Milli Məclis Avropa Parlamentinin qətnaməsinə ETİRAZ EDİB

Hazırda oxunan: Milli Məclis Avropa Parlamentinin qətnaməsinə ETİRAZ EDİB

188986

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib.

Bizim.Media  xəbər verir ki, bununla bağlı yayılan açıqlamada deyilir: 

“Milli Məclis aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.

Bu beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul etmişdir.

Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vuran, Azərbaycan Respublikasının nüfuzuna xələl gətirməyə yönələn bir addımdır.

Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin son dövrdə daha da gücləndiyini nümayiş etdirir. Digər tərəfdən, sözügedən qətnamənin Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərən deputatlarının təhriki ilə hazırlanıb müzakirəyə çıxarılması erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin Avropa Parlamentinə təsirinin miqyası haqqında təsəvvür yaradır.

Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir.

Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar.

Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Azərbaycan Respublikası Konstitusiyasının üçdə bir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunmuşdur. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri-obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir. Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana böhtan atmaqdan çəkinməyən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə doğma yurdlarından qovularaq, etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün insan ləyaqətinin tapdalanması barədə həmişə susmağa üstünlük vermişdir.

Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları ilə məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyildir.

Məlum olduğu kimi, bu cür məsələlər məhkəmənin səlahiyyətinə daxildir və kiminsə azad edilməsi, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə baxışının nəticəsindən asılıdır. İnsanların cəmiyyətdəki mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.
Qeyd edilməlidir ki, ölkəmizə qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna yeni bir zərbə vurur. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahəsində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır. Eyni zamanda, Azərbaycan parlamenti bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin