Təxribat planının İFŞASI – Qazaxla sərhəddəki aksiyaları bu qüvvələr təşkil edir – SİYAHI 

Hazırda oxunan: Təxribat planının İFŞASI – Qazaxla sərhəddəki aksiyaları bu qüvvələr təşkil edir – SİYAHI 

189562

Ermənistanla Azərbaycan sülhə heç zaman olmadığı qədər yaxındır. Maraqlıdır ki, bu yaxınlıq məhz ikili müzakirələrdən və görüşlərdən sonra baş tutub. Yəni bu yaxınlaşma və 4 kəndin Azərbaycana qaytarılması prosesi üçüncü bir dövlətin, yəni vasitəçilərin iştirakı olmadan baş tutub. 

Bəlkə elə buna görədir ki, Ermənistanın Tavuş bölgəsində son günlər təxribatlar dayanmır. Bəzi qüvvələr yerli sakinləri açıq şəkildə iğtişaşa və vətəndaş qarşıdurmasına təşviq edir.
 

MÖVZU İLƏ BAĞLI:

Qızılhacılı sakinləri doğma kəndlərinin azad edilməsindən danışdılar - VİDEO


Bəs, hansı ölkələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir?

İran


Rəsmi Tehran istəyir ki, bu ölkələr arasında yenidən müharibə başlasın və sonda uduzan tərəf Azərbaycan olsun. Çünki İran qüdrətli Azərbaycandan çox qorxur. 

Səbəbsə bəllidir. İranın səfiri Mehdi Sobhani son günlər xeyli fəallaşıb. O Ermənistanda müxtəlif səviyyəli görüşlər keçirir. Maraqlıdır ki, bütün müzakirələrdə də mövzu Tavuşdur. Bu da o deməkdir ki, Ermənistanla Azərbaycan arasında ən xırda ünsiyyətin yaranması belə İranı qıcıqlandırır.

ABŞ

ABŞ təkcə Ermənistanda yox, bütövlükdə regionda gərginliyin olmasını istəyir. Çünki gərginlik olmayan, sabit həyat yaşayan ölkələr üçün ABŞ heç bir əhəmiyyət kəsb etmir. Amma münaqişəyə cəlb olunan bəzi ölkələr yanlışlıqla ABŞ-ın ədaləti bərqərar edəcəyini düşünür və onun təsir dairəsinə düşür. 

Əslində ABŞ-ın istəyi budur. Nəticədə, Vaşinqton əksər ölkələri münaqişələr vasitəsi ilə idarə edir. Ona görə də ABŞ təkcə Ermənistanla Azərbaycana görə yox, həm də İran və Rusiyaya görə bölgədə gərginliyin artmasına çalışır.

Fransa

Özünü ermənilərin sözdə “böyük bacı”sı elan edən fransızlar da bölgədə gərginliyin və münaqişənin olmasını istəyir. Bunun da bir çox səbəbləri var. Fransanın ən çox qorxduğu hal davamlı sülhdən sonra Ermənistanın Azərbaycanla Türkiyəyə yaxınlaşması ehtimalıdır. Bunu rəsmi Paris heç ehtimal kimi də qəbul etmək istəmir. 

Fransızların digər ehtiyat etdikləri məsələ erməni diasporunun etibarını itirməkdir. Çünki Fransanın siyasi elitası bir qayda olaraq erməni diasporunun maliyyə yardımı ilə bəslənir. Havayı qazancdan məhrum olmaq istəməyən Yelisey Sarayındakılar Ermənistanla Azərbaycan arasında mübahisə yox, müharibə istəyir. 

Avropa İttifaqı

Aİ-nin bəzi üzv dövlətləri bölgədə münaqişənin olmasında maraqlıdır. Bunun da əsas səbəbi odur ki, Aİ-nin min bir bəhanə ilə bölgəyə soxulmaq istəyir. Təsadüfi deyil ki, 2022-ci ildən Ermənistanda Aİ-nin mülki missiyası var. Həmin missiya Ermənistanla Azərbaycan arasındakı təmas nöqtələrindəki prosesləri “izləyir”. 

Amma nə təsadüfdürsə, həmin missiya baş verən təxribatlar barədə inadkarcasına susur. Bu da o deməkdir ki, Aİ-nin missiyası Ermənistana təmas xəttində müşahidə aparmaq üçün yox, başqa niyyətlə gəlib. Ona görə də həmin missiya erməni təxribatlarını görməzlikdən gəlir və susur.

Atəşkəsin pozulması başqa kimlərə sərf edir?

Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəməyən ölkələr sırasına Hindistan, Yunanıstan və digər ölkələr də daxildir. Həmin ölkələr Ermənistana yaxınlaşmaqla həm də əzəli rəqibləri olan bəzi dövlətlərin regionda söz sahibi olmasını istəmir.

Bir sözlə, Qərb ölkələri başda olmaqla heç bir dövlət 4 kəndin Azərbaycana geri verilməsini və demarkasiya prosesini sözdə alqışlasalar da, əməldə buna zərrə qədər də sevinmirlər. Hər vasitə ilə Tavuşda təxribat törətmək üçün min-bir plan qururlar.
Ona görə də Azərbaycan Ermənistanla tərəfsiz və birbaşa dialoq istəyir. Heç bir vasitəçini istəmir. Maraqlı qüvvələrsə Azərbaycanı bu qətiyyətindən döndərmək üçün müxtəlif yollardan, o cümlədən təxribatlardan istifadə edir. Guya ki, müharibə bitməyib və hər an yenidən alovlana bilər və s. Ona görə də Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə davamlı olaraq gərginlik müşahidə olunur.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin