Orbansa Avropa İttifaqının rəhbərliyini siyasi şantajda ittiham edib və bildirib ki, bütün əsas layihələri iflasa uğratdığı üçün təşkilatın hazırkı rəhbərliyi istefaya getməlidir:

“Avropa Birliyinə yeni liderlər lazımdır. Brüssel qanunun aliliyi və şərtilikdən siyasi şantaj kimi istifadə edir”.

Göründüyü kimi ABŞ-ın Macarıstana “nifrət etməsi” üçün xeyli əsas var. Ona görə də Karlson nifrət məsələsini gündəmə gətirməyib. 

Sonda onu da qeyd edək ki, ABŞ təkcə Macarıstana yox, müstəqil və qətiyyətli siyasət yeridən bütün ölkələrə nifrət edir. Bunu da zaman-zaman görmək olar. ABŞ-ın nifrət etdiyi ölkələri dəqiqləşdirmək üçünsə “Tarixi-Nadiri” oxumaq lazım deyil, sadəcə dünyada gedən proseslərə bir qədər diqqət eləmək lazımdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin