Sülhməramlılar GORUSDA – Kreml İrəvanı cəzalandırmaq planını AKTİVLƏŞDİRİR?

Hazırda oxunan: Sülhməramlılar GORUSDA – Kreml İrəvanı cəzalandırmaq planını AKTİVLƏŞDİRİR?

188585

"Qarabağdan çıxarılan Rusiya sülhməramlıları Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə istiqamətləndirilirlər".

"İnterfax"ın məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O, əlavə edib ki, burada onlar həmin məntəqələrin bağlanması üzrə prosedurların təşkilində iştirak edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağdan çıxan sülhməramlılar BU SƏBƏBDƏN Ermənistana GEDİBLƏR


"Qarabağı tərk edən sülhməramlıların Ermənistan ərazisində qalması da mümkün deyil" - A. Qriqoryan belə deyib.

Son zamanlar Kreml-İrəvan münasibətlərinin gərginləşməsi fonunda rus hərbçilərinin Ermənistana getməsi isə xeyli suallar yaradır. Doğrudur, rəsmi İrəvan bu məsələdə problemin olmadığını qeyd edib. Lakin erməni mətbuatında bu məsələyə xüsusi diqqətlə yanaşılmasının vacibliyini qeyd edən yazılar da dərc olunur.

Maraqlıdır, Rusiya Ermənistanla bağlı yeni planı aktivləşdirir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, bu sadəcə olaraq müəyyən prosedur qaydalarına uyğun həyata keçirilən məsələdir və Rusiyanın Ermənistan ərazisində hansısa yeni planı kimi qiymətləndirilməməlidir: 

“Rusiyanın Gümrüdə hərbi bazası var. Qarabağdan çıxan Rusiya sülhməramlılarının Gorus-Sisiyan yolunda görünməsinin birinci səbəbi odur ki, Moskva qoşunların yerdəyişmə və rotasiya prosesini Ermənistan ərazisində həyata keçirir. Çünki Gümrüdə Moskvanın hərbi bazası olduğuna görə, Qarabağdan çıxarılan rus sülhməramlıları və onlara aid silah və texnikaların Ermənistan ərazisində lokasiya edilməsi və oradan da Rusiyaya aparılması nəzərdə tutulur. 

Eyni zamanda, ola bilsin müəyyən bəlli sayda qüvvələrin yerdəyişməsi də olsun. Qarabağdan çıxarılan müəyyən hərbçilər Gümrüdəki rus hərbi bazasında yerləşdirilsin. Əvəzində oradakı daha hazırlıqlı hərbçilər Ukrayna cəbhəsinə göndərilsin. 

Hər halda sözügedən qüvvələrin Gorusda görünməsi Rusiyanın Ermənistan ərazisində hansısa yeni bir planı kimi dəyərləndirilməməlidir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da rus sülhməramlılarının Gorusda olmasını xüsusi fövqəladə vəziyyət kimi qiymətləndirmədi. Bu, sadəcə olaraq müəyyən prosedur qaydalarına uyğun həyata keçirilən bir məsələdir”. 

Həmsöhbətimiz qeyd edir ki, böyük ehtimalla məsələ ilə bağlı, Moskva öncədən İrəvanı da məlumatlandırıb:

“Ona qədər isə erməni mətbuatı və siyasi rəhbərliyində rus sülhməramlılarının Ermənistan ərazisində görünməsilə bağlı qızğın müzakirələr gedib. Yəqin ki, Ermənistan hakimiyyətinin müəyyən izahedici açıqlamalarından sonra sözügedən qüvvələrin Gorusda görünməsi barədə əlavə yozumlar da olmayacaq. Bu hərəkət sadəcə olaraq müvəqqəti xarakter daşıyır və adi rotasiya qaydasına uyğun olaraq müvəqqəti şəkildə Ermənistan ərazisində görünə bilərlər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin