Prezident Şirvan suvarma kanalının təməlini qoydu - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Şirvan suvarma kanalının təməlini qoydu - FOTO/VİDEO

187393

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.

Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub.

Bildirilib ki, Agentliyin sifarişi ilə Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.
 






























Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin